
Ukrayna Daxili İşlər Nazirliyi iyunun 27-də Rusiya ordusunun Ukraynanın Kramatorsk şəhərindəki restorana raket hücumu nəticəsində ölənlərin sayının 12-yə yüksəldiyini açıqlayıb.
525.az nazirliyin sosial media hesabından edilən açıqlamaya əsasən bildirir ki, iyunun 27-də Rusiya əsgərlərinin Donetsk vilayətinin Kramatorsk şəhərində bir restoranı vurmasından sonra başlayan axtarış-xilasetmə işlərinin başa çatdığı bildirilib. İki gün davam edən axtarış-xilasetmə əməliyyatları zamanı 4 nəfərin cəsədinin restoranın dağıntıları altından çıxarıldığına diqqət çəkən açıqlamada: “Beləliklə, ölənlərin sayı 12-yə yüksəlib. Onların hamısının şəxsiyyəti müəyyən edilib”, - deyilib.
Açıqlamada həmçinin hücumda yaralananların sayının 65-ə yüksəldiyi vurğulanıb.
Qeyd edək ki, Kramatorsk Şəhər Şurasının internet saytında yer alan açıqlamada, Rusiya ordusunun 27 iyunda şəhərə etdiyi raket hücumunda həyatını itirənlər üçün 30 iyun və 1-2 iyul tarixlərində şəhərdə matəm elan edildiyi bildirilib.
Malik Atilay



