|
|
|
|
Elm və Təhsil Nazirliyi tərəfindən keçirilmiş “EdTech” startap müsabiqəsinin qalib komandaları layihə ideyalarını məhsula çevirmək məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə müraciət edib “Startap” şəhadətnaməsini əldə ediblər.
Bu barədə 525.az-a Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən məlumat verilib.
Bildirilib ki, rəqəmsal təhsil sahəsində mövcud problemlərə innovativ həll yollarının araşdırılmasına xidmət edən layihə ideyalarının həyata keçirilməsi istiqamətində komandalara ilkin dəstək verilib.
Qalib komandalar layihə ideyalarının təhsil sahəsində mövcud çağırışların həllinə uyğunlaşdırmaq və məhsula çevirmək imkanlarını araşdırıblar. Bununla yanaşı, yaradılacaq xidmət barədə əlaqədar qurum və şöbələrin rəhbərlərinə geniş məlumat verərək detallı müzakirələr aparıb və lazımi tövsiyələri alıblar.
Xatırladaq ki, təhsilalanların innovativ təşəbbüslərinin aşkarlanması və dəstəklənməsi məqsədilə Elm və Təhsil Nazirliyi tərəfindən 2021-ci ilin noyabr-dekabr aylarında tələbələr arasında “EdTech” startap müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsi tələbələr tərəfindən təhsil sahəsində mövcud çağırışlar üzrə innovativ həll yollarının araşdırılması məqsədi daşıyırdı. Üçüncü yerin qalibi ADA Universitetini təmsil edən “Find Your İnstructor” komandası təhsilalanların istədikləri mövzularda müəllimləri tapa bilməsi mövzusunda, Fransa Azərbaycan Universitetini (UFAZ) təmsil edən “Planophore” komandası olimpiadalara hazırlıq üzrə şagird və tələbələrin biliklərini sınaya biləcəyi onlayn platformanın yaradılması mövzusunda, 1-ci yerin qalibi isə Bakı Ali Neft Məktəbini təmsil edən “AzPlagio” komandası Azərbaycan dilində plagiat aşkarlama platformasının yaradılması mövzusunda layihə fikirləri üzrə qalib seçiliblər.
Sevinc Qarayeva