1 noyabr tarixində Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Xətai Sənət Mərkəzində “8 noyabr Zəfər Günü”nə həsr olunmuş “Kiçik Ürəklərdə Zəfər Rəngləri” adlı uşaq və yeniyetmələrin rəsm və əl işlərinin sərgisi baş tutub.
525.az xəbər verir ki, sərginin təşkilində əsas məqsəd 7-17 yaş arası uşaq və yeniyetmələrdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərə milli həmrəylik və qəhrəmanlıq dolu ülvi hisslərin aşılanması, Vətənimizin suverenliyi uğrunda Azərbaycan əsgərinin döyüş rəşadəti və şəhidlərimizin xatirəsini əbədiləşdirmək, milli-mənəvi dəyərlərimizi təbliğ etməklə Qarabağın zəngin tarix və mədəniyyət abidələrini uşaq və yeniyetmələrə tanıtdırmaq, istedadlı uşaqları üzə çıxarmaq, eləcə də yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdir.
Sərgidə əbədi əzəli Azərbaycan torpaqlarını, Şuşa, Xudafərin körpüsü, zəfərimizin nişanəsi olan üç rəngli bayrağımızı, xarıbülbülü, qəhrəman əsgərlərimizi özündə əks etdirən 80 dən çox rəsmlər və əl işləri nümayiş olunub.
Sərgi çərçivəsində 201, 144 saylı tam orta məktəb, 43, 49 saylı lisey, 3 və 5 nömrəli Uşaq – Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Gəncliyə Yardım Fondu, İncəsənət Gimnaziyası uşaqlarının rəsmləri və Zəngi liseyi 4a sinif şagirdlərinin əl işləri təqdim edilib.