|
|
|
|
Dövlət İmtahan Mərkəzi (DİM) və otk.az portalı yeni layihəyə başlayıb. Orta məktəb şagirdlərinin biliyinin qiymətləndirilməsi üçün fənlər üzrə sınaq imtahanı sual kitabçaları dərc olunub.
Bu barədə 525.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, kitabçalar ilkin mərhələdə 5, 6, 7 və 8-ci sinif şagirdləri üçün hazırlanıb. Hər sinif üzrə 4 sınaq kitabçasının nəşr olunması nəzərdə tutulur. Hər sual kitabçası tədris ilinin ¼ hissəsini əhatə edir.
Kitabçada hər bir fənn üzrə 10 test tapşırığı (5-ci sinif 5 fənn, 6-cı sinif 10 fənn, 7 və 8-ci siniflər 11 fənn) verilib.
Sual kitabçası daxilində rahat ayrılaraq istifadə oluna biləcək unikal iş nömrəsi və QR kod ilə təchiz olunmuş “Cavab kartı” yerləşdirilib.
Cavab kartındakı QR kod vasitəsilə şagirdlər otk.az portalına keçid edərək əlavə ödənişsiz daha bir onlayn sınaq imtahanı da verə biləcəklər.
Cavab kartındakı QR kod vasitəsilə otk.az portalına keçərək və ya https://otk.az/?menu=sualkitabchalari ünvanına daxil olaraq test tapşırıqlarının cavablarını müvafiq xanalara daxil etməklə nəticəni (toplanılan balı) öyrənmək mümkündür.
Bu kitabça vasitəsilə:
- Müəllimlər keçilən mövzular üzrə şagirdlərin biliyini operativ yoxlaya bilərlər;
- Valideynlər ev şəraitində sınaq imtahanı keçirməklə övladlarının hazırlıq səviyyələrini müəyyənləşdirə bilərlər .
- Şagirdlər mövzular və fənlər üzrə biliyini yoxlaya, həmçinin ev şəraitində onlayn sınaq imtahanından da yararlana bilərlər.
Sevinc Qarayeva