İyulun 22-də Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) və Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın xatirəsi də yad edilib, məzarı önünə çiçək dəstələri düzülüb.
Media rəhbərləri sonra Azərbaycan ilk mətbuat orqanı olan "Əkinçi" qəzetinin banisi Həsən bəy Zərdabinin məzarını ziyarət edib, önünə əklil qoyublar.
Mərasimdə çıxış edənlər əsası "Əkinçi" qəzeti ilə qoyulmuş Azərbaycanın milli mətbuatının keçdiyi tarixi inkişaf yoluna qısaca nəzər salıblar. Xüsusi vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin söz və mətbuat azadlıqlarının təminatı sahəsində yürütdüyü siyasət hazırda onun layiqli davamçısı - Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu düşünülmüş və məqsədyönlü siyasət ölkədə kütləvi informasiya vasitələrinin sürətli inkişafına və cəmiyyətdə layiqli yerini tutmasına imkan yaradıb.