İyunun 21-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan peşəkar vokal məktəbinin banisi, görkəmli müğənni, SSRİ Xalq artisti Bülbülün anadan olmasının 125 illiyinə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, muzeyin direktor müavini Təranə Qurbanova Bülbülün Azərbaycan mədəniyyəti tarixindəki müstəsna xidmətlərindən danışıb: "Biz unudulmaz sənət ustası Bülbülün anadan olmasının 125 illiyini böyük qürur hissi ilə keçiririk. Çünki onun doğulduğu doğma Şuşamız artıq azaddır. Biz buna görə Ali Baş Komandan, Prezident İlham Əliyevə, rəşadətli Ordumuza minnətdarıq və Vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhu qarşısında baş əyirik".
Muzeyin şöbə müdiri Xanım Abdinova Azərbaycan vokal sənətinin zirvəsi olan Bülbülün həyatı və parlaq yaradıcılıq yolu, Azərbaycan musiqi mədəniyyətinin inkişafı, tədqiqi və təbliği yolunda əvəzolunmaz xidmətlərindən söz açıb. Bildirib ki, Azərbaycan musiqi tarixində Bülbül kimi özünəməxsus ifa tərzi, yaradıcılıq yolu olan sənət ustaları çox nadir tapılır. O vokal məktəbində əfsanədir", - deyə şöbə müdiri vurğulayıb.
Sonra Əməkdar artist, vokal ifaçısı Ramil Qasımov Bülbül yaradıcılığı haqqında danışıb və görkəmli ifaçının həyatından olan xoş məqamlarla bağlı təəssüratlarını bölüşərək, öz fərqli ifalarını səsləndirib.
Qeyd edək ki, tədbirin bədii hissəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri, Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər İlahə Əfəndiyeva, Ələkbər Əliyev, Roza Səlimova və Ceyran İsayevanın ifalarında konsert proqramı təqdim olunub. Tədbirdə Bülbülün ifaları olan videoyazılar və muzeyin zəngin arxiv materialları əsasında hazırlanmış sənədli videoçarxlar nümayiş olunub.
İyunun 22-də Xalq artisti Bülbülün 125 illiyi münasibətlə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "Şuşanın görkəmli şəxsiyyətləri. Bülbül" adlı virtual sərgi açılıb.
Kitabxanadan bildirilib ki, virtual sərgidə rəsmi sənəd, fotolar, Xalq artisti Bülbül haqqında yazılan kitab və məqalələr nümayiş olunur.
Bülbül professional musiqi sənətinin inkişafı tarixində bütöv bir mərhələ, geniş diapazonlu fəaliyyətə malik böyük şəxsiyyət olub. O, xalq xanəndəliyindən opera müğənnisi, vokal sənəti müəllimi və alimədək geniş yaradıcılıq yolu keçib, dünya vokal sənəti təcrübəsində əvəzi olmayan fenomendir. Spesifik Şərq məktəbindən Avropa vokal məktəbinə keçmiş ilk vokalçı, Azərbaycan milli muğam oxuma sənətinin ən yaxşı üsullarını rus və Avropa vokal məktəbi ilə birləşdirərək Azərbaycanda yeni oxuma məktəbi yaratmış, Zaqafqaziya, Orta Asiya, Yaxın və Orta Şərq ölkələri xalqlarının oxuma sənətinə səmərəli təsir göstərib.
Bülbül vokal sahəsində musiqi tədrisi və elmi-tədqiqat prosesinin zirvəsinə yüksəlmiş ilk azərbaycanlı professordur. Azərbaycan vokal sənəti böyük realizm aləminə daxil olmasında, rus və Avropa vokal sənətinin nailiyyətləri əsasında inkişaf edərək və təkmilləşərək məzmunca dövrün ruhuna uyğun zənginləşməsində Bülbülün yaradıcılıq irsinə borcludur.
O, Azərbaycanda ilk dəfə olaraq folklor nümunələrinin toplanılması və öyrənilməsi üzrə elmi-tədqiqat kabineti təşkil etmiş, təcrübəli xalq yaradıcılığı bilicilərini, gənc və istedadlı bəstəkarları və musiqiçiləri klassik xalq melodiyaları irsinin öyrənilməsi və onunla daimi ünsiyyətin təmin olunması məqsədilə buraya cəlb etmişdir. Məhz bunun nəticəsində bir çox Azərbaycan muğamları Azərbaycan və dünya musiqi sənətinin korifeylərindən Q.Qarayevin, F.Əmirovun, Niyazinin, R.Hacıyevin, S.Hacıbəyovun, S.Rüstəmovun, C.Cahangirovun, C.Hacıyevin, T.Quliyevin və bir çox başqalarının opera, balet, simfonik, kamera, instrumental və vokal əsərlərində, mahnı və romanslarında öz parlaq ifadəsini tapıb.
Azərbaycan folklorunun tədqiqi üzrə bir sıra sanballı elmi işlər Bülbülün qələminə məxsusdur, o, Azərbaycanda nəşr olunmuş ilk dünya klassikası və Azərbaycan xalq mahnıları toplularının redaktoru və tərtibatçısıdır.