Bu günlərdə Azərbaycan Dövlət Kukla Teatrı yeni mövsümünü rejissor Saida Haqverdiyevanın quruluşunda hazırlanmış "Melisa" (əsərin səhnələşdirilməsi də rejissora aiddir) adlı yeni tamaşa ilə açdı. Daha çox film-tamaşa estetikasında qurulmuş "Melisa" Sevinc Nuruqızının eyniadlı nağıl-povestinin motivlərinə əsaslanır. Bu, Saida Haqverdiyevanın Kukla Teatrında "Ağca və yeddi Cırtdan", "Üç donuz balası" nağıllarına verdiyi maraqlı səhnə həllərindən sonra növbəti işidir.
Sankt-Peterburq Dövlət Mədəniyyət İnstitutunun məzunu, "Na Liteynom" teatrının bədii rəhbəri və direktoru Sergey Morozovdan rejissorluq dərsləri almış, kulturologiya elmləri doktoru, professor Eleonora Rıbakovanın kursunu bitirmiş rejissorun yaradıcılıq konsepsiyasına xas cəhətlər, üstünlük verdiyi metod artıq ilk işlərində özünü göstərir: çoxlu personaj və hadisələr, kinonun təbiətini xatırladan çoxplanlılıq, obrazları dolğunlaşdıran, xarakteri açan incə intonasiya vurğuları və xırda vizual ştrixlər, ən müxtəlif musiqi janr və kompozisiyalardan istifadə və s. Bir qayda olaraq, Saida Haqverdiyeva vahid süjet xəttinin ətrafında müxtəlif intonasiyalı, məzmunlu xırda hekayələr qururaq onu əsərin başlıca qayəsinə uyğunlaşdırır. Çoxqatlı təhkiyənin nizamlı düzülüşü, rəngarəng obrazlar onun tamaşalarını sabit dinamikada saxlayır. Sadaladığım cəhətlər "Melisa" tamaşasından da yan ötməyib...
Klassik Azərbaycan və dünya nağıllarının səhnə həllindən fərqli olaraq, "Melisa" rejissorun yozumunda dramatik gücü, sərt həyat həqiqətlərinin, konfliktlərinin daha dərin qatlarda təsviri ilə fərqləndiyi üçün 6 yaşdan yuxarı uşaqlar və eyni zamanda böyüklər üçün nəzərdə tutulub.
Süjetə əsasən, Melisa adlı gəlinciyini itirən Zöhrə, onu illər sonra qızı Sevincin vasitəsilə tapır. Bu müddət ərzində Melisa uzun, əzablı bir yolçuluğa çıxır, mərhəmətli və qəddar insanlarla rastlaşır. Müəllif qəhrəmanını çətin sınaqlardan keçirir, o, həyatda çox şeyi dərk edir, öyrənir, yetkinləşir, amma həyata, insana inamını, sevgisini və ümidini itirmir. Süjet boyu iki paralel dünya bir-birilə daimi konfliktdədir: Melisanın təmiz, səmimi dünyası və onu heyrətləndirən, kədərləndirən kobud reallıq.
Tamaşanın annotasiyasında deyildiyi kimi, "Melisa və onun "yaşadıqlarını" fərqli formalarla tamaşaçıya təqdim edən səhnə işinin əsas ideyası uşaqlara həyatın yalnız çəhrayı rəngdən ibarət olmadığını göstərməkdi". Saida Haqverdiyeva uzun illərdir ki, rəhbəri olduğu "Oyuq" teatr studiyasında uşaqlarla işləyir, onların iştirakıyla tamaşalar qurur; onun yetirmələri film və seriallara, reklam çarxlarına, dublyaja, tamaşalara dəvətlər alır və studiya eyni zamanda İncəsənət Universitetinə hazır kadrlar verir. Bunu ona görə deyirəm ki, rejissor-pedaqoq uşaqların psixologiyasını, reaksiyalarını, həssas nöqtələrini bilir. O səbəbdən "Melisa"da kuklalar vasitəsilə acı gerçəklikləri psixoloji basqı etmədən, yumşaq şəkildə, bir qədər də əyləncəli və rəngli dildə göstərir. Ekspozisiyada kuklaçı qadın, xeyirxah, müdrik Martanın idillik dünyasından tamaşaçını nağılçı Leyləyin tədricən təmkinli nəqli ayırır və o, Melisanın düşdüyü gözlənilməz vəziyyətlərə hazırlaşdırılır. Yaxud Melisanı oğurlayıb, təpikləyən dəcəl uşaq tamamilə qəddar xarakterizə olunmur, mətnində və davranışındakı nəzərə çarpan aqressiv komizm, həyata bu tərəfdən baxması onun özünün də bu dünyada yaxşını-pisi hələ fərq eləmədiyini, həm də "yaralı" uşaqlığını göstərir.
Saida Haqverdiyeva uşaqlarla iş və həyat təcrübəsi, iti müşahidəsi sayəsində cəlbedici xarakterlər yaradır: Melisanın köhnə, eybəcər olduğunu deyib təzə kuklası ilə ona acıq verən ərköyün qızcığaz, şirin dili, sevgisi ilə özünü sevdirməyi bacaran şıltaq Sevinc, dünyanın ədalətsizliyindən gileylənən, narazı, amma xeyirxah çəkməçi qoca obrazı və digərləri.
Tamaşanın diqqətçəkən cəhətlərindən biri səhnənin ifadəli vizual tərtibatı, hadisələrin məqsədini, əhvalını vurğulayan rəng həllidir. Bunun üçün dörd fərqli tərtibatdan (burda rejissorla rəssam Əfşan Əsədovanın uğurlu iş birliyini mütləq qeyd etməliyəm), insan hisslərinin - sevincin, ağrının, xiffətin, itkinin ifadəsinə çevrilən çeşidli rəng çalarlarına malik konstruksiyalı məkandan istifadə olunur. Küçəyə atılan Melisanı tapan balaca itin sahibəsi təkəbbürlü, snob, dözülməz zəngin bir qadındır. Qadının evinin nəfəsdaraldan tünd qırmızı boyalarla rənglənməsi, otağın mühafizəkarlığı, ətaləti ifadə edən klassik üslubu, Zöhrənin evinin isə əksinə, çəhrayı-ağ tonlarla, işıqlı rənglərlə həlli personajların daxili dünyası, mənəvi dəyərləri ilə uyğunlaşır, dekorasiyalar vasitəsilə səhnədə baş verən hər hadisənin emosiyası, energetikası ötürülür və məna tutumu genişlənir.
Bayaq "Melisa"nın "film-tamaşa" olduğunu təsadüfi demədim. Melisa adlı gəlinciyin itdiyini elan edən carçı obrazı, onun səhnənin kənarına qoyulmuş tumbaya itkin düşməsi haqda elanı yapışdırması, jurnalistin bu haqda informasiya toplaması, bütün obrazların pafossuz, təsirli oyunu, uşaqları diləndirən dəstənin həbsinin səs effektləri ilə işlənməsi, naturada radiodan yayılan, Səxavət Məmmədovun ifasındakı "Ay çiçək" mahnısı, qarışıq radio səsləri, çəkməçinin canlı plandan kukla planına orqanik keçidi, Melisanın itidiyi gün qaranlıqlaşan məkanda, kinonuar estetikasındakı aramsız, qorxulu yağış səsi bəyaz pərdədə əks olunan filmə bənzəyir. Bu qədər hadisə bolluğunun içində rejissor balaca tamaşaçılara təhsilin əhəmiyyətini də aşılayır; bunu bacısını vaxtsız itirmiş, xəstə anasının qayğısına qalan oğlanın hekayəsində vurğulayır və sözügedən xətti əsərin əsas ideyasına tabe edir.
Bu tamaşada rejissor minimalist tərzdə yazılmış musiqidən istifadə edir. Final səhnələrinə yaxın səslənən azan, kilsə zəngi və yəhudi azanının bir kompozisiyada bütünləşməsi mərhəmətin, sevginin dininin olmadığını, ideyanın bəşəriliyini bəyan edir.
Saida Haqverdiyeva Melisanın hekayəsini, əsərin ideya-problematikasını kəskin xarakter və hadisələrin kontrastında göstərir. Rejissor bədii niyyətini kiçik ölçülü, sadə kuklalar vasitəsilə və aktyorlara doğru mizanlar verməklə də çatır. Estetik zövqlə hazırlanan tamaşa diktə eləmir, o göstərir, düşünmək üçün imkanlar verir və katarsisə çağırır.
Aktyorlar Səriyyə Mansurova, Ülviyyə Əliyeva, Aygül Ağayeva, Cavid Telman, Elgün Həmidov eyni zamanda bir neçə obrazı canlandırırlar və aktyorların çevik plastikası, rejissor tapşırığını düzgün mənimsəmələri tamaşanın uğurunu təmin edən əsas faktorlardan birinə çevrilir.
Tamaşada eyni zamanda teatrın nəzdindəki "Oyuq" teatr-studiyası istedadlı yetirmələri Selcan Xatun (jurnalist obrazı) və İbrahim Laçın (carçı) yer alıb. "Melisa"nın daha bir maraqlı tərəfi onun dörd qadın müəllifin (rəssam Əfşan Əsədova, bəstəkar Röya Hüseynova, yazıçı Sevinc Nuruqızı və rejissor Saida Haqverdiyeva) birgə əməkdaşlığının məhsulu olmasıdır.