ATIN TAPQIRI
Turqut minmişdi atı,
Gəzsin dərə, gəzsin dağ.
Onun atla gəzməyi,
Uzun sürmədi ancaq...
Yəhərin tapqırını,
Yaxşı bağlamamışdı.
Oğlan
Yəhərlə birgə,
Atın belindən aşdı!..
İNƏK ŞƏKLİ
- Şəkil dəftərin ki var,
Bəs o nədir, ay Qara,
Kömürlə
İnək şəkli,
Çəkmisən sən divara...
Qara duruxdu bir az,
Dilləndi birdən-birə:
- İnəyim çox yekədir,
Sığışammaz dəftərə!..
ÇƏRKƏZ BABANIN ÇƏLİYİ
Çərkəz baba
Çeşməyi
Çeşmədə itirmişdi.
Çərkəz babanı evə
Çəliyi gətirmişdi...
AĞAC YIXILACAQ...
Bağda alça ağacına,
Dırmaşmışdı ne
çə uşaq...
Turqut dedi:
- Düşün yerə,
Yoxsa ağac yıxılacaq!
NAR AĞACI
Nar ağacı çilçıraqdır,
Nurlandırar bizim bağı.
İşığına yığışarıq,
Həmişə də payız çağı...
Yaxasını düzüm-düzüm,
Bəzəyər alqırmızı nar.
Qəribədir bu çilçıraq,
Gecə deyil,
Gündüz yanar!..
KÖYNƏK
Yuyub ağ köynəyimi,
Anam asdı kəndirdən.
Aradan keçdi bir az,
Güclü yel əsdi birdən...
Köynəyimdən sallaşdı,
Nədir yelin istəyi?
Bəlkə də köynəyimi,
O geyinmək istəyir!..
YAYDA SEÇİR
Qışda seçmir ağacları,
Balacadır Turqut axı...
Desək bu nə ağacıdır,
Cavab tapmır,
Durub baxır...
Yayda bağça bar tutanda,
Ağacları seçir Turqut.
Deyir: - Bax bu, albalıdır,
Bu almadır, bu da armud!..
DƏNİZDƏ ÇİMƏN TORPAQ
Turqut mindi gəmiyə,
Dənizdə gəzsin deyə.
Kiçik bir ada görüb
Gülümsədi bu qoçaq:
"Yəqin çox istilənib,
Dənizdə çimir torpaq!.."