Bu gün haqqında söz açacağım növbəti qəhrəmanımız Vətən müharibəsi şəhidi Nurəddin İlqar oğlu Hümbətovdur.
Nurəddin Hümbətov 26 dekabr 1998-ci ildə Samux rayonunun Nəbiağalı qəsəbəsində dünyaya göz açıb. 2004-2016-cı illərdə M.Ə.Sabir adına 1 saylı məktəbdə orta təhsil alıb. 2017-ci ildə hərbi xidmətə yollanıb, 2018-ci ildə Beyləqanda hərbi xidmət müddətini bitirib. Bir çox sahələrdə çalışdıqdan sonra 2020-ci ilin may ayında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. Murovdağ istiqamətində xidmət edib.
Şəhid anası Hümbətova Pərvanə xanım bildirir ki, onların ailədə iki övladları var, Nurəddin və Şərqiyyə: "Nürəddin uşaqlıqdan çox mehriban idi, çoxlu dostları vardı. Çox vətənpərvər idi. həmişə deyirdi ki, mən hərbiyə gedib, hərbçi olacağam. Öz son zəngində özünə şəhidlik arzulamışdı.
Şəhid atası Hübbətov İlqar bəy deyir ki, çox qorxmaz oğul idi. Saxlaya bilmirdik, heç nədən qorxmazdı:
"Döyüş yoldaşları deyirdi ki, əlində iki silah-sursatla qabaqda gedirdi, erməniyə bu torpaqları verə bilmərik, mənim atam məni igid böyüdüb deyirdi.
Bir komandiri gəlmişdi, deyirdi ki, 4 gün mühasirədə qaldıq. İnanın, susuzluuqdan yarpağın üstündən su içirdik. Murovda mühasirədən sonra onlar düşüblər Çaykəndə. Nurəddin oradan könüllü olaraq Şuşa istiqamətində döyüşlərə qatılıb. Oğlumu 10 gün axtardıq, daha sonra dedilər ki, şəhid olub. Qardaşımgil, dayıları getdilər Füzulidən gətirdilər.
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin! Şəhid valideynlərinə səbr arzulayıram. Allah Prezidentimizin canın sağ etsin, şəhid ailələri həmişə onun diqqətindədir. Allah ordumuzu, xalqımızı qorusun, amin!
Şəhid balamın adına küçə verliləcək. Lakin ən böyük arzumuz onun adına məktəb və ya bağça verilməsidir".
Azərbaycan Ordusunun əsgəri olan Nurəddin Hümbətov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Murovdağın, Suqovuşanın, Füzulinin, Hadrutun və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub. Nurəddin Hümbətov 9 noyabr 2020-ci ildə Şuşa—Xocavənd istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. 18 noyabr 2020-ci ildə Samux şəhər qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Nurəddin Hümbətov ölümündən sonra "Vətən uğrunda" , "Kəlbəcərin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhun şad olsun, igid qardaşım!