
İranın Bojnurd və Məşhəd şəhərlərində havanın çirklənməsi səbəbindən dövlət qurumlarının fəaliyyəti dayandırılıb.
525.az Təsnim Xəbər Agentliyinin məlumatına əsasən bildirir ki, Şimali Xorasan Böhran İdarəetmə Meneceri Qulam Rıza Şəfiq mövzu ilə bağlı məlumat verib.
Şəfiq: "300 mikroqram/kubmetri keçən hava çirkliliyi səbəbiylə bu gün saat 10:00-dan sonra Bojnurdda dövlət qurumlarının fəaliyyəti dayandırıldı", - deyə bildirib. Məşhəd şəhərində havanın çirklənməsinin artması ilə əlaqədar dövlət qurumları və məktəblər bağlanıb.
Rezevi Xorasan Ətraf Mühitin Mühafizəsi üzrə meneceri Mehdi Divinepur bildirib ki, toz fırtınası səbəbindən Məşhəddə hava çirkliliyi 236 mikroqram/kubmetr səviyyəsinə çatıb. İran rəsmisi xalqı, xüsusən də ürək və tənəffüs sistemi xəstələrini məcburi olmadıqca evlərindən çölə çıxmamağa çağırıb. Məşhəd hava çirkliliyi ilə bağlı təcili işçi qrupu da şəhərdə dövlət qurumlarının və məktəblərin bağlandığını açıqlayıb.
Qeyd edək ki, hava keyfiyyəti indeksində bir kubmetr havada hissəciklərə (PM10) görə müəyyən edilən dəyərlər aşağıdakı kimi verilmişdir: 0-50 təmiz hava (yaşıl), 51-100 orta (sarı), 101-150 həssas (narıncı), 151-200 qeyri-sağlam (qırmızı), 201-300 pis (bənövşəyi), 301-500 təhlükəli (qəhvəyi).
Malik Atilay



