Özbəkistanın Urgənc Dövlət Universitetinin professoru Dilşad Qayıbov Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin professor-müəllim heyəti, gənc tədqiqatçıları və tələbələri üçün “Xarəzm təzkirələri” mövzusunda mühazirə deyib.
Bu barədə 525.az-a BDU-nun mətbuat xidmətindən məlumat verilib.
Mühazirədə biblioqrafik fəaliyyətin inkişafında yeni mərhələ kimi qiymətləndirilən təzkirə janrının meydana gəlməsi, formalaşması və inkişafından bəhs olunub. Bildirilib ki, təzkirələr biblioqrafik informasiyanın əsas daşıyıcılarından biri kimi orta əsrlərdən başlayaraq böyük bir tarixi yol keçib.
Professor D.Qayıbov klassik irsin toplanması, ayrı-ayrı şəxslər haqqında müxtəlif xarakterli məlumatların sistemli, ardıcıl şəkildə qorunub saxlanılması, təbliği və gələcək nəsillərə ötürülməsi baxımından təzkirələrin biblioqrafik informasiya daşıyıcısı kimi əhəmiyyətini qeyd edib. Bildirib ki, dünya təzkirəçiliyində Xarəzm təzkirələri önəmli yer tutur. Əks etdirdikləri məlumatların dolğunluğu, əhatəliliyi, müəyyən mövzularla bağlı ilkin və etibarlı mənbə funksiyası daşımağı ilə Xarəzm təzkirələri bu gün də elmi əhəmiyyətini saxlayır. Türk tarixinin, türk dünyasının ədəbi-mədəni mühitinin tədqiqi baxımından mühüm qaynaqlardan birinin məhz təzkirələr olduğunu vurğulayan alim Xarəzmdə təzkirəçilik ənənələri, Xarəzm təzkirə məktəbinin nümayəndələri barədə iştirakçılara geniş məlumat verib.
Sevinc Qarayeva