Həkimlik sənətdir, şairlik vergi. Və təsadüfi deyil ki, həkimlər bədəni, yazarlar-şairlər isə ruhu, qəlbi müayinə edir deyirlər. Tarixdə həkimlikdən ədəbi mühitə yönəlib şöhrət qazanan tanınmış qələm adamlarına tez-tez rast gəlmişik. Dünya ədəbiyyatından Fransua Rable, Anton Çexov, Stanislav Lem, Mixail Bulqakov, Konan Doyl, Arçibald Kronunu, Azərbaycan ədəbiyyatından Nəriman Nərimanovu nümunə göstərmək olar.
Bir-birinə elmi cəhətdən zidd olan iki sahəni birləşdirən ortaq nöqtə insan həyatıdır, onun taleyinə müdaxilədir. Onlar cismini dərmanla, ruhunu sözlə müalicə edirlər.
Bu mövzuya toxunmağımın səbəbi onlarla şeir kitabının, bir çox tərcümələrin müəllifi olan dəyərli həkim-şair Afaq Şıxlıdır. Onun şeirlərinə bəstələnmiş mahnılar tanınmış müğənnilərin repertuarını bəzəyib. Bu gün Afaq Şıxlının doğum gününə təbrik əvəzi özünün son şeiri ilə xitab edirəm. İllər sizə bir ömrə imza atdığınız yüzlərlə misra, o misralardakı hissi-həyəcanı qazandırdı. Ömür də bir qazancdır. Qazandığınız ömürdə bizə bir Afaq Şıxlı imzası bəxş etdiyiniz üçün sağ olun!
Xatırla!
Afaq Şıxlı
Xatırla yaşını şəklinə baxıb,
Bir də eynəyini gözünə taxıb,
Əlində bir yanıq yeri görəndə,
Saçındakı dəni biri görəndə,
Tapsan barmağında bıçaq kəsiyi,
Unutsan evdəki əyər-əksiyi...
İnsan nə dönəsi, nə qaçasıdır -
Qocalıq da ömrün bir parçasıdır.
Gizlə keçən günə göz yaşlarını,
İstər səni satan qırışlarını...
Hər nə olur olsun, ürəyindəki
Olğun duyğuları gizlətmə təki.
Dinləmə həyatı boş sananları,
Yaxşı-pis, unutma yaşananları!
03.06.2022
Tünzalə Vəliqızı