Rusiyalı jurnalist Vladimir Solovyovu xüsusi təqdim etməyə ehtiyac yoxdur. Azərbaycan cəmiyyəti onu kifayət qədər yaxşı tanıyır. Ermənipərəst mövqeyi, Azərbaycana bəslədiyi kin və nifrəti, ümumiyyətlə, hadisələrə qərəzli yanaşması bu adamı jurnalist olmaqdan çoxdan çıxarıb. Solovyov hər zaman ölkəmizə və xalqımıza qarşı qərəzli mövqe sərgiləyib, nifrət püskürüb. 44 günlük Vətən müharibəsi zamanı onun açıq şəkildə işğalçı Ermənistanın tərəfində olması, Azərbaycanı günahkar görməsi, haqq işimizə qarşı çıxmasını da yaxşı xatırlayırıq. Bir neçə gün əvvəl isə bu adam ölkəmizə münasibətdə növbəti dəfə təxribat törətdi. Belə ki, o, David Babayan adlı ermənini qondarma “Artsax”ın (Qarabağ) “xarici işlər naziri” kimi özünün “Tam əlaqə” verilişinin efirinə çıxarıb. Separatçı Babyanın dili ilə “Artsax” Azərbaycanın tərkibində olmayacaq, ermənilər minilliklər boyu burada yaşayıb, Qarabağ həmişə erməni torpağı olub” kimi ifadələrə yer verib.
Əslində, Solovyov sönmüş odun közü ilə oynayır. Odu alovlandıra bilməyəcəyinin, boş yerə “çaba” göstərdiyinin fərqindədir. Çünki Azərbaycan bu gün təkcə hərbi müstəvidə deyil, həm də diplomatiyada, xarici siyasətdə qalibdir. Təkcə regionda söz sahibi yox, eyni zamanda beynəlxalq aləmdə böyük nüfuza malikdir. Postmünaqişə dövründə yalnız Azərbaycan-Ermənistan münasibətləri, regionun gündəliyi də rəsmi Bakının mövqeyi əsasında formalaşır. Brüsseldə Avropa İttifaqının sədri Şarl Mişelin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən son görüşün nəticələri bunu bir daha sübuta yetirdi. Artıq Qarabağ, onun statusu və s. nağıllar barədə danışılmır. Azərbaycanın rəsmi şəkildə bəyan etdiyi kimi, münaqişə bitib və Bakı sülh müqaviləsindən, Ermənistanla münasibətlərin normallaşmasından danışır. Solovyov kimilər isə hələ də təxribatla, ara qızışdırmaqla məşğuldurlar.
Xatırlatmaq yerinə düşər ki, bir müddət əvvəl “RİA Novosti”də də oxşar addımı atmışdı. Rusiyanın rəsmi KİV-i Qarabağdakı separatçılardan biri Artak Beqlaryanın müsahibəsini yayımlamışdı. Agentlik Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alaraq, Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazini "Dağlıq Qarabağ Respublikası", Artak Beqlaryanı isə "dövlət naziri" kimi təqdim etmişdi. Bunun ardınca “RİA Novosti” ölkəmizdə bloklandı.
Nəhayət, ötən həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanda səfərdə olarkən bu məsələlər müzakirə edildi. Lavrov Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirdi ki, Rusiya və Azərbaycan informasiya təhlükəsizliyi sahəsində saziş imzalayıb: "Bu gün bizim informasiya təhlükəsizliyi sahəsində imzaladığımız saziş təkcə KİV-in fəaliyyətini deyil, həm də kiberməkanı hərbi məqsədlərlə istifadə etmək cəhdləri ilə bağlı problemləri də əhatə edir. Bu məsələlər artıq uzun müddətdir ki, BMT-də müzakirə olunur. Rusiya bu müzakirələrin təşəbbüsçüsü olub. KİV-ə gəldikdə isə biz başa düşürük ki, bu və ya digər qərar hansı səbəblərdən qəbul olunur. Biz, ilk növbədə, aparıcı KİV rəhbərləri ilə tədbirlər silsiləsi keçirəcək və müvafiq qanunlara əsaslanaraq bir-birimizin ərazilərində bu və ya digər hadisələri necə işıqlandırdığımız barədə müzakirələr aparacağıq. Razılıq əldə olunub ki, bu cür iş XİN informasiya xidmətlərinin himayəsi altında aparılsın".
Ceyhun Bayramov isə əlavə edib ki, son aylarda bir sıra problemli məsələlər olub. Azərbaycanın bir neçə media resursu Rusiyada bağlanıb, bu ayın əvvəlində "RİA Novosti" dövlət informasiya agentliyi Azərbaycanda bloklanıb.
O deyib ki, əsas vurğu tərəflərin bu cür halların qarşısını almağa stimullaşdıracaq mexanizmlərin hazırlamasına yönəlib. Sazişin mürəkkəbi qurumamış isə Solovyov onu pozub. Onun mövqeyi həm də Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurmağa yönəlib. Ermənilərin əsirinə çevrilmiş Solovyov bir gün sonra sonradan David Babayanı efirə çıxardığı üçün üzr istəyib: “Sözün yalnız bir tərəfə verilməsi mənim səhvim idi. Bu, mənim səhvimdir, üzr istəyirəm və Azərbaycan tərəfini efirə verməyə hazıram”.
Amma necə deyərlər, üzürü günahından betər. Birincisi, separatçı tərəf deyil, ikincisi Azərbaycandan kimsə Babayanla efirə çıxmayacaqdı.
Nəhayət, Solovyov öz “yolunda” yəqin ki, davam edəcək. Amma solovyovlar, simonyanlar başa düşürlər ki, artıq çirkin təbliğat maşınları özlərinin əleyhinə işləyir. Azərbaycan öz həqiqətlərini dünyada demək üçün indi kifayət qədər güc sahibidir. Ölkəmizə beynəlxalq KİV-lərin marağı da günü-gündən artmaqdadır.
PƏRVANƏ