|
|
|
|

“Bu gün əmək bazarı sürətlə dəyişir və yeni texnologiyalar bir çox peşələrə olan tələbatı yenidən formalaşdırır. Rəqəmsallaşma, süni intellekt, yaşıl iqtisadiyyat və texnoloji inkişaf yeni peşələr yaradır, bəzi ənənəvi peşələrin isə aktuallığını azaldır. Gələcəkdə daha çox tələbat görəcək sahələr sırasında informasiya texnologiyaları, proqramlaşdırma, süni intellekt, kibertəhlükəsizlik, data analitikası, mühəndislik istiqamətləri, enerji, logistika, səhiyyə, xüsusi təhsil, məktəbəqədər təhsil və peşə təhsili ilə bağlı ixtisaslar xüsusi yer tutur. Bu sahələrdə həm ölkə daxilində, həm də beynəlxalq əmək bazarında ciddi kadr ehtiyacı hiss olunur”.
Bunu təhsil eksperti Əmrah Həsənli 525.az-a deyib. Onun sözlərinə görə, bəzi ixtisaslar üzrə isə artıq əmək bazarında müəyyən doymalar müşahidə olunur.
“Bu, həmin ixtisasların perspektivsiz olduğu anlamına gəlmir. Sadəcə, bəzi idarəetmə, hüquq, iqtisadiyyat və ümumi biznes istiqamətlərində rəqabət daha yüksəkdir. Çünki əmək bazarı artıq təkcə diplom deyil, konkret bacarıq, xarici dil bilikləri, rəqəmsal kompetensiyalar və praktik təcrübə tələb edir”.
Sevinc Qarayeva



