|
|
|
|
Daha bir diləyə üzüm gəlmədi...
... daha bir diləyə üzüm gəlmədi;
sordu: “İstəyin nə?”, dedim: “Varlığın!”,
hər kəs öz işini görə bilərdi –
nəyi pisimiş ki, “Çoxallahlığın?”.
Mənim dualarım nəzirlər kimi,
çox yerə paylansa pis olardı ki?
bütlər də olardı nazirlər kimi –
arxasız, dayaqsız kim qalardı ki?
Daha bir diləyə ürək etmədim,
buludlar aranı tuturdu hərdən,
həm də çoxusuna hələ yetmədim;
dil tapa bilmirəm mələkləriynən.
Nəyi pisimiş ki “Çoxallahlığın?”
qulaq çox olardı insan ahına!
hər kəsin, hər işin, hər dolaşığın
dərdi deyilərdi öz Allahına.
Olsun ki, üstümə hücum çəkəcək,
“kafir” bağıracaq din adamları,
Amma ki, Tanrımız əfv eləyəcək –
Tanıyır imanın yandıranları!
İmkan tapacaqmı bir qulaq asa
Qapısın döydüyüm qudurğan, harın,
Bu qədər “Allahlıq edən” vardısa
Nəyi pisimiş ki, “Çoxallahlığın...”!
22.04.2014
09:50
Çiçəyə məktub...
... arabir özümə gəlir heyifim,
ömür keçib-gedir sərgərdan, səfil,
düzünü axtarsan, çiçəyim, kefim
pis deyil, sən deyən yaxşı da deyil.
Töyşüyə-töyşüyə çəkib yükümü
özüm öz içimdə qurtdalanıram,
dostluğa inanan çobanlar kimi
quzunun xəbərin qurddan alıram.
Əslində indi də arzularım var;
amma keçmişlərin odunu vermir,
təqaüd, yardımlar, xırda-xuruşlar
gözəl qonorarın dadını vermir.
Əslində indi də yazıram hərdən,
misra var – sabaha biletim olur,
nədən söz açsam da, məhəbbətimnən
yazılan çox zaman “şah beytim” olur.
Get-gedə daralır kitabın yeri,
səsini çıxardan dərsdən qovulur,
Füzuli demişkən, haqqın şairi
sevib-aldananda “yalançı olur”.
Kimimiz narazı, kimimiz incik,
sevgidə vurulan qalxıb-dikəlmir,
mən bilən burdakı ayrıseçkilik
daha Göydəkinin xoşuna gəlmir.
Özüm öz içimdə qurtdalanıram,
çalışıb-vuruşur qəhrəman qələm,
çomağı əlimdən yerə qoymuram;
baxma, o qədər də əfəl deyiləm...
18.06.2014
02:30
Yuxumu alanın yuxusu daşdı...
Ona bax, necə də daş kimi yatıb!
yuxumu alanın yuxusu daşdı,
kəkliklər didəndə bayatı dadıb –
yalçın qayaların qoxusu daşdı.
Sürməli – gözünü yaşdan qorusun,
zülfün günəbaxan quşdan qorusun,
başlılar başını daşdan qorusun;
başıdaşlıların qorxusu daşdı!
Əhsən, ocaq daşı! – əyri də, düz də
cumub – qurşağadək oturdu közdə,
gül də atan olar, çiçək də, söz də;
mənə atılanın çoxusu daşdı!
Daşın da bəxtində o tay – bu tay var,
duydunmu sınında – daşda haray var!
“Kəhraba saray” var, “Altun saray” var –
amma hamısının yaxası daşdı.
Tez ol, tikilməyə başdan, evimiz,
dayan yüz illərlə – yaşdan evimiz!
Şuşada uçsa da daşdan evimiz,
qalxacaq, bünövrə soyxası daşdı!
Daş-qaşın özü də daşdan törənər,
həyatı öyrənən – daşdan öyrənər,
ömür, Vahid ƏZİZ, daşa dirənər;
çünki, torpağın da arxası daşdı...
16.06.2014
07:05
Özümü tapa bilmirəm...
... atları çapın dördnala,
qaçmışam – çatıb gətirin,
qoymayın səhərə qala,
axşamnan tapıb gətirin,
Ayrılıq bir gedər-gəlməz,
hələm-hələm gedən – gəlməz!
Yamanla dünya düzəlməz,
yaxşımnan tutub gətirin.
Yaramadım bu ürəkdən!
Nə fərqim var kəpənəkdən?
İşığımı ya şimşəkdən,
ya şamnan tutub gətirin.
Köynəyi yıprandı sazın,
yolu qapandı Arazın,
yaxşı dostlar dağılmasın
başımnan-tutub gətirin!
Laylan hanı, gözəl anam,
doğdun ki, bu cür talanam!?
O zamannan bədgümanam
Qonşumnan – tutub gətirin!
dövran məni niyə sıxır?
insaf etsin, Allah baxır!
dərd o qədər; adım çıxır
huşumnan – tutub gətirin,
Uçursan, çata bilmirəm,
yuxum ol, yata bilmirəm,
özümü tapa bilmirəm;
yaxamnan tutub gətirin...
07.05.2014
06:40
Mən...
Dedilər: “Yazıqsan, oda düşərsən!”,
səsimi ucaltdım söz vaxtımda mən,
yurda göz yetirib, vaxtı düşünsən –
dünyanın xoşbaxtı, bədbaxtı da mən.
Tutulub Cənnətin xan buğdasıynan
Adəm eşq yaşadı qabırğasıynan,
millət oynadıqca Əlifbasıynan –
yadlaşdım öz doğma paytaxtımda mən.
hər kəs bu cahana bir cür variddi,
bir ağrım ağlatdı, biri kiritdi,
tüstüm kor elədi, istim əritdi –
küllüyə atıldım köz vaxtımda mən.
Dadıb bağ-bağçanın kal meyvəsini
Atardı başına nənəm səsini;
Hələ də qanmıram fəlsəfəsini,
Deyərdi: “Dul qaldım qız vaxtımda mən”.
Yerinə nə üçün yetmir gileyim,
O qədər müşkülmü ərz elədiyim?!
Bilərdim qədrini öyüd verənin,
İndi yaşasaydım yaz vaxtımda mən.
Arzum, Vahid ƏZİZ, çatsın hər kəsə;
Adımı ucaltdın heykəldəndisə,
Bir də ki, Əzrayıl dalımca gəlsə –
Xəcalət çəkməyim az vaxtımda mən...
06.06.2014
17:45
İstəmədim...
Könlütox gəzərəm əyin-başımnan;
“astar” bəsim oldu, “üz” istəmədim.
qorxdum ki, doğmalar bezər yaşımnan –
Tanrıdan “Yüz əlli”, “Yüz” istəmədim.
Arzum ürəyimdə, həyam üzümdə.
yara qaysağıdır külüm – gözümdə,
olsun ki, əyridir iki gözüm də;
özgə cür görməyə göz istəmədim.
Yaman dadlı imiş həyat nədisə!
hər gün bir möcüzə, hər an hadisə,
əzablar önündə bükülmədisə –
zirvəyə qalxmağa diz istəmədim.
Pisimə güc gəldi düşmən alayı,
misimi çürütdü özgə qalayı,
dünyadan “beş arşın bezdən” savayı
heç nəyi, şahidsiz siz – istəmədim!
Alsın Vətən mənnən – nə alacaqsa
“olacaq” sanacam – nə olacaqsa,
mənnən, Vahid ƏZİZ, nə qalacaqsa –
bəsimdi, qondarma iz istəmədim...
16.06.2014
00:05
Bahar gələndə...
... qorxurdum cəsarəti yetməyə sözün;
lalələr alovtək yamacı oyub,
dağlar elə bil ki, dartılan gözün
qapağı üstünə qırmızı qoyub.
güllər sıralanıb tutur yerini,
ürəklər isidir gələn soraqlar,
ara qarışanda itirdiyini
hər kəsin özünə qaytarır bahar,
oyadıb yaşadar arzuları da,
hardansa güc alar itən ümidlər,
bahara sevinən baş daşları da
Günəşə boylanıb dua etdilər.
qarının sonuncu nəvəsi mənəm –
ağlı kəsməyəni məndən soruşar,
payız yuxusuna “puç” deyən nənəm
baharda axarlı suynan danışar,
həyata boylanıb eşq həvəsində
arzular selində aşıb-daşaram,
yaşım çoxalsa da, bahar gələndə
ömrün payızınnan uzaqlaşaram...
02.04.2014
02:25
Zarafatyana
Etmərəm bilsəm ki, xətrinə dəyər,
lətifə danışım – get zarafatnan,
həddini keçəndə dostluğu əyər,
aram sərin olub şit zarafatnan.
Qulağı hər səsə itin şeşədi,
tulada buyrulmaq qan vərdişidi,
zarafat eləmək quyruq işidi –
gördünmü hürəndə it zarafatnan?
İsmətli zarafat bakirə qızdı,
ağzına sahib ol beyin ki, qızdı!
“Diploma” nə var ki, yağlı kağızdı;
alim də olunar küt zarafatnan!
hərdən bilməmişəm kim olub döyən,
üstümə qıcanıb haqqımı yeyən,
o qədər müştəbeh, özünnən deyən
axırda qovulub lüt zarafatnan.
Səndən gör nələri yayıbdı elə,
yadı yaxın qoyma evə bir belə!
namərdin etdiyi günahı belə
bacarsan üstünnən et zarafatnan.
Odumu söndürsən, qor et Sən məni,
zirvəmnən endirsən qar et Sən məni,
Tanrım, nə zamansa kar etsən məni,
sağır da eləsən et zarafatnan!
haçansa bu gidi, bu canıyanmış
deyəcək: “Bir Vahid ƏZİZ də varmış!”
Lap qoca dünyadan məzəynən yapış.
oğulsan torpaqda yat zarafatnan...
05.06.2014
11:05
Vallah, Vahid ƏZİZ çətin işimiş...
Neynim ki, dövranın gələm xoşuna,
ya da ki, biryolluq yan durub, gedəm?
hərdən əl atıram haqqın daşına,
vurub bu dünyanı sındırıb gedəm.
Suallar əl çəkmir, əhli-halam ki,
neynim – “kim nə çaldı?” qaravulam ki?
gərək ucalmaqçün arsız olam ki,
hər düşük havaya sındırıb gedəm?!
Küt elə kütdürsə, daha “kütlə” nə?
Yaxşı qorunacaq pis kilidlə nə?!
Qəlbim yol vermədi eşqin qətlinə,
gülüm, imanımı yandırıb gedəm!
Vaxtdan “yoxum” qaldı, aldı “varımı”,
bu, qanlar baisi qəsdən sarımı?!
Dünyadan köçəndə öz mağarımı
gərək dünya boyda gen qurub gedəm!
Kaş ki; çin olaydı nə yozmuşamsa,
mən düşəm özgəyə nə qazmışamsa,
hərdən istəyirəm nə yazmışamsa –
yandırıb külünü sovurub gedəm!
Tanrım, neynəyim ki, arzular gülə,
kim qıydı başıma dünya dar gələ?
Yanına yol gedən bir qatar gələ
kimsəyə demədən oturub gedəm.
Cəllad başım boyda qızıl istəmiş,
zəkam kasad oldu, elədim gümüş!
Vallah, Vahid ƏZİZ, çətin işimiş
şərdən-şəbətədən qorunub gedəm...
05.06.2014
08:20
Yaşıdlarım...
... xanım deyiləm ki, yaşı gizləyəm:
çiçəklə yaşıdam, yarpaqla yaşıd,
gülməyin, desəm ki, – “bayquş kimiyəm” –
bu dağla yaşıdam, o dağla yaşıd,
şagirdlər içində çəkilər adım,
Dədəmiz Qorqudla bir addımladım,
yol çəkir, körpülər salır övladım –
olsam da körpəcə uşaqla yaşıd,
qopub sarayımın xeyli kərpici,
başımda qoz qırıb vaxtın çəkici,
qaçqın əmlakıyam, didərgin köçü,
ocaqla yaşıdam, çıraqla yaşıd,
qərq olub əsrlər aparan gəmi,
dünya tarixinə saldım xəttimi,
xırdalar ucaltdım dikdaban kimi,
kotanla yaşıdam, çarıqla yaşıd,
atmışam – əllərim Günəşə çatıb,
ayağım altında zirvələr yatıb,
düşmənlər saldıqca millət ucaldıb –
Vətənlə yaşıdam, bayraqla yaşıd,
bir “Cəngi” çalınsın, olaq səfərbər,
cahillər vaxtını keçirər hədər,
dünyadan köçəndə yaşım bilinər –
qarışıb olaram torpaqla yaşıd...
08.05.2014
06:20
İnanmıram
(içimdəki nəğmələrdən)
Yazırsan ki: “Dərdimnən ölürsən” –
inanmıram,
təzə şəkillərində hönkürüb gözlərini
silirsən – inanmıram,
Axıdıb sellərini, tökürsən dillərini,
hey ... üzünə-dizinə çırpırsan əllərini,
yadıma salıb hər an acı əməllərini,
bilirsən – inanmıram,
İnandım hər sözünə, alışdım hər közünə,
verdiyin əzabların dözmüşəm hər üzünə,
duysam da dəli olub sənin özün-özünə
gülürsən – inanmıram,
Axşamlar erkən düşür, isti mənnən gen düşür,
həyətdən səsin gəlir, eyvana kölgən düşür,
bezib yalanlarınnan həsrət məni üşüdür,
gəlirsən – inanmıram...
03.04.2014
21:15
Qəbrimi örtəndə üstü düz olsun...
Çiçəyim, sən məni haçansa atsan,
gör, canım zarıncı neçə il yatar?!
Ən çılğın kamanın telini tutsan
barmaqlar altında bəmə zil yatar,
Ağlatsan haçansa – ağlat ürəksiz,
sənsiz bir sarayam damsız, dirəksiz,
görsən söndürüblər sanma gərəksiz –
bu dəli ocaqda odlu kül yatar.
Borc nəymiş! – ilk dəfə kim aldı kimnən?
Kimlərin nələri getdi əlinnən?
Zindan da özünü unudar hərdən –
içində gah bayquş, gah bülbül yatar,
Fərq etməz – yaş yarı, ya da yüz olsun,
torpaqlıq olmaqçün gərək uz olsun,
qəbrimi örtəndə üstü düz olsun –
elə bilərlər ki, bir qozbel yatar,
Havası belə ki, dərd kimi yıxmaz?!
taleyi gətirən haraya çıxmaz?!
Namərd badalağı mərd kimi yıxmaz –
üz-üzə aşanda yerə bel yatar.
Bəm-bəyaz ipəkmiş yazın köynəyi,
təlaşlı bir öpüş nazın köynəyi,
baxtavar başına, sazın köynəyi-
köksündə bilməzsən neçə tel yatar.
Baxma qocalmışam, ruhum dənizdir,
mənə dalğa-dalğa sahili gəzdir,
sənə möhtac olan Vahid ƏZİZdir –
içində sərgərdan bir səfil yatar...
28.102013
08:20
Gərəyi oldum ki...
Məqsədi nəyimiş – anladım indi,
nə üçün becərib, bitirib məni,
bu dünya heç mənə gərək deyildi;
gərəyi oldum ki, gətirib məni.
Oynadıb; hər dəfə bir hava çalıb,
gah dostu olmuşam, gah dava salıb,
inciyib – tufana-alova salıb,
əfv edib çiyninə götürüb məni.
Köhnəydi – yaratdı duyub dəyişəm,
zirvələr dolaşam, köksünü eşəm,
nərdivan bəxş edib; qalxıb-enmişəm,
hərdən ulduzlara yetirib məni.
Bir səmum yeli var, adı – “Əcəldi”,
gülüb qaş-göz edir: “zamanı gəldi”,
dünyaya sayımız artıqmı gəldi,
yoxsa ki, özümə çox görüb məni.
Bilirəm, alacaq verdiyi canı,
həyat –tale dərsi, bəxt imtahanı,
vüsal sarayıyam, hicran zindanı;
dünya özü bilmir – nə hörüb məni...
12.04.2014
11:30
Yada düşür...
Yaz gəlir, lalələrin
istisi yada düşür.
Dəlidağ güllərinin
bəstəsi yada düşür.
Haqq deyə öz sözünü,
tökə düşmən gözünü,
çatın palıd közünü –
tüstüsü yada düşür.
Yolda yağış saxlayır,
can yanır, baş ağrıyır,
böyrəklər daş bağlayır –
“İstisu” yada düşür.
Məni ora qaytarın,
şeh düşsün narın-narın,
durna telli qızların
dəstəsi yada düşür.
Çağırın tez oyanım,
doğan Günə boylanım,
öyüd verən babamın
hər sözü yada düşür.
Eh... gözəl cavanlığım,
eşq odunda yandığım!
Dərədən boylandığım
Göyüzü yada düşür...
11.05.2014
21:50
Gülü hanı o yerlərin...
Gülü hanı o yerlərin,
hansı torda yaz qarıdı?
Davaya gedən ərlərin
yaşıdları “qız qarıdı”.
Özgəyə boyun əymədi –;
düymə – yar açan düymədi,
dizim daşına dəymədi,
bulaqda yarpız qarıdı.
Əlim gözlərini silib,
qəlbim dərdlərini bilib,
neçəsi şəkilnən ölüb,
neçəsi yalqız qarıdı!
Daşan yağdı, yanan baldı;
sevən könül kardı, laldı,
cavan gedən cavan qaldı,
yazdığı kağız qarıdı.
Baş daşında dilək gördüm,
havalanmış külək gördüm,
məzarlıqda mələk gördüm,
dedilər: “Şəhid yarıdı”.
Qızlar sevmək həvəsində,
məktəb gözəl töhfəsində,
şəkli “Şəhid lövhəsində”;
oğlanlar şagird qarıdı...
22.03.2012
02:05
Kimnən soruşum...
Ya dağılıb, ya da itib –
Yerini kimnən soruşum?
Bu yol salan niyə edib
Əyrini – kimnən soruşum?
Bu dünya bir qərəvəlli –
aşırıbdı çox heykəli,
ölənlərin yeri bəlli,
dirini kimnən soruşum?
Bu həyət niyə dadsızdı?
Alim niyə savadsızdı?
Bir sualım cavabsızdı,
birini kimnən soruşum?
Yarımcan oldu Qarabağ,
vaxt verdiyi Qərara bax!
O, Savalan, bu – Dəlidağ...
sirrini kimnən soruşum?!
həsrət çəkib hönkürürəm,
cığırlardan yol hörürəm,
dayazı özüm görürəm,
dərini kimnən soruşum?
Üfüqlərdə od qalandı,
qaranlığa nur calandı,
xırda sorğum cavablandı:
irini kimnən soruşum...
07.05.2014
07:10
Qadın çantasına bənzəyir Bakı...
... hər yerinnən duran “şairəm” deyir,
İnsanın üzündə həya gərəkdir!
M.Müşfiq
İşıqlar səsləyir yolnan gedəni,
qaranlıq baxmağa Aya saxladır,
qışda İlham pərim dindirmir məni,
qəlbində olanı yaya saxladır.
Pərim də soyuqdan bezardı bəlkə,
mənimki “mövsümü azardı” bəlkə?
Dünyanın yarısı yazardı bəlkə –
yaxşı ki, çoxunu həya saxladır!
Yer üzü o vaxtdan azarlı imiş,
sevinclər biçarə, dərd – varlı imiş!
Amma oğrular da abırlı imiş;
bilirmiş – çəpəri paya saxladır.
Zəkalar yenilməz zəfərlər çalır,
məğrur çiyinlərdə Vətən ucalır,
aqillər puluynan şəhərlər salır,
axmaqlar – şabaşlıq toya saxladır.
Didərgin köçləri düşüb yollara,
batar xəyanətdən pozulan sıra,
nəsillər kimləri yazacaq ora –
“Qızıl dəftərini” saya saxladır.
Pərvanə ömrüdür işıqlarınkı,
indiyə nə var ki, dərd sabahınkı!
Qadın çantasına bənzəyir Bakı –
içində hər cürə boya saxladır...
01.06.2014
02:40