
Azərbaycanda rəsmi səfərdə olan Zimbabve Respublikası Milli Assambleyasının sədri Yakob Fransis Nzvidamilimo Mudendanın başçılıq etdiyi nümayəndə heyəti iyulun 6-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.
525.az-a bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti Bakıda Zəfər parkını ziyarət edərək abidə önünə əklil qoyub. Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə məlumat verilib.
Ziyarət zamanı nümayəndə heyətini Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, Milli Məclisin Zimbabve ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mahir Süleymanlı və digər rəsmi şəxslər müşayiət ediblər.



