Avropa İttifaqı (Aİ) ölkələrinin Rusiyadan dəniz yolu ilə daşınan neftin idxalına qadağa qoyulması və bir barrelə 60 dollarlıq yuxarı qiymət həddinin tətbiqi ilə bağlı qərarı bu gündən qüvvəyə minib.
525.az xəbər verir ki, Aİ ölkələrinin iyun ayında qəbul etdiyi və Rusiyadan dəniz yolu ilə daşınan neftin idxalına qadağanın da daxil olduğu 6-cı sanksiya paketi bu gün qüvvəyə minib. Polşa, Litva və Estoniyanın Avropa işləri üzrə nazirləri Rusiyadan dəniz yolu ilə daşınan neftin bir barelinə 60 dollardan yuxarı qiymətin tətbiqi qərarını təsdiq ediblər.
Aİ-nin Rusiyadan neft idxalının üçdə ikisi dəniz, üçdə biri isə boru kəməri vasitəsilə həyata keçirilib. Müharibədən əvvəl Aİ istehlak etdiyi neftin təxminən 25 faizini Rusiyadan idxal edirdi. Sanksiya ilə Aİ-nin Rusiyadan neft idxalının 90 faizi dayandırılıb.
Rusiya neftinə tətbiq edilən qiymət həddinin 60 dollar olması ilə yanaşı, yeni qiymət məhdudlaşdırıcı mexanizm də haqqında da müzakirələr aparılır. Bu mexanizm Rusiya neftinin qiymət həddinin dünya bazarındakı qiymətlərdən 5 faiz aşağı saxlanılmasını təmin edəcək. Həmçinin Rusiya neftinə tətbiq edilən yüksək hədd hər 2 aydan bir yenidən qiymətləndiriləcək.
Qeyd edək ki, Rusiya dünya neft hasilatının təxminən 10 faizini istehsal edir.
Fərid Sançar