Prezident İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadəni 65 illik yubileyi münasibətilə təbrik edib.
Lent.az-ın QMİ-nin saytına istinadən verdiyi xəbərə görə, təbrik məktubunda deyilir:
“Hörmətli Şeyx həzrətləri!
Sizi – tanınmış din xadimini 65 illik yubileyiniz münasibətilə təbrik edir, Sizə uzun ömür, cansağlığı və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.
Azərbaycan xalqının milli-mədəni zənginliklərinin, mənəvi-əxlaqi sərvətlərinin qorunub saxlanması və ənənəvi dini dəyərlərə sadiqliyinin təmin olunması istiqamətində Siz uzun illərdən bəri uğurla fəaliyyət göstərirsiniz. Sizin iştirakınızla müstəqillik illərində müqəddəs kitabımız Quranın tərcüməsinin nəşrə hazırlanması xalqımızın dini maariflənməsinə misilsiz ərmağandır. Ölkəmizdə gənc nəslin islam adət-ənənələri ruhunda formalaşması işində gərgin əməyiniz təqdirə layiqdir.
Siz islam dünyasında dinə dair sanballı araşdırmalarınızla ilahiyyatçı alim kimi yüksək nüfuza maliksiniz. Beynəlxalq konfranslardakı çıxışlarınız Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına və islam dünyasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yönəlmişdir.
Xalqımızın həyatının çətin və mürəkkəb anlarında baş vermiş taleyüklü hadisələrlə bağlı nümayiş etdirdiyiniz əsil vətəndaş münasibəti Sizə böyük hörmət qazandırmışdır. Qanlı Yanvar hadisələri zamanı tutduğunuz mövqe şəxsiyyətiniz bütövlüyünü təzahür etdirir.
Müxtəlif dinlərin nümayəndələri ilə qarşılıqlı səmərəli əlaqələr qurmaqla Siz dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına bu gün də töhfə verirsiniz. Ölkəmizin dünyada tolerantlığın unikal məkanı olaraq şöhrət tapması və dinlərarası əməkdaşlığın yeni modelinin bərqərar olması üçün səylərinizi əsirgəmirsiniz.
Ümidvaram ki, bundan sonra da Azərbaycan xalqına layiqincə xidmət göstərəcəksiniz”.