İnsan fotolarda həmişə gələcəyə baxır, fotolara baxanlarsa həmişə keçmişi seyr edir. Hətta həmin foto bir neçə an əvvəl çəkilibsə belə! Onda qalmış köhnə illərin şəkilləri ola.
Arxada qalmış illərin fotolarında daim o sual da var ki, bu uşaq, bu yeniyetmə, bu gənc yaşa dolub kim olacaq, hansı yollardan keçəcək, gözlərini kameraya zillədiyi bu anlarda onunla olan hansı keyfiyyətlər vaxt ötdükcə onunla birgə böyüyəcək?
Bugündən baxaraq dünəni görmək nə asan, dünəndən sabahı görmək nə çətin!
Ancaq yaşanmış ömürlərin anlatdığı bir həqiqət də budur ki, sən demə, gələcək əksər sualların cavabları elə dünənin içindədir.
Köhnə el bayatısı "Gündə bir kərpic düşür, Ömrümün sarayından", - deyir.
Bu, həqiqətən, belədir. Yaşaya-yaşaya ömrün elə bir həddinə gəlib yetişirsən ki, artıq möhlətin daraldığını hiss edirsən. Hər yeni gün daha gənclikdəki sayaq sonsuzmuş qədər görünən gələcəyə aparmır. Anlayırsan ki, hər bitən gün çoxu gedib azı qalmış ömürdən qopan bir parça kimidir və zaman qatarı səni qaçılmaz sona doğru aparır. Ancaq hər ömürdə bunun əksi də olur axı. Yolun o başında hələ ömür sarayı kərpic-kərpic hörülür, üst-üstə qalaqlanan təməl kərpiclərinin hər biri, o vaxt dərk etməsən də, illər sonra anlayırsan ki, sənin özünün də, ömür sarayının da necə olacağının əsasıymış, mayasıymış.
Əslində, alın yazısı deyilən elə həm də budur. Uşaqlığında, yeniyetməliyində, hətta bəzən sən dünyaya gələnəcən mənsub olduğun şəcərənin, ailənin həyatında baş verənlər sanki sonra sənin ömrünü, taleyini yönəldir, vaxt ötdükcə dünən cizgi kimi olanlar qabarıqlığı ilə, böyük ölçülərdə üzə çıxır.
Bir dəfə məhrəm söhbətimiz əsnasında, hələ sovetin cabəca yerində, sərhədlərin qapalı olduğu zamanlarda 1945-1946-cı illərdə Cənubi Azərbaycandakı Milli Hökumətimizin qurucuları və fəallarından olmuş unudulmaz şairimiz Balaş Azəroğlu (1921-2011) bəxtdən, qəzavü qədərdən gileylənirmiş kimi dedi: "Dünyanın əcaib işləri var. Mən Azərbaycandan Azərbaycana gəlmişəm. Məntiqlə ən pis halda gərək köçkün adlanaydım. Amma Güney Azərbaycan İranın, Azərbaycan Respublikası Sovet İttifaqının tərkibində olduğundan, ayrı bir ölkədən başqa bir dövlətə üz tutduğuma görə mən qaçqın sayılıram. Adımızı rəsmən "siyasi pənahəndə" yazsalar da, elə qaçqınıq ki, varıq".
Heydər Əliyevin ömür sarayının ilk kərpicləri düzüləndə, səmalarda onun nəsibinin necə olacağının nəqşəsi tutulanda özü hələ heç dünyaya gəlməmişdi. Onun qismətinə dünyaya qaçqın ailəsində təvəllüd tapmaq, irsən qaçqın kimi doğulmaq yazılıbmış. Məhz qaçqın! Baxmayaraq ki, ata-anasının doğulduğu, böyüdüyü yurdlar da Azərbaycanınkı idi, onların həyatlarını xilas etməkçün ümid yeri sayaraq sığındıqları Naxçıvan da Azərbaycan idi. Ancaq Zəngəzuru Azərbaycandan qoparıb vermişdilər Ermənistana və dədə-baba yurdu çevrilib olmuşdu rəsmən özgə yer. Öz ellərindən öz ellərinə köç etmişdilər, ancaq bu didərginliyin adı məcburi köçkünlük yox, elə qaçqınlıq idi.
İlahi Qələm Sahibindən savayı, kim təsəvvür edə bilərdi ki, 70 il keçəcək, dünya məhvərindən çıxıbmış kimi ağlasığmaz dərəcədə dəyişəcək və həyata qaçqın ailəsində gəlmiş bir insana XX əsrin bitəcəyində sayı bir milyona çatan qaçqın və məcburi köçkünün iztirablarını öz dərdi kimi yaşamaq, bu düyünü açmaq yolunda gecə-gündüz çalışmaq ali vəzifəyə dönəcək.
(Qismətinə qaçqınlıq nisgili düşmüş Vüqar Baxşəliyev 2023-ün yanvar günlərində mənə göndərdiyi məktubunda əvvəlcə öz əsil-nəsəbindən söz açır, zəngəzurlu olduğunu, təxminən əmioğlu-əmiqızının izdivacından dünyaya gəldiyini xəbər verir: "Ata tərəfim Comərdin nəslindən - Şahgəldi bəydən, ana tərəfim Alagöz Məhəmmədin törəmələrindən - dəyirmançı Adıgözəl kişinin nəslindəndir. Yəni bizim kənd iki qardaşın törəməsi - Comərd bəylə Alagöz Məhəmməd bəyin budaqlarıyıq. Babalarımızın dediyinə görə, onların da atası Alı kişi Güney Azərbaycanda Urmu gölü ətrafındakı Qaradağlar xanlığındandır. Rəhmətlik Həsən Əliyevin (1907-1993 - R.H.) dediyinə görə, Alı bəy oğlanlarını o zaman Səmərqənddə həm dini, həm hərbi təhsil almağa göndəribmiş. Nadir şah xanədanı dağılandan sonra Qarabağ xanı bunların sorağını alınca öz yanına dəvət edir. Bunlar da gəlib ilk öncə Hindarxıda məskən salmışlar, sonra da xanın yanında Şuşada dövlət qulluğunda olmuşlar. Zəngəzura gəlmələrinin səbəbi isə xanla aralarında yaranan hüsumətdən irəli gəlmişdir. Bunu atam Əli kişi belə nəql edərdi. Atam 1910-da anadan olmuş, 1997-də burada, Bakıda Badamdar qəbiristanlığında dəfn edilib, anam da 1920 təvəllüdlü idi, 1992-də rəhmətə getdi".
Yəni tarix həm yaxın, həm uzaqdır. Heydər Əliyevin uluları, ata-babaları haqqında gerçəkləri yaddaşında daşıyan ağsaqqallar hələ bizimlədirlər və onlar varsa, dünənin həniri daha yaxından duyulur.
Vüqar Baxşəliyev bunları da xəbər verir ki, atası, babası Heydər Əliyevin ata-anasını, həm ata, həm ana tərəfdən nənələrini, babalarını öz gözləri ilə görüblər, onlarla oturub-durublar, söhbətləşiblər: "Mənim ana babam Adıgözəl kişi həm Alırza kişinin (Adətən biz Əlirza yazırıq. Amma məncə, Vüqar Baxşəliyevin - köhnə comərdlinin səsləndirməsi daha doğrudur. Çünki Comərdlidə "Əli" adı elə "Alı" kimi deyilib - R.H.) birinci nikahdakı zövcəsi Narıngülün, həm də ikinci həyat yoldaşı İzzətin əmisi oğludur, yəni bunlar əmiuşağıdırlar - Alagöz Məhəmmədin nəslindəndirlər. O zaman Hacı Cəfərqulunun qızı olan İzzət xanım bizim kənddən haradasa 10 kilometr olan Sisian kəndinə Əbülfəz adında bir kişiyə ərə gedir. İndi hal-hazırda o kəndin adı Hasavandır. 1918 qırğınlarında Andranik oranı viran etmişdi. Sonradan sovet dövründə indiki rayon mərkəzinin adını dəyişib Sisyan qoydular, əsl adı isə Qarakilsədir. Həmin qırğınlar zamanı İzzət xanım yoldaşı Əbülfəz, bir də balaca qızları Surə ilə bizim kəndə gəlirlər. Andranik bizim kəndə də hücum edərkən güclü müqavimətlə qarşılanıb. Atamın əmisi qızı Hürrü, nənəmin yoldaşı Əbülfəz baba danışırdı ki, o zaman kəndimizdə Əlimərdan adında bir kişi varmış - bizim tarix müəllimi Kərəm müəllimin babası olmuş. Həmin bu Əlimərdan kişi, deyilənlərə görə, 1915-ci ildə, Birinci Dünya müharibəsində Osmanlı ordusunda çavuş imiş. Döyüş təcrübəsi olan Əlimərdan kişi kəndimizin əli silah tutan cavanlarını yığıb müqaviməti təşkil edir. Hətta nənəm - anamın anası Tavat arvad danışırdı ki, Əlimərdan o zaman Türkiyədən digər sursatı ilə bərabər, 20-yə yaxın osmanlı mauzerləri, tüfənglər gətizdirib kəndin cavanları ilə təlim də keçmişdi. Əbülfəz baba söyləyirdi ki, ermənilər hücum edərkən bizimkilər bu tüfənglərdən atəş açanda Andranik atəşin səsindən elə zənn edib ki, kəndimizdə türk əsgərləri var. Ancaq qüvvələrinin bərabər olmadığına görə bizim camaat oranı tərk etməyə məcbur qalıb. Elə həmin hadisələr zamanı da İzzət xanımın həyat yoldaşı Əbülfəz, qardaşı Heydər şəhid düşüblər. Alırzanın xanımı - Həsən Əliyevlə Hüseyn Əliyevin (1911-1991 - R.H.) anası Narıngül də bu müsibətlər əsnasında, eşitdiyimizə görə, tif xəstəliyindən vəfat edir. Comərdli ağsaqqalların da məsləhəti ilə Alırza kişi İzzət xanıma elçi düşərək onunla ailə qurur.
Bizim kənddə bütün yaşlılar rəhmətlik Həsən Əliyevə əmioğlu, gənclərsə Həsən əmi deyə müraciət edərdilər. Yaxşı yadımdadır, 1978-də Həsən əmi bizim kənddə qonaq olanda bir çox kişilər Həsən əmiyə kəndimizə gəlməsi münasibətilə ziyafət verdilər. O zamanlar kəndimizin çox yaxşı vaxtları idi".
Mətləbdən uzaq düşsəm də, sadə bir insanın, ömründə qaçqınlıq yarasının izi olan köhnə comərdlinin məktubuna o səbəbdən gen-bol yer verirəm ki, bunlar canlı şahidin səsidir, dünəni bilməyən, ya bilərəkdən bulanıq göstərməyə çalışan bədniyyətlərin eşitməli olduqları həqiqətlərdir).
1998-ci ilin sentyabr-oktyabr aylarında növbəti prezident seçkiləri ərəfəsində Heydər Əliyev Azərbaycan boyu səfərə çıxmışdı.
Əvvəldən sonacan həmin səfərdə onu müşayiət edən dəstənin içərisində mən də vardım - həm rəsmən prezidentliyə namizədin vəkili kimi, həm də gördüklərimi, təəssüratlarımı elə o günlər ərzində yazılaşdıraraq mətbuatda işıqlandıran bir qələm adamı kimi.
Hansı rayona gedirdisə, mütləq qaçqınlarla-köçkünlərlə ayrıca görüşürdü. O dövrdə bu insanların vəziyyəti ürəkparçalayacaq qədər ağır idi. Yayın qızmarında, payızın saqqız kimi palçığında, yağışında-küləyində, qışın qarında-sazağında onlar faciə binələri kimi sıralanan çadır şəhərciklərində yaşamağa məhkum idilər.
Heydər Əliyev onlarla sadəcə bu insanların halına yanan, onlara dayaq durmağa var gücü ilə çalışan bir dövlət başçısı kimi danışmırdı. Hər dəfə onların halına öz ailəsinin, valideynlərinin, qohum-əqrəbasının yaşamış olduğu nisgillərdən bələd olan həmdərd kimi yana-yana, onların doğması kimi danışırdı.
Bir çadırın böyründə sac üstündə fətir açan qadına yaxınlaşınca həmin xanım oxlovla isti fətiri götürüb Heydər Əliyevə sarı uzatdı. Hava yetərincə sazaqlı idi və Heydər Əliyev fətirin soyumasını gözləmədən, sanki bu istiliyi canına çəkmək istəyirmiş kimi, dərhal əli yana-yana bir parça kəsdi, iştahla yeməyə başladı və qayıtdı ki, mən balaca uşaqdım, hələ heç öz evimiz yox idi, balaca bir mənzildə kirayənişin yaşayırdıq, anam da həyətdə bu cür yuxa bişirərdi. Sağ olun, o dadı, o günləri xatirimə gətirdiniz. İnşallah, sizin də öz həyətinizdə elə belə sac açacağınız günlər də gələcək!
Heydər Əliyev bilgin insandı, zəngin təcrübə sahibi idi, ilk dəfə rast düşdüyü istənilən şəraitdə həmin məqama uyğun inandırıcı söz deməyə qadir bir şəxsiyyət idi. Amma Heydər Əliyevin müstəsnalığının bir vacib tərəfi də bundaydı ki, o, həyatın hər üzünü görmüşdü və məhz yaşadıqlarını söylədiyindən heç bir sözü qəlp səslənmirdi, ürəyin dibindən gəlirdi, bu üzdən də onu hər kəs özünə yaxın, simsar kimi qəbul edirdi, sözünün hərarətinə isinir, həqiqətinə iman gətirirdi.
...Çoxuşaqlı, kasıb bir ailədə böyüyürdü. Üstəlik, 1920-30-cu illərin özü kasadlıq, ehtiyac, yüz cür sıxıntılarla dolu dövr idi.
Və ömrün onu o edəcək kərpiclərinin çoxu elə həmin sınaqlı vaxt kəsiyində düzülürdü.
O çağların bir özəlliyi də bu idi ki, bütün qəhətliklərə rəğmən, həm bilikli, peşəsinin aşiqi, fədakar müəllimlər az deyilmiş, həm də uşaqlarda oxumağa, öyrənməyə xüsusi maraq və şövq varmış.
Bunu, bir tərəfdən, o illərin şahidlərindən, o sıradan elə həm də qocaman naxçıvanlılardan arxada qalan 25-30 ildə dinlədiyim xatirələrdən bilirəmsə, digər tərəfdən, bilavasitə şəxsi mülahizələrim və müşahidələrim də çoxdur. Belə yazmağım təəccüb oyatmasın ki, həmin çağlardan çox sonra dünyaya gəlmiş bir insanın o hadisələrlə bağlı necə şəxsi müşahidələri ola bilər.
1990-cı illərin əvvəllərində mənə, yalan olmasın, sandıq irilikdə bir çamadan gətirdilər. Bu, Hüseyn Cavidin (1882-1941) böyük qardaşı Şeyx Məhəmməd Rasizadənin (1878-1939) şəxsi arxivi idi.
Şeyx Məhəmməd 1906-cı ildən başlayaraq ta 1930-cu illərədək bir neçə nəsil naxçıvanlının - akademiklər Yusif Məmmədəliyevin (1905-1961), Həsən Abdullayevin (1918-1993), Həsən Əliyevin, Məmməd Cəfərin (1909-1992)... müəllimi, o cümlədən, öz ortancıl qardaşı Hüseynin - gələcək Cavidin birinci ustadı, böyüyü olmuşdu.
Həmin xəzinəyə bərabər sandıqçada Şeyx Məhəmmədin müxtəlif əlyazmaları ilə yanaşı, şagirdləriylə, məktəblə, tədrislə bağlı çoxlu qeydləri, bir sıra yetirmələrinin bəyənib yadigar saxladığı inşaları, yazı-pozusu olan şagirdləri ilə əlaqədar Bakıya, qəzet və jurnallara ünvanladığı təqdimat, dəstək məktublarının surətləri vardı.
Saralmış vərəqləri bir-bir qaldırıb oxuduqca özümü çoxdan axıb getmiş günlərin qoynunda təsəvvür edirdim.
Heydər Əliyev də Şeyx Məhəmmədin şagirdlərindən olmuşdu.
Naxçıvan səfərimiz - Cavid məqbərəsinin açılışına uçduğumuz əsnada - 1996-cı ilin 29 oktyabrında arada Heydər Əliyev Turan xanımı (Turan Cavid, 1923-2004), Anarı (1938), məni və daha bir neçə nəfəri təyyarədəki Prezident otağına dəvət etdi.
Xeyli söhbətləşdik və o günlər idi ki, Şeyx Məhəmmədlə məşğuldum, onun haqqında ilk yazıları qələmə alırdım və Ulu öndərdən də münasib girəvədən istifadə edərək müəllimi barədə soruşdum.
"Çox yaxşı müəllim idi, son dərəcə tələbkar idi, bizi çox sıxışdırırdı, amma yaxşı da öyrədirdi. Bizə Azərbaycan dili, ədəbiyyatdan dərs deyirdi. Sonra iş elə gətirdi ki, mən uzun illər əsasən rus dilini işlətdim. Dövlət Təhlükəsizlik Komitəsində bütün yazılar rus dilində aparılırdı. Dövr elə idi ki, orada işləyəndə də, Mərkəzi Komitədə olanda da rus dili aparıcı idi. Moskvada isə elə yalnız rusca danışır, rusca yazırdıq. Əgər bütün bunlardan sonra mən Azərbaycan dilində səlis, rəvan danışmaq, yazmaq vərdişlərini yadırğamadımsa, bunun əsas səbəblərindən biri elə müəllimim Şeyx Məhəmməddən aldığım dil, ədəbiyyat tərbiyəsidir".
Şeyx Məhəmməd Naxçıvan hüdudlarında qapılıb qalsa da, əyalət mühitinə sığan adam olmayıb. Müəllimlik onun fəaliyyətlərinin sadəcə bir qanadıymış, o, gününün gözüaçıq, müasir düşünən, şeirlər yazan, mətbuatla daimi rabitəsi olan ziyalılarındanmış. Naxçıvanda otura-otura Azərbaycanın ədəbi-mədəni həyatındakı hadisələrin əksərinə münasibət bildirirmiş, şəxsi ədəbi təcrübələri öz yerində, çoxlu tərcümələr də edirmiş. Rus klassiklərindən Aleksandr Sergeyeviç Puşkinə (1799-1837) münasibəti məxsusiymiş, ona şeir də həsr edibmiş, əsərlərindən tərcümələri də var.
Ümumən 1899-cu il Naxçıvanda görkəmli maarifçi Məhəmmədəli Sidqinin (1854-1903) təşəbbüsü ilə Puşkinin anadan olmasının 100 illiyi qeyd edilərkən elə onun təklifi ilə də şairin xatirəsinin əbədiləşdirilməsi üçün şəhərin mərkəzində adına küçə verilməsi mütərəqqi bir hadisə idi və Naxçıvan ziyalı mühitinin səviyyə göstəricilərindən sayılmalıdır.
Və Heydər Əliyev də elə həmin küçədə doğulmuş, uşaqlıq illərində hər gün o tarix dolu məhəllələrdən keçmişdi.
Daha düz ünvanı Heydər Əliyev özü dəqiqləşdirir, Puşkin küçəsindəki "Dar küçə" adlanan dalanda dünyaya gəldiyini təsdiqləyirdi.
Heydər Əliyev "Dar küçə" adlanan ensiz döngədə doğularaq öz varlığıyla, əməlləriylə Azərbaycan tarixindəki ən gen prospektə çevrilə bildisə, bu nailolmanın cövhərində o uzaq illərdə aldığı tərbiyə və dərslərin yeri və təsiri danılmazdır.
...1995-ci ilin yazında Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq artisti Zəroş Həmzəyevanın (1925-2004) 70 illiyinə həsr edilən yubiley mərasimi keçiriləcəkdi. Zəroş xanım xahiş etmişdi ki, həmin tədbiri mən aparım. Zəroş xanımla daha əvvəllərdən - 1980-ci illərin sonlarından münasibətimiz vardı. Tanışlığımıza da körpü Məhsəti Gəncəvi (1089-1181) olmuşdu. XII yüzilin şöhrətli qadın şairi haqqında monoqrafiyam çapa hazırlananda Kəmalənin (1936-2019) Naxçıvan teatrında tamaşaya qoyulmuş "Məhsəti" pyesində baş qəhrəmanın surətini yaratmış aktrisa Zəroş Həmzəyevanın bu roldakı fotolarına ehtiyac yaranmışdı. Görüşmüşdük, şəkilləri vermişdi, surət üzərində necə işləməsi, tamaşaların necə qarşılanması ilə bağlı maraqlı təfərrüatları danışmışdı.
1995-ci ildə yubiley gecəsi ərəfəsində daha da yaxınlaşdıq, tez-tez görüşürdük və o zamanlar Heydər Əliyev haqqında kitab yazmaq barədə düşündüyümdən onunla bir sinifdə oxumuş, eyni partada əyləşmiş keçmiş şagird yoldaşının xatirələri, sözsüz ki, mənimçün çox əhəmiyyətli idi.
Zəroş xanım söyləyirdi ki, o, həm sinifdə, həm də məktəbdə ən seçilən şagirdlərdən idi. Bir dəfə olmadı ki, hansısa müəllim onu dərs danışmaqçün lövhəyə çağırsın, Heydər hazır olmasın. Həmişə, hər işdə birinciydi, təşəbbüskar idi. Məktəbin bütün plakatlarının mətnini yazırdı, tərtibatını verirdi.
Və ömrü boyu da belə qaldı. Hansı sahədə çalışdısa, orada həmişə seçilən oldu, birinci oldu, təşəbbüskar oldu!
Məktəb illərinə, 1930-lara qayıdan Zəroş xanım nağıl edirdi, o vaxt hər sinfin öz divar qəzeti vardı. Heydərin xətti qəşəng olduğundan mətnləri o yazırdı. Divar qəzetimizin hazır karton lövhəsi vardı, adətən ayda bir dəfə köhnə yazıları qoparıb təzə yazıları ora yapışdırardıq. Heydər bir dəfə təşəbbüs qaldırdı ki, ayda bir dəfə çıxan qəzet sayılmaz ki, gəlin divar qəzetimizi hər həftə buraxaq. Sinif rəhbərimiz də təklifi bəyəndi. Həm də əlavə etdi ki, bir halda ki hər həftə divar qəzetini təzələyən tək biz olacağıq, direktorla danışım, bundan sonra divar qəzetini sinif otağında yox, məktəbin dəhlizindən asaq.
Elə illər idi ki, qıtlıqdı, çox şey çətin tapılırdı. Bir gün məlum oldu ki, divar qəzetinin yazıları hazırsa da, yapışqan olmadığından təzə nömrəni çıxara bilmirik. Hər təzə həftənin ikinci günləri dəhlizdə yeni nömrəni asardıq. Çatdıra bilməsəydik, onsuz da həsəd aparan rəqiblərimizin - qonşu siniflərin bizə söz atmaq fürsəti yaranacaqdı. Heydər sinfi sakitləşdirdi ki, narahat olmayın, mən həll edərəm. Məəttəl qaldıq ki, necə həll edəcək. Axı yapışqan mağazada da yox idi. Səhəri gün Heydər yumruq boyda bir kağız bükülüsünü dərsdən qabaq masanın üstünə qoydu: "Anamdan istədim, acıtmadır, bizim evdə çörək bişirməkçün həmişə ayrıca bir qazanda ehtiyat saxlanır. Bu da sizinçün yapışqan!"
Əslində, xəmir yoğurmağa gərək olan mayanın-acıtmanın saxlandığı o cür balaca qazan təxminən hər evdə vardı, ancaq belə bir çıxış yolunu tapmaq tək Heydərin ağlına gəlmişdi.
Zəroş xanım belə xatırlayırdı. Və o yaddaşlar arasındakı bu işartıları da yadda saxlayaq - ən dar macalda da ən müşkül məsələni həll etməkçün üzdən sadə görünən, amma dürüst həll yolunu tapmaq xüsusiyyəti də ömür boyu Heydər Əliyevlə oldu, bu keyfiyyəti illərcə təkmilləşdi və həmişə də dadına yetdi. Kəşfiyyatçı olanda da, dövlət işində çalışanda da, elə löyün-löyün həyat məsələlərində də.
Əsl adı Zərrintac olan Zəroş xanımın qızlıq soyadı Əliyeva idi. Həmzəyevaya ona görə çevrilmişdi ki, doğulub-yaşadığı və çalışdığı Gəncədən hökumətin göndərişi ilə Naxçıvana gələn, sonra həyatını bu diyarla bağlayan tanınmış aktyor və rejissor, Xalq artisti İbrahim Həmzəyevə (1908-1982) çox erkən - 15 yaşında qoşulub qaçmışdı və onunla ailə həyatı qurmuşdu.
Bu, Mir İbrahimin ikinci evliliyi idi. Bundan əvvəl 1 il müddətində aktrisa Barat Şəkinskayanın (1914-1999) əri olmuşdu, bir qız uşaqları da dünyaya gəlmişdi (Tale elə gətirdi ki, həmin qız - Solmaz Həmzəyeva (1932) 1970-ci illərdə tələbə ikən hazırladığım ilk televiziya verilişlərinin rejissoru oldu və doxsanını arxada qoymuş bu nəcib insanla dost münasibətlərimiz bu gün də davam edir).
Atası bu qoşulubqaçmaya, belə dəlisov hərəkətinə görə o vaxt Zəroşdan üz döndərsə də, çox sağlam, möhkəm ailə alındı. Sonra Mir İbrahimlə sərasər 44 il birgə xoşbəxt ömür sürdülər, daim səhnədə də tərəf-i müqabil oldular və 1982-ci ildə istəkli ömür dostu vəfat edəndən sonra Zəroş xanım teatrdan da ayrıldı - daha səhnəyə çıxmadı...
Naxçıvan teatrında çalışdığı 35 il müddətində bölgənin mədəni həyatının inkişafına, zövqün yüksəlişinə əvəzsiz töhfələr vermiş Mir İbrahim Həmzəyev bu şəhərə ilk dəfə qorxunc ildə - 1937-də qədəm basmışdı. Lap az öncə onun doğma qardaşı da siyasi repressiya qurbanına çevrilmişdi.
O, Naxçıvana gələndə Heydər Əliyev məktəbli idi, 14 yaşı vardı. Üstündən böyük vaxt keçəndən sonra ömrünün o illərini anarkən Heydər Əliyev ilk dəfə 1937-ci ildə şıq geyimli, şəhər bağındakı teatr binasına doğru irəliləyən bir tanımadığı adamı gördüyünü və elə həmin andan bu şəxsə onda maraq yarandığını söyləyirdi. Və təqribən 60 il sovuşandan sonra Mir İbrahim Həmzəyevin kostyumundan, köynəyindən, qalstukundan parlaq ayaqqabısınacan geyim-keçimini dəqiqliklə xatırlaması pıçıldayır ki, daim çərçivəsində qaldığı rəsmiyyətin imkan verdiyi qədər həmişə səliqəli, zövqlə geyinməyə çalışmış, qədd-qamətli olduğundan hər geydiyi də ona çox yaraşan Heydər Əliyevdə bu şakər də elə uşaqlığından varmış, başqa özünəməxsusluqları kimi, bu zəriflik də canına işləyərək xarakterinin bariz cəhətlərindən biri kimi sabitləşib.
Öyrənəndə ki, şəhərə yenicə gəlmiş bu adam aktyordur, Heydərin ona heyranlığı bir az da artır: "13-14-15 yaşlarında Naxçıvan Dövlət Teatrının tamaşalarına çox böyük həvəs və maraqla baxırdım. İbrahim Həmzəyevin ifa etdiyi rolların vurğunu idim.
Mən həmişə teatra yaxın və bağlı adam olmuşam. Bu, ötəri hiss deyil, içimdən gələn bir məhəbbətdir. Teatrı çox sevirəm. Teatra məhəbbət mənim içimdə var".
Axıracan Heydər Əliyevlə qalan bu teatr məhəbbəti uzaq 1937-ci ildə onu sövq etmişdi ki, İbrahim Həmzəyevin Naxçıvan şəhər "Pionerlər evi"ndə təşkil etdiyi "Bahar" adlı dram dərnəyinə yazılsın.
Və tezliklə bir-birinin ardınca hər yeni tamaşada baş rol tərəddüdsüz Heydərə tapşırılır.
O tamaşalar, o həyəcanlar, o sevincləri vaxtın küləkləri çoxdan sovurub aparıb. Məktəbli Heydər Əliyevi səhnədə, növbəti rolunu ifa edərkən göstərən bircə foto qalıb.
Lakin görənlərin yaddaşında o səhnələr uzun illər boyu dünən baş veribmiş kimi canlı idi.
1988-ci ilin payızında hansı tədbirləsə bağlı Cavidin nəşini Sibirdən vətənə gətirənlərdən olan Həmid Cəfərovla (1938) Naxçıvandaydıq. İbrahim Həmzəyevin oğlu, elə atası kimi uzun müddət aktyorluq etmiş, sonralar 8 il Naxçıvanın mədəniyyət naziri işləmiş Nizami Həmzəyev (1943-2021) təkid etdi, axşam mehmanxanaya deyil, onun evinə gedəsi olduq. Qazancım da bu oldu ki, gecə yarısınadək söhbət etdik, atasıyla bağlı çox xatirələri bölüşdü və həmin xatirələrin arasında yeniyetmə Heydər Əliyev də vardı: "Atam deyirdi ki, məktəblilərdən tutmuş ahıllaracan saysız aktyorlarla işləmişəm, amma nədirsə, onların arasında məni ən çox heyrətləndirən Heydər Əliyev olub. Belə baxsan, hələ uşaq idi, 14-15 yaş nədir ki! Ancaq tapşırdığım hər rolun ruhunu dərhal tuturdu, rolunun sözlərini bir-iki dəfə oxuyan kimi əzbərləyirdi və elə ürəklə oynayırdı ki, elə bil qəhrəmanın deyil, öz ömrünün hadisələrini yaşayır. O, bu sənətin ardınca getsəydi, sadəcə yaxşı deyil, böyük aktyor olardı".
Nizami müəllim belə yada salırdı və təcrübəli teatr xadiminin müşahidəsi hər halda sərrast imiş.
Heydər Əliyev teatr səhnəsində rollar oynayan aktyor olmasa da, tale ona Tarixin Səhnəsində böyük Rollar ayırmışdı.
Ancaq bəlli teatr rollarından fərqli olaraq, bu tamaşaların rejissoru da, dramaturqu da, aktyoru da Heydər Əliyev özü idi.
Ömrü boyu da taleyin ona həvalə etdiyi rolların öhdəsindən fövqəladə ustalıqla gəldi.
Lakin bir başqa baxımdan aktyorluq vərdişləri liderlərə, millət rəhbərlərinə, dövlət böyüklərinə kütlələr qarşısına çıxan, ardınca onminləri və yüzminləri aparmalı olanlara çox gərək olan və adətən də onlara xas özəlliklərdəndir.
Sən insanlar qarşısına hər çıxmağında, əslində, böyük səhnədə olan kimisən.
Rolunu layiqincə, səmimiyyətlə ifa edə bilsən, gücünün üstünə güc gələcək, ardınca gələnlərin sayı artacaq, bircə an belə sünilik, falş, qeyri-səmimilik hiss etsələr, sənə öndər deyil, uğursuz artist kimi baxacaqlar.
Tarix elələrini də, belələrini də bəs deyincə görüb.
Elə Azərbaycanda biz də görəsi olduq...
Bir dəfə görkəmli aktyorumuz Nodar Şaşıqoğlu (1927-2013) Heydər Əliyevə yarızarafat-yarıciddi demişdi ki, məndən muğayat olun, yəqin, gec-tec sizin rolunuzu da oynayacağam. Heydər Əliyev də gülərək elə eyni tərzdə dərhal cavab vermişdi ki, öz rolumu mən özüm oynayıram, bu rolun da öhdəsindən mənim kimi gələn olmaz.
Düz demirdimi məgər?!
Yazılmış rolların ən mürəkkəbini də istedadla ifa etmək kamil sənətkar əlində mümkün işdir.
Tarixin sənin boyuna biçdiyi rolu ləyaqətlə icra edib sevgilər və ehtiram qazanmaq nadirlərə müyəssər olan hünərdir. Çünki bu nəhəngdən-nəhəng səhnənin tamaşaçısı və münsifi zamandır, tarixdir.
Heydər Əliyev Tarixin ona tapşırdığı rolu ifa edərək gedib, pərdə bağlanıb.
Ancaq adı, surəti, səsi, əməlləri, yolu hər gün bizimlədirsə, deməli, Adil Münsifin - Tamaşaçı Tarixin alqışları davam edir.
Böyük Rol sahiblərisə alqışlar var olduqca diridirlər!
Heydər Əliyev misli olmayan natiq idi. Nədən danışırsa danışsın, onu dinləyənləri diqqət kəsilməyə vadar qıla, məftun edə bilirdi.
Əvvələn xalq dil bulağından su içmiş saf, gözəl azərbaycancası ilə, yapışıqlı, təsirli səsi ilə, aydın tələffüzü, hər sözün, hər mətləbin üstünə səsinin mövzuya uyğun dəyişən ahəngi ilə qoyduğu vurğularla.
Və təbii ki, nitqindəki dərinlik, məntiq, anındaca improvizə qabiliyyəti, fikirlərinin sanbalı və şəxsiyyətindən saçılan güc də Heydər Əliyevin natiqliyini qat-qat cazibədar edirdi.
Bu üstünlüklərin belə mükəmməl vəhdəti tək-tək insanlara xas olan vergidir.
Ancaq vergi vergiliyində, zəhmət də vacibdir axı.
Adı dünya tarixinə natiqlik rəmzi kimi həkk olunmuş Demosfenin (m.ö. 384-322) o ucalığa dikəlməkçün hansı usanılmaz əməklər sərf etdiyinin hekayətləri məşhurdur.
Və Heydər Əliyev də belə əvəzsiz bir natiqə döndüsə və Azərbaycanın hafizəsində bütün başqa məziyyətlərindən savayı, həm də bu özəlliyi ilə daim bir örnək olaraq qalacaqsa, həmin misilsizliyin də ardında fitrətən ona qismət keyfiyyətlərdən əlavə yorulmadan çalışmaq, öz üzərində işləmək, müdam bu keyfiyyətləri pardaxlamaq, cilalamaq inadcıllığı var.
Yenə məktəb illərini, teatra aşiq olduğu ilk çağları xatırlayarkən Mir İbrahim Həmzəyevin adını çəkirdi: "Onun çox yaxşı diksiyası vardı. Mən də evə gəlib onun dediklərini təkrar edir, onun kimi danışmağa çalışırdım".
Diqqət edin - hamı kimi yox, məhz onun kimi, gördüyü səhnənin ən yaxşı aktyoru kimi.
Gəlirmiş evə, dayanırmış güzgü qabağında, eyni mətnləri dönə-dönə təkrarlayırmış. İstədiyinə nail olana qədər!
Heydər Əliyev Azərbaycan Tarix Səhnəsinin ən güclü Natiqinə çevrilə bildisə, gizlin elə bundadır, rişə o günlərdədir...
Bəzən heyrətlənirdilər ki, nə təhər olur, Heydər Əliyev teatrdan danışanda teatrın, musiqidən bəhs edəndə musiqinin, rəssamlıqdan söz açanda rəssamlığın bilicisi kimi fikir söyləyə bilir.
Sonralar oxuduqları, öyrəndikləri, müşahidə etdikləri bir yana, axı bunların hər birinin uşaqlıq, yeniyetməlik illərindən onun ömründə izi vardı.
Və təməl kərpiclərdən daha biri.
Heydər Əliyevin bir başqa qabiliyyəti də onun yaxşı rəssamlığı idi.
Naxçıvanda, öz dilindən eşitmişəm, Möminə xatun (v. 1175) türbəsini (1186) göstərib söylədi ki, mən məktəbdə oxuyanda Möminə xatunun bir neçə görünüşdən rəsmini çəkmişdim. Bunu da özü danışırdı ki, elə həmin məktəb illərində şagirdlər arasında ən yaxşı portret müsabiqəsi keçirilirmiş və onun "Füzuli"si mükafata layiq görülür.
Heydər Əliyevin yeniyetməlik, gənclik çağlarında çəkdiyi, çoxu itib-batmış (hər halda salamat qalanı, sonra əziz yadigar kimi özünə hədiyyə olunanı da vardı) rəsmlərinin heç vəchlə itib-batmayan bir keyfiyyəti də həmişəlik onunla qaldı.
Rəssamlıq digər bütün məziyyətlərindən əlavə, həm də göz yaddaşı deməkdir.
Heydər Əliyevin çox möhkəm, etibarlı yaddaşı vardı. Çöhrələri, hadisələri, tarixçələri və tarixləri çox zaman eşidənləri mat qoyan bir dəqiqliklə hafizəsində daşıyırdı. Onun yaddaşına məhz rəssamlara xas bir fotoqrafiklik - hər şeyi xırda ayrıntılarına qədər hafizənin alt yox, məhz üst qatında qoruya bilmək xas idi.
Rəssamların sərgilərini seyr edəndə, ayrı-ayrı əsərlərə baxanda elə sıradan olan tamaşaçı kimi göz yetirib ötmürdü, hər özəlliyə diqqət yetirirdi və əgər sərgisi təşkil edilmiş həmin rəssam oradaydısa, ona da ləzzət edirdi ki, yaratdığına adi bir tamaşaçı yox, hal əhli baxır və onun nə etmiş olduğunu, nələri çatdırmaq istədiyini digər baxanların əksərindən fərqli olaraq görür və dəyərləndirir...
Rəssamlıq həm də nə çəkirsənsə çək, ilk növbədə kompozisiya qurmaqdır. Bu sənətin həmin özəlliyi də daim Heydər Əliyevin yaradıcı varlığında nəbz kimi çırpındı. Rəssam olmadısa da, rəssamlıq onunla biryolluq qaldı və müstəqil Azərbaycanın gözəl kompozisiyasını qurarkən onun beynindəki səmtverici güclərdən və işıqlardan biri də elə fitrətindəki rəssamlıq istedadından saçırdı...
...Zəroş xanım Həmzəyeva bunu da söyləyirdi ki, Heydər fəallığı ilə onsuz da məktəbdə nəzərləri cəlb edirdi, amma həm də yaraşığı, boy-buxunu ilə qızların, demək olar, hamısının diqqətini çəkirdi. Qış günlərindən birində məktəbə dəmiryolçu atasının şinelini geyinərək gəlmişdi. Bu dəmiryolçu geyimi lap hərbçi şinelinə oxşayırdı, uca boylu Heydərə də çox yaraşırdı. Qızlardan kimsə söz atdı ki, elə bil generaldır. Və o gündən məktəbdə Heydərin ləqəbi elə "General" qaldı.
Heç kim o vaxt, əlbəttə, agah deyildi, amma Pərvərdigara əyan idi ki, bunlar da yazıdır - o uşağın o gün o şineli geyinməsi də, o ləqəbin həmin gün onun adına qoşulması da tale işidir.
Həmin günlərdən otuz ildən də artıq vaxt sovuşacaq və 1967-ci ilin oktybarında Naxçıvana da, o məktəbə də xəbər yetişəcək ki, həmin oğlan Azərbaycan tarixində dövlət təhlükəsizliyi şəbəkəsində çalışan ilk azərbaycanlı olaraq general-mayor rütbəsinə layiq görülüb.
Və 1930-cu illərdə o məktəbdə, Naxçıvanda gələcəyin bir başqa həqiqəti də təbii olaraq heç kəsə məlum deyildisə də, Bütün Naməlumları BİLƏN aşkar idi ki, gün gələcək, bu dəmiryolçu balası SSRİ Nazirlər Sovetinin birinci müavini kimi, bir sıra başqa sahələrlə yanaşı, nəhəng Sovet İttifaqının bütün dəmiryol şəbəkəsinə nəzarət edəcək...
...Bu da unudulmaz Heydər Əliyevin müəllimi Şeyx Məhəmmədlə bağlı mənə söylədiyi çox düşündürücü bir hekayətdir.
Deyir, 5, ya 6-cı sinifdə oxuyurdum. Bir qış səhəri dərsə gedirdim. Qəfildən yolda gözümə yerə atılmış, üzqabığı olmayan bir kitabça dəydi. Götürüb vərəqlədim. Hansısa xarici ölkə yazıçısının Azərbaycan dilinə tərcümə edilmiş bir povesti idi. Kitabın əvvəlinci və sonuncu vərəqləri olmadığından nə müəllifi, nə əsərin adını müəyyənləşdirmək mümkün idi. Elə kitabı vərəqləyirdim ki, arxadan çiynimə bir əl toxundu. Qanrılıb baxdım, müəllimimiz Şeyx Məhəmməd idi. Gülümsünüb dedi ki, deyəsən, yenə köhnə kitab tapmısan və özü də başladı maraqla vərəqləməyə. Sonra da dedi ki, bu gün bir qoşa saat inşa dərsimiz var. Sən sərbəst mövzuda yaz. Elə bu kitabdan. Diqqətlə oxu, burada bəhs olunan əhvalatın yarımçıqlığını özün aradan götür, əvvəlini, axırını da məzmuna görə düzəldib hekayəti tamamla.
Şagird "Baş üstə!" deyir və o gün çatışmayan, əskik hissələrini tamamlayaraq bütövləşdirdiyi hekayət əsasında yazdığı inşasına görə "beş" qiymət alır.
Onillər ötəcək, XX yüzilin bitəcəyində, təlatümlü bir zamanda yenidən bərpa olunmuş müstəqilliyinin ilk mübarizəli illərində taleyin və zamanın hökmü ilə yenidən Azərbaycan rəhbərliyinə qayıdan Heydər Əliyev kövrək addımlarını atan gənc dövlətin yolunun əvvəlindəki çatışmazlıqları, əyər-əskikləri cilalayacaq, tamamlayıb bütövləşdirəcək, yolun səmtini dəqiq müəyyənləşdirəcək, sütun-sütun, divar-divar dövlət imarətini quracaq, sis-duman içindəki kimi görünən sabahlarda çaşıb qalmamaq, əmin və inamlı irəliləmək üçün aydın istiqamətləri müəyyənləşdirəcək, təməllər yaradacaq.
Qadir şəxsiyyəti və üstün zəkası ilə tamamlaya, bütövləşdirə bildiyi bu dövlət və millət quruculuğundakı inşasına görə isə ona "əla" qiyməti bu dəfə başqa müəllimi - TARİX verəcək!