|
|
|
|
"Əgər vətəndən uzaqdasansa, demək, mənsub olduğun xalqı, milləti təmsil edirsən. Sənə baxıb millətinə, ölkənə dəyər, qiymət verirlər, sənin timsalında tanıyırlar" - deyir müsahibim. Onun özü də belə millət, ölkə təmsilçilərindən biridir, əslində. Tədqiqatçı-türkoloq, yazar, Sankt-Peterburq Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin Azərbaycan dili müəllimi Şahnaz Kamal ilə söhbətimizi maraqlı, aktual mövzular üzərində qurmağa çalışdıq.
- Şahnaz xanım, yadınızdadırsa, sizinlə ilk dəfə 2019-cu ilin yayında Naxçıvan radiosunun efirində görüşmüşük. İllər keçib o vaxtdan. İstərdim, indi özünüzü oxucularımıza daha yaxından tanıdasınız.
- Bəli, o görüş xoş bir söhbət kimi xatirimdə qalıb. Naxçıvana qısa səfərimdə fürsətdən istifadə edib məni radio proqramına dəvət etməyiniz sizin xaricdə yaşayan soydaşlarımızı daim diqqətdə saxlamanızdan irəli gəlir. Özüm haqqında nə deyə bilərəm? Mən filologiya fakültəsinin bakalavr və magistratura pilləsini Bakı Dövlət Universitetində fərqlənmə diplomu ilə bitirmişəm. Aspirantura təhsilimi isə Sankt-Peterburq Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin türkologiya bölməsində almışam. Hazırda Sankt-Peterburq Dövlət Universitetində dərs deyirəm. Uzun illərdir, ailəmlə birlikdə Sankt-Peterburqda yaşayıram. Burada Azərbaycanla bağlı bir neçə kitab nəşr etdirə bilmişəm. Onlarla elmi, araşdırma və publisistik məqalələrin müəllifiyəm. Həm də hekayələr və nağıllar kitabım nəşr olunub.
- Sizi Azərbaycanı, azərbaycançılığı vətəndən kənarda təbliğ edən, onu qoruyan, milli dəyərlərə önəm verən azərbaycanlı xanım kimi tanıyıram. Sankt-Peterburq Dövlət Universitetində ana dilimizi tədris edən, bəlkə də, yeganə insansınız. Ana dilini vətəndən uzaqda tədris və təbliğ etmək necə hissdir?
- Xoş və qürurverici hissdir. Dilimizin gözəlliyini başqalarına öyrətdikcə daha dərindən duyur insan. Dediyim kimi, mən həm universitetdə Azərbaycan dilini tədris edirəm, həm də Rusiyada və digər ölkələrdə yaşayan rusdilli insanlara Azərbaycan dili dərsləri verirəm.
- Sözsüz ki, Sankt-Peterburqda çox sayda azərbaycanlı yaşayır. Və onların dilimizi öyrənməsi üçün görülən işlərdə sizin də əməyiniz var. Bildiyimə görə, Mayakovski adına kütləvi kitabxanada danışıq klubunuz fəaliyyətdədir. Orada nə kimi işlər görürsünüz?
- On ilə yaxındır Mayakovski adına kütləvi kitabxana ilə əməkdaşlıq edirəm. Kitabxana ilə ilk tanışlığım 2014-cü ildə oldu. O zaman kitabxananın "Xarici ədəbiyyat" bölümündə Azərbaycan dilində cəmi bir neçə kitab vardı. Mən bölmənin müdiri İrina Sergeyevna Toçilkina ilə görüşdüm və kitab hədiyyə etmək istədiyimi bildirdim. İrina Sergeyevna təklifimi məmnuniyyətlə qəbul etdi. Bir neçə il kitabxanaya kitablar hədiyyə etdim və onlar kataloqa salınıb rəflərə qoyuldu. Sonrakı dönəmdə kitabxana özü Azərbaycandan kitab sifariş etməyə başladı. İndi orada Azərbaycan dilində yüzdən artıq kitab var. 2014-cü ildən mən həm də kitabxanada Azərbaycanla bağlı tədbirlər keçirməyə, mühazirələr oxumağa başladım. 2015-ci ildə "Azərbaycan kinosu həftəsi" oldu. Bir həftə ərzində rus dilində altyazı ilə Azərbaycanca filmlər nümayiş etdirdim.
Kitabxanada "Oxuyan Peterburq" müsabiqəsi keçirilirdi. Azərbaycan yazıçılarının da romanları bu müsabiqədə iştirak edə bilmişdi və Şərif Ağayarın "Arzulardan sonrakı şəhər" romanı ikinci yerə layiq görülmüşdü. Çox təəssüf ki, o layihə bağlandı. Bundan başqa, dəfələrlə Azərbaycan yazıçıları ilə onlayn görüşlər təşkil etmişəm. Məsələn, Çingiz Hüseynov, Elçin Hüseynbəyli, Orxan Fikrətoğlu ilə oxucuların onlayn görüşləri olub.
2017-ci ildə kitabxanada Şərq Mədəniyyəti Bölümü fəaliyyətə başladı. Bu bölümün müdiri Mariya Zuyeva ilə birlikdə onlarla tədbir, elmi konfrans, görüşlər keçirmişik. 2021-ci ildə Əzizə Cəfərzadənin 100 illiyinə həsr olunmuş, Türkiyənin Kafkas Universiteti ilə birlikdə təşkil etdiyimiz elmi konfrans buna misal ola bilər. Eyni zamanda, mütəmadi olaraq kitabxanada Azərbaycanla bağlı tədbirlər keçirir, mühazirələr oxuyuram. Bu il də "Azərbaycanda Yeni İl" adlı tədbirim oldu. Beş ildir, bu kitabxananın nəzdində fəaliyyət göstərən danışıq klubum var. Klub pandemiyaya qədər canlı idi. Pandemiya dönəmində və sonra onlayn oldu. İndi isə qarışıqdır, bəzən Zoom tətbiqi üzərindən olur, bəzən də kitabxananın özündə canlı keçirik.
- Kitabxanadakı tədbirlər necə qarşılanır?
- Mən orada, əsasən, Azərbaycan dili və ədəbiyyatı, mədəniyyəti, mətbəxi və sair mövzularda mühazirələr oxuyuram. Novruz bayramını, Həmrəylik Gününü, Yeni İli qeyd edirik. Bəzən filmə baxırıq. Məsələn, bu il "Əlvida, Şmidt!" filminə baxdıq, sonra da filmin rejissoru Əli-Səttar Quliyev və baş rolun qəhrəmanı Azər Aydəmir ilə onlayn görüş oldu. Çox yaxşı qarşılandı. İzləyicilər xeyli maraqlı suallar verdilər. Burada nəşr etdirdiyim kitabların təqdimatı da, adətən, kitabxanada olur. Bundan əlavə, kitabxananın təşkil etdiyi festivallara da dəvət alıb iştirak edirəm.
- Başqa millətlərin Azərbaycan dilinə marağı necədir?
- Mən rusdillilərə Azərbaycan dilini öyrədirəm. Onlar da, əsasən, ya ruslar, ya Rusiyada böyüyən azərbaycanlılar olurlar. Bəzən sadəcə maraq üçün, ya da iş üçün dilimizi öyrənənlər də olur. Amma onların sayı azdır. Maraq var, dilimizi öyrənənlər çoxdur. Uşaqlar dilimizi öyrənəndə lap çox şad oluram. Onlar Rusiyada və digər ölkələrdə yaşayan azərbaycanlı uşaqlar olur. Evdə rusca danışıldığından, azərbaycancanı ya heç bilmirlər, ya da pis bilirlər.
- Şahnaz xanım, gördüyünüz işlərin daha da səmərəli olması üçün əyani vəsaitlərə ehtiyac var. Xüsusən kitablara. Bu istiqamətdə hansı işləri görmək mümkün olub?
- Elədir, vəsaitə çox ehtiyac var. Bunu nəzərə alaraq, 2021-ci ildə Sankt-Peterburqda Gülşən Həbibova ilə birlikdə "Uşaqlar üçün Azərbaycan dili" adlı bir kitab nəşr etdirdik. Deyim ki, çox yaxşı qarşılandı. Tirajı bitmək üzrədir. Dərs dedikcə, uşaqlar üçün nağıllar da yazmağa başlamışdım. 2021-ci ildə Bakıda "Xallı" nağıllar kitabım nəşr olundu. O kitabın Peterburqda yerləşən, ən böyük kitab mağazası olan "Kitablar Evi"ndə satışını həyata keçirdim. Çünki azərbaycanca nağıllara ehtiyac var. O kitabın da tirajı bitib. Artıq başqa bir nağıl kitabım da nəşrə hazırlanır.
Bundan əlavə, rusdilli uşaqlar üçün yeni bir Azərbaycan dili öyrədəcək kitabın üzərində işləyirəm.
- Sankt-Peterburqda necə, nəşr etdirdiyiniz kitablar varmı?
- Orada nəşr etdirdiyim ilk kitab "Azərbaycan Respublikası 100" adlı elmi məqalələr toplusu oldu. Daha sonra, 2022-ci ildə Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş elmi məqalələr toplusunu, 2023-cü ildə isə "Azərbaycan nəsri antalogiyası"nın birinci hissəsini nəşr etdirdim. Bu istiqamətdə fəaliyyətim davam edəcək. Artıq bəzi addımlar atılıb. Böyüklər üçün yazdığım "Azərbaycan dilini müstəqil öyrənin" kitabı isə nəşriyyatdadır. 2024-cü ildə burada nəşr olunacaq.
- Şahnaz xanım, bir məqam mənim üçün maraqlıdır. Əvvəllər məğlub bir ölkəni təmsil edən siz, çox şükür ki, indi qalib Azərbaycanın vətəndaşı kimi bizi Sankt-Peterburqda təmsil edənlər sırasındasınız. Məğlub və Qalib - bu iki duyğunu necə dilə gətirərdiniz?
- Mən məğlub ölkənin vətəndaşı olmaq acısını da, qalib ölkənin nümayəndəsi olmaq qürurunu da yaşamışam, yaşayıram. Öncə, bu qüruru mənə yaşadan hər kəsə minnətdarlığımı bildirir, şəhidlərimizə rəhmət diləyir, xatirələri qarşısında baş əyirəm. Qələbə bizim qəddimizi dikəltdi, başımızı uca etdi. Yad ölkədə nüfuzumuzu qaldırdı. Əslində, Peterburqun əhalisi mədənidir, mənim çevrəm də akademik çevrədir. Buna baxmayaraq, 2020-ci ildən sonra mənə münasibətdə dəyişiklik, istiləşmə, daha çox hörmət gördüm. Azərbaycanda yaşayanlar bunu həyatlarında necə hiss edir, bilmirəm, amma mən qürbətdə yaşayan biri kimi, bunun həyatıma təsirini aydın görürəm, hiss edirəm.
- Qərib olmağın mənfi və müsbət tərəfləri - sizin nəzərinizdə, təbii ki...
- Mənfi tərəfi odur ki, harada olursan ol, yaşadığın ölkədə hansı mövqedə olursan ol, sən gəlməsən, yadsan. Bunu bir gün sənə deyəcəklər, hiss etdirəcəklər. Qürbətdə olmağın başqa bir yanı da istədiyin vaxt əlinin doğmalarına çatmamasıdır. Müsbət tərəfinə gəlincə, bilmirəm bunu müsbət adlandırım, ya yox, amma əgər vətəndən uzaqdasansa, demək, mənsub olduğun xalqı, milləti təmsil edirsən. Sənə baxıb millətinə, ölkənə dəyər, qiymət verirlər, sənin timsalında tanıyırlar. Bu, məsuliyyətdir. Bunu dərk etmək lazımdır. Məncə, hər kəsin missiyası var. Bunun fərqində olmaq lazımdır. Məsələn, niyə məhz Peterburqdayam? Bakıda yox, buradayamsa, bunun səbəbi nədir və burada olmağımın mənə, mənsub olduğum xalqa nə xeyri var? Qazandığımla itirdiyimin mütənasibliyi necədir? Qürbətdə olanlar bunu dərindən düşünməlidirlər, məncə.
Fransız heykəltaraşı Bruno Katalanonun məşhur heykəlləri var - "Səyyahlar". Bu heykəllərin bədəninin əhəmiyyətli bir hissəsi yoxdur. Bu cür boşluğun səbəblərini ancaq təxmin etmək olar: bu insanlarda nəsə çatışmır, yoxsa səyahətləri zamanı sadəcə olaraq ruhlarının bir hissəsini harasa buraxıblar? Məncə, bu heykəlləri "Qərib" də adlandırmaq olar.
Türkiyəli şair Kamaləddin Kamunun məşhur misraları var:
Mən qürbətdə deyilim,
Qürbət mənim içimdə.
Mənsə bunu başqa cür deyərdim:
Mən vətəndə deyiləm,
Vətən mənim içimdə.
Harada olmağımdan asılı olmayaraq, vətən mənim içimdə, ürəyimdədir.
- O şəhərdə sizinlə həmrəy olan insanlar kimlərdir?
- Bildiyiniz kimi, Rusiyada çox sayda azərbaycanlı yaşayır. Sankt-Peterburqda da onların sayı kifayət qədərdir. Ona görə də Peterburqda bir neçə diaspor təşkilatı fəaliyyət göstərir. Məsələn, Vaqif Məmişovun başçılıq etdiyi "Milli Mədəni Muxtariyyət", Xeyransa Mirzəyevanın başçılığı ilə "Çinar", İdris Qəhrəmanovun "Naxçıvan" təşkilatı. Mən hər biri ilə əməkdaşlıq edir, tədbirlərinə qoşuluram.
Təranə ARİFQIZI