Bu gün haqqında söz açacağım daha bir qəhrəmanımız Vətən müharibəsi şəhidi Rəşad Fərəməz oğlu Məmmədovdur.
Məmmədov Rəşad Fərəməz oğlu 4 sentyabr 1989-cu ildə Gəncə şəhərində doğulub. 2006-cı ildə Gəncə şəhər 34 nömrəli tam orta məktəbi bitirib. 2006-2010-cu illərdə Gəncə Dövlət Universitetinin “Tarix-Corafiya ” ixtisasında təhsil alıb. 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılıb, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edib.
2013-cü ildə Gədəbəy rayonunun Qoşabulaq kənd 1 saylı tam orta məktəbində tarix müəllimi kimi əmək fəaliyyətinə başlayıb. 2018-ci ildə Gəncə şəhər M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbdə pedaqoji fəaliyyətini davam etdirib. 2019-cu ildə magistraturaya qəbul olub, 2021-ci ildə Gəncə Dövlət Universitetinin “Azərbaycanın yeni və ən yeni tarixi” ixtisası üzrə magistr pilləsində təhsilin fərqlənmə diplomu ilə bitirib.
Şəhidin anası Süleymanova Rəfiqə xanım deyir ki, işə gedirdim deyə Rəşadı bağçaya qoyurdum. Çox sakit uşaq idi. Çox rəhmdil, mehriban uşaq idi. Hərbiyə həvəsi vardı, əsgərləri görəndə çox sevinirdi. Evdə əsgər papağı vardı. Başına qoyaraq gedib küçədə hərbçilərə hərbi salam verərdi.
O, uşaq olanda Kəlbəcərdə düşməndən qaçırdı adamlar, mənə sual etdi ki, ana, bu kinodur? Dedim, yox, bu, bizim faciəmizdir. İnsanlarımızı vəhşicəsinə evlərindən qovurlar. Deyirdi, ana, mən böyüyüb onları evlərinə qaytaracağam.
Uşaqlıqda arxeoloq olmaq istəyirdi. Sağlığında jurnalist ondan müsahibə alanda dedi biz tarix yazmağa gəlmişik. Həmin döyüşdən öncə kəlmələrdən belə aydın olur ki, Rəşad özü tarix kitabı yazmasa da, tarix yazdı.
Mənə deyirdi ki, Seyfəlidəyəm burada hər şey əladır. Balamın şəhid xəbərini mənə qardaşım qızı Nailə dedi. Dedim, inanmaram! Gətirdilər tabutu, dedim o Rəşad deyil. Heç yuxuma da gəlmədi, nə bilərdim. Hələ də mən inamıram ki, Rəşad yoxdur.
Əsgər yoldaşları həmişə gələrkən, onun xatirələrindən danışırlar. Bu uşaqlardan böyük olsa da hamı Rəşadı çox istəyirdi. Hərbi hissədən komandirləri də məni ziyarətə gəlmişdilər. Hazırda oğlumun adına medallarından başqa heç nə yoxdur.
Allah şəhidlərimizə rəhmət eləsin! Bir şəhid anası kimi onu deyim ki, Allah bizə səbr versin. İgid oğullarımız, mərd xalqımız Prezidentin çağırışına cavab verdilər, dəmir yumruğun altında birləşdilər!"
Azərbaycan Ordusunun əsgəri olan Rəşad Məmmədov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Şuşanın azadlığı uğrunda gedən döyüş əməliyyatında vuruşub. Rəşad Məmmədov 8 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. 17 noyabr 2020-ci ildə Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Rəşad Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Ruhun şad olsun, şəhid qardaşım!