
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Loğman Rəşid oğlu Əliyevin fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş "Əli İldırımoğlu yaradıcılığında milli-mənəvi özünüdərk problemi" mövzusunda dissertasiya işinin müdafiəsi keçirilib.
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsində hazırlanan iş filologiya elmləri doktoru Rəhim Nadir oğlu Əliyevin elmi rəhbərliyi ilə yerinə yetirilib.
İşin rəsmi opponentləri filologiya elmləri doktorları, dosentlər Elnarə Akimova, Abuzər Bağırov, filologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Bayramovdur.
Müdafiəni Dissertasiya şurasının sədri, akademik İsa Həbibbəyli açaraq müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, nasir, publisist Əli İldırımoğlunun bədii yaradıcılığında milli-mənəvi özünüdərk probleminin tədqiqini çağdaş Azərbaycan ədəbiyyatşünaslığı və filoloji fikrinin aktual mövzularından biri olduğunu bildirib. Əlavə edib ki, müdafiə edilən dissertasiya "Milli-mənəvi özünüdərk probleminin ədəbi mahiyyəti və Əli İldırımoğlu yaradıcılığı", "Əli İldırımoğlu nəsrində həyat həqiqətlərinin bədii və poetik struktur səviyyələri" və "Əli İldırımoğlu nəsrində konseptual məsələlərin həlli yolları" adlı üç fəsildən ibarətdir.



