Bu gün haqqında söz açacağım Vətən müharibəsi şəhidi Zahir Zakir oğlu Manafovdur.
Zahir Manafov 1993-cü il dekabr 12-də Moskva şəhərində anadan olub. O, 2012-2014-cü illərdə Dövlət Sərhəd Xidmətinin Xızı rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Zahir ailəli idi, iki övladı yadigar qalıb.
Şəhidin anası Manafova Tatyana xanım deyir ki, tək övladım Zahir idi.
Şəhidin atası Manafov Zakir bəy deyir ki, oğlumun bir oğlan, bir qız övladı bizə yadigar qaldı:
“Şəhid balamın böyük övladı Zakir 2017-ci il noyabrın 30-da anadan olub. Qız balası Gülsüm isə 2020-ci il iyunun 25-də Şamaxı şəhərində anadan olub. Oğlum şəhid olanda qız balası 3 aylıq idi. Həyat yoldaşı Şahnaz orta təhsillidir. Hal-hazırda işləmir.
Biz onunla dost idik. Biz danışanda elə bilərdin ki, iki qardaşıq. Heç ata-bala deyilik. Bir-birimizlə hər sözümüzü bölüşərdik, tez-tez danışardıq. O tamam başqa uşaq idi. Çox sadə, səmimi uşaq idi. Restoranda administrator işləyirdi, hamıya hörmətlə yanaşardı.
Oğlumla son dəfə 2020-ci il 8 oktyabrda, təxminən saat 7-dən 8-ə kimi 1 saata qədər danışdıq. Dedim, yoruldum, verirəm anana. Bilsəydim son danışığımızdı, onun hər kəlməsini yazardım...
Səhəri gün Şamaxı rayonu İcra Hakimiyyətinin başçısı, Aparatın Şəhriyar qəsəbə nümayəndəsi zəng etdi, ki oğlun şəhid olub. Dedim mənim oğlum ölməyib. Onunla o gün danışmışıq axı... Sonra bir neçə saatdan sonra təcili tibbi yardım maşını ilə oğlumun nəşini Suqovuşandan gətirdilər.
Oğlumla Amanalıyev Tərlan Rövşən oğlu dost idilər. Onlar körpəlikdən qardaş kimi böyümüşdülər. Bir vaxtda da hərbiyə getdilər. 2020-ci il 29 sentyabrda ikisidə eyni istiqamətdə, ikisi də bir yerdə Suqovuşanda vuruşublar, ölüm xəbərləri Ağdərə istiqamətindən gəlib. Dostları Zahirin qəbrinin üstündə idilər və ondan danışırdılar. Amma bilmirdilər mən onun atasıyam. Necə şəhid olduğu andan danışırdılar. Orada eşitdim ki, dostu Tərlan vurulub, Zahir onu götürüb qayıdarkən minomyotla bunu da vurublar.
General- leytenant Mais Bərxudarov oğlumla dostu Tərlan şəhid olanda tapşırıq verir ki, onları dərhal yola salın. Nəşini açdım baxdım ki, Zahirin qolunu minomyot aparmışdı. İnanın ki, mənim uşağım elə sağlam oğul idi, inanmazdım ona güllə dəyə, yaxud güllə onu öldürə. İnanmazdım ki, balam döyüşdə şəhid olar...
İrandakı səfirliyimizə olan terror hadisəsini görəndə baxıb ağaldım. Sanki oğlumu xatırladım, mənim oğlum da o cür qorxmaz idi. Bunu sizə mən deyirəm dünyanın ən güclü əsgəri Azərbaycan əsgəridir! Şükür Allaha mənim güclü dövlətim var. Allah cənab Prezidentimizi qorusun! Hər millətə güclü sərkərdə, güclü ordu lazımdır. Şükür, o da bizdə var. Ordumuzla, Prezidentimizlə, igid şəhidlərimizlə fəxr edirik! Allah şəhidlərimizə rəhmət eləsin!"
Ailəsi deyir ki, oğlunun adına orta məktəbdə sinif otağı, xatirə lövhəsi var. Şamaxı şəhərində küçələrdən birinə şəhid dostlar Tərlan və Zahirin şərəfinə “Dostlar” küçəsi adı verilib.
Azərbaycan Ordusunun əsgəri olan Zahir Manafov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinə könüllü olaraq qoşulub. Döyüş zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Zahir Manafov oktyabrın 9-da Ağdərə istiqamətində şəhid olub. Şamaxı Şəhidlər xiyabanında döyüşdə şəhid olan dostu ilə birgə dəfn olunublar.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zahir Manafov ölümündən sonra Şəhid Manafov Zahir Zakir oğlu "Vətən uğrunda", “Cəsur döyüşçü” və “Suqovşanın azad olunmasına” görə medalları ilə təltif olunub.
Ruhun şad olsun, igid qardaşım!