|
|
|
|

İyunun 24-də Rusiya Federasiyanın xarici işlər naziri Serqey Lavrovun Azərbaycana səfəri çərçivəsində iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.
Saziş informasiya təhlükəsizliyi sahəsində mövcud olan təhdidlərin qarşısının effektiv şəkildə alınması məqsədilə Azərbaycan və Rusiya beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə imzalanıb.
Sazişdə informasiya təhlükəsizliyinin təmin olunmasına əsas təhdidlər sırasında aşağıdakı hallar daxil edilir:
- dövlətlərin suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünün pozulmasına yönəlmiş aktlar;
- mühüm informasiya infrastrukturu obyektlərinə kompüter hücumları;
- terrorçuluğun təbliğatı və terror məqsədləri;
- dövlətin daxili işlərinə qarışmaq və ictimai qaydanın pozulması;
- millətlərarası, irqlərarası və konfessiyalararası ədavətin qızışdırılması, separatçılığın və ekstremizmin, nifrət və diskriminasiya yaradan, zorakılığa və qeyri-sabitliyə təhrik edən irqi və ksenofobiya fikirlərin təbliğ olunması;
- vətəndaşların həyatına və təhlükəsizliyinə təhdid yaradan və ya ağır nəticələrə səbəb olan hallar haqqında bilərəkdən yalan məlumatın etibarlı mesajlar adı altında açıq şəkildə yayılması və digər hallar.
Tərəflərin bu Sazişə əsasən:
- təhlükəsizlik və sabitliyin qorunub saxlanılması;
- suverenliyə, ərazi bütövlüyünə, dövlət sərhədlərinin təhlükəsizliyinə və toxunulmazlığına qarşılıqlı hörmət;
- mübahisə və münaqişələrin sülh yolu ilə tənzimlənməsi, güc və güclə təhdid tətbiq etməmə, daxili işlərə qarışmama, insan hüquq və əsas azadlıqlarına hörmət;
- həmçinin ikitərəfli əməkdaşlıq və dövlətlərin informasiya resurslarına müdaxilə olunmama prinsipləri də daxil olmaqla, beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına uyğun fəaliyyətin təmin edilməsi.
Rusiya və Azərbaycan arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq Sazişi bərabərhüquqlu, beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanan, başlıca təhdidlərə qarşı, o cümlədən dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə, separatçılıq və ekstremizmin təbliğ edilməsinə, vətəndaşların həyatına və təhlükəsizliyinə təhdid yaradan və s. hallarda informasiya kommunikasiya texnologiyalarından istifadə edilməsi ilə mübarizəni nəzərdə tutan, informasiya-kommunikasiya texnologiyalarındansülh, sabitlik və inkişafın təmin edilməsi məqsədi ilə istifadə məqsədini güdən əməkdaşlıq çərçivəsidir.



