|
|
|
|

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 7-də Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu üçün sənəd qəbuluna başlayacaq.
DİM-dən 525.az-a bildirilib ki, müsabiqədənkənar qəbul olmaq istəyən abituriyentlər iyulun 7-dən 20-dək “Abituriyentin elektron ərizəsi”nin surətini, eləcə də müvafiq proqram üzrə əldə olunmuş təhsil sənədinin əslini və surətini Dövlət İmtahan Mərkəzinə və ya onun regional bölmələrindən birinə təqdim etməlidirlər.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB Diploma Programme), Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (Advanced Level of General Certificate of Education – A Level) və Yüksək yerləşdirmə (Advanced Placement – AP) bu proqramları üzrə təhsil almış abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.
Abituriyentlər beynəlxalq diplom üzrə nəticələrini elektron qaydada da DİM-ə göndərməlidirlər. Bunun üçün sənədi verən beynəlxalq qurumun rəsmi saytındakı şəxsi hesab və ya təhsil aldıqları məktəbin nümayəndəsinin hesabı vasitəsilə DİM-in institusional kodu (039315) daxil edilməklə nəticələrin Mərkəzə ötürülməsi təmin olunmalıdır.
Qeyd edək ki, bu kateqoriyadan olan abituriyentlər “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na uyğun olaraq Azərbaycan dili fənni üzrə ayrıca imtahan verərək məqbul qiymət almalıdırlar.
Məlumata görə, müsabiqədənkənar qəbul üçün minimal tələblər təhsil proqramına və qəbulun ödənişli və ya dövlət sifarişi əsasında aparılmasına uyğun müəyyən edilib. Qəbul olmaq istədikləri ixtisasın kodu isə DİM tərəfindən elan olunacaq müddətdə abituriyentlərin şəxsi müraciəti əsasında müəyyənləşdiriləcək.



