|
|
|
|
Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) rəhbəri, professor Aygün Əttarın araşdırmaçı-yazar, təhsil eksperti Şəhla Aslanla söhbəti
- Aygün xanım, tərcümeyi-halınız, fəaliyyətiniz məndə belə təəssürat yaradır ki, sizinlə hər mövzuda danışa bilərik. Amma gəlin, bu dəfə söhbətimizə bu illə bağlı təəssüratlarınızdan başlayaq: 2023 sizin üçün necə bir il oldu?
- Şəhla xanım, mənə elə gəlir ki, özüm də daxil olmaqla, 2023 bütün azərbaycanlıları xoşbəxt edən bir il oldu. Hazırda Azərbaycanın bütün ərazisində, əzəli-əbədi torpaqlarında üçrəngli bayrağımız dalğalanır. Dövlətimiz bir çox təxribatlara rəğmən, öz suverenliyini tam təmin edə bildi. Uğurlu antiterror tədbirləri, Xankəndidə dalğalanan bayrağımız, Qarabağ Universiteti, digər nailiyyətlər - bütün bunlar bu il baş vermiş son dərəcə qürurverici hadisələrdir. Bu yaxınlarda Zəngilana getdim. İşğaldan azad olunmuş bölgələrə yenidən qayıdan insanlarla görüşmək fürsətim oldu. Həm duyğulandım, həm içim fərəhlə doldu. Vaxt vardı, bayramlarda bir-birimizə təbrik yazanda deyirdik ki, gün o gün olsun, bayramı Qarabağda - Şuşada, Ağdamda, Füzulidə... keçirək. Allaha şükür, bunlar oldu! Bu nöqteyi-nəzərdən 2023 çox gözəl bir il oldu deyə bilərik. Təbii ki, Azərbaycan ərazi bütövlüyünü asan bərpa etmədi. Şəhidlər verdik. Bu baxımdan həm də bir qədər kədərli il yaşadıq.
- İl üçün planlarınızı yekunlaşdıra bildinizmi?
- Bilirsiniz ki, mən çox aktiv insanam. Məndə işlər planla, proqramla bitmir ki! Biri bitir, ardından digəri başlayır. İşlərin bir qismi yekunlaşdı, gələn ilə qalanlar da var.
- Bəs TADİV-in fəaliyyəti nə səviyyədə oldu?
- TADİV 26 il bundan qabaq - 1997-ci ildə professor-doktor İhsan Doğramacının rəhbərliyi və Ümummilli lider Heydər Əliyev tərəfindən iki ölkə arasında münasibətləri inkişaf etdirmək məqsədilə yaradılmış bir Fonddur. İhsan hocanın təməlini atdığı bu fond, Türkiyə-Azərbaycan münasibətləri başda olmaqla, Türk Dünyası ilə bağlı çoxşaxəli fəaliyyət həyata keçirir. Burada elmi, mədəni, siyasi fəaliyyətimiz var. Əsas olaraq da mədəni fəaliyyətlərimiz. Amma bununla birlikdə, siyasi fəaliyyətlərimiz də var. Biz dövlətlərin rəsmi olaraq bildirməməsi gərəkən, lakin cəmiyyətimizin bilməsi vacib olan məsələlərə diqqət çəkirik. Bu il ərzində də Qarabağla, mədəniyyət tariximizdə önəmli yeri olan şəxsiyyətlərimizlə bağlı çox sayda proqramımız oldu. Gələcək ildə yenə ciddi tədbirlərimiz olacaq. Məsələn, Fransada "Məclisi-üns"lə bağlı çalışmalarımızı qeyd edə bilərəm.
- "Məclisi-üns" və Fransa...
- Bəli. Bu proqramın Fransada keçirilməsilə bağlı ilkin rəsmi müzakirələrimizi də etmişik. Məqsədimiz "Məclisi-üns"ün dünya ictimaiyyəti tərəfindən tanıdılmasına nail olmaqdır. "Məclisi-üns"ün tarixi çox qədimdir. Bu, sadəcə şairlərin şeir söylədikləri yer deyildi. Həmin məclisdə bölgənin, yəni Qarabağın problemlərini anlayan, onların həll yollarını göstərən xoşməramlı ziyalıların toplaşıb ciddi müzakirələr apardıqları bir yer idi. Həm də sosioloji mərkəz idi. Bəli, ilk sosioloji mərkəz Qarabağdakı "Məclisi-üns" idi. Adı fərqli ola bilər. Lakin mahiyyət eyni idi. Və buna rəhbərlik edən isə Azərbaycan qadını - Natəvan olmuşdu.
- Bu addımla Fransaya nə demək istəyirsiniz?
- Avropada yanlış olaraq bilinir ki, guya sosioloji mərkəz onlarda olub. Xeyr! Biz dünya ictimaiyyətinə çatdırmaq istəyirik ki, ilk sosioloji mərkəz Azərbaycanda - Qarabağda qurulub. Əslində, fransız cəmiyyəti Qarabağı çox yaxşı tanıyır. Məsələn, Qarabağda doğulmuş Əhməd Ağaoğlu Sorbonna Universitetində təhsil alan ilk azərbaycanlıdır. Orada həm hüquq, həm də sosiologiya təhsili alıb. Təhsilini bitirdikdən sonra orada fransızlara, ingilislərə mühazirələr oxuyub. İndi ABŞ, Fransa, İtaliya qadın-kişi bərabərliyindən, haqq-ədalətdən dünyaya dərs verməyə çalışır. Vaxtında Əhməd Ağaoğlu böyük kürsülərdən onlara bu mövzuda çox dərs verib. Nə qədər adam bunu bilir? Çox az. Ona görə də bütün bunları - Türk qadınının o vaxtki cəmiyyətdə rolunu, aktivliyini - Natəvanı, Sürəyya Ağaoğlunu, elə Əhməd Ağaoğlunu da onlara yenidən xatırlatmaq üçün 2024-cü ildə Fransada bir neçə tədbir nəzərdə tutmuşuq.
- Bir qədər əvvəllərə nəzər salaq. Tədqiqatçı, elm adamı, sonra dekan, rektor yardımçısı, rektor... İndi də Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, TADİV-in başqanısınız. İndiki Aygün Attarın uğurlu karyera həyatı necə başlayıb?
- Uğur asan əldə edilmir. Mən rektor olmaqdan öncə, YÖK (Yüksek Öğretim Kurulu) komissiyasında çalışdım. Bu, son dərəcə əhəmiyyətli bir vəzifə idi. Sonra uzun illər Genelkurmay Başkanlığı Askeri Tarih Strateji Merkezində fəaliyyət göstərdim. İdarə heyətinin üzvü idim. Birləşmiş Millətlər Təşkilatının himayəsi altında YUNESKO-da qadın-kişi bərabərliyi, qadının gücləndirilməsi məqsədli kafedra qurdum, universitetdə bu kafedraya rəhbərlik elədim. Bu iş çox az bilinir. BMT tərəfindən qadın-təhsil, qadın-media mövzulu toplantılara dəvət edildim. Bu toplantılarda həm bir qadın olaraq, həm də o vaxt torpaqları işğal altındakı bir qadın kimi hisslərimi anlatmağa gərək duydum. İndi Türkiyə-Azərbaycan münasibətləri yüksək səviyyədədir. Axı biz 30-35 il əvvəlin söhbətini edirik. Nə qədər bir millət də olsaq, nə qədər eyni kökdən də gəlsək, bir nəfər müəllimim belə olmadığı, bir nəfər azərbaycanlı tələbə yoldaşımın olmadığı bir mühitdə bunları yaşamışam. O dövrün şərtləri elə idi ki, məncə, Azərbaycandan kim olsaydı, mənim kimi hərəkət etmək məsuliyyətini özündə hiss edəcəkdi. Bilirsiniz, o vaxt radio-televiziya indiki səviyyədə deyildi. Sosial media, mobil telefon yox idi. Ölkəmizin 20 faizi işğal altında idi. Bu həqiqətləri nəinki dünyada, Türkiyədə belə bilənlərin sayı çox az idi. Yəni bu, bir missiya idi, tarixi bir missiya. Həm də çox böyük bir vətəndaşlıq məsuliyyəti! Bunları anlatmalıydıq. Mən o vaxt həm də ana idim. Uşaqlarıma ayıracağım zamandan kəsib vətənimin gerçəklərini Türkiyədə, eləcə də dünyada izah etməyə çalışırdım. Bir də baxdım, Türkiyədə məşhuram. Qatıldığım TV proqramları, tədbirlər burada böyük rol oynamışdı. Bəzən bu proqramlara yüksək temperaturla, xəstə halda qatılırdım. Bu, vətənimə sevgimdən irəli gəlirdi. Yeri gəlmişkən, mənim namizədlik dissertasiyam siyasi mühacirətlə bağlı idi. Bu, Azərbaycanda həmin mövzuda ilk elmi iş idi. Mühacirət tarixini, şəxsiyyətlərinin həyatlarını detallı araşdırmışdım.Və o dövrün şəxsiyyətlərinin mücadiləsini davam etdirmək borcumu hiss edirdim. Fikirləşirdim, onlar necə qeyrətli imişlər, necə böyük mücadilələr verərək, çətinliklərlə Azərbaycan üçün çalışıblar. Biz də o yolu davam etdirməliyik...
- Belə anlaşılır ki, Vətən yolunda çalışmaq missiyasını içdən-içə hiss etmisiniz. Bəs əsas hədəfiniz nə idi? Hansı nöqtəyə çatmaq istəyirdiniz?
- Təşəkkür edirəm, Şəhla xanım! Sizin bu sualınız məni çox duyğulandırdı. Çünki o yaşadıqlarımı təkrar xatırladırsınız (qəhərlənir). Mənim tək hədəfim vətənimin faciələrini, torpaqlarının işğal altında olmasını, tarixi həqiqətlərimizi daha çox insana çatdırmaq olub. Elmi işlərim, məqalələrim, siyasi platformadakı çıxışlarım hər zaman Vətənimə sonsuz bağlı olmağımdan qaynaqlanıb. Mən bunları anlada-anlada, heç bilmədim, necə oldu, belə çox axtarılan bir şəxsə çevrildim, məşhurlaşdım. O zamanlar mənə güc verən həm dəTürkiyənin dörd bir yanındanünvanıma gələn çoxsaylı təşəkkür məktubları idi. Vətən yolundakı fəaliyyətim yüksək qiymətləndirilirdi. O məktubları indi də arxivimdə saxlayıram. Bütün bunları edərkən heç bir şəxsi mənfəət gözləmirdim. Yeri gəldikcə, açıq tənqidlərim də olurdu. Kiminsə xətrinə dəyəcəyindən, ifadəmin mənə problem yaradacağından çəkinmirdim. Elə buna görə də, çox əngəllərə məruz qalırdım. PKK tərəfindən uşaqlarımla təhdid olunurdum. Erməni diasporunun hücumlarına məruz qalırdım. Hətta bir dəfə Xocalı soyqırımı ilə bağlı tədbirdə çıxış etmək üçün Stokholmdan Malmöyə getdiyim zaman təyyarəyə bomba qoyulması xəbərini də aldıq. Daha nələr, nələr...
- Hətta bu qədər?!
- Əlbəttə! Mən bütün bunları yaşamışam. Dönüb keçmişimə baxanda həm qürur duyuram, həm də heyrətlənirəm ki, bütün bunların öhdəsindən necə gəlmişəm?! İndi siz burdasınız, jurnalist kimi çalışır, elmi araşdırmalar aparır, pedaqoji fəaliyyət göstərir, cəsarətli çıxışlar edirsiniz. Sizinlə qürur duyuram. Axı o vaxt sizin kimi gənclər yox idi burada. Mən tək mücadilə edirdim. Sağımda-solumda Azərbaycandan kimsəni görmürdüm. Onda çox çətin idi...
- Mən dəqiq bilirəm ki, hazırda Aygün Attar Türkiyədə çox sayda azərbaycanlının ümid, güvən yeridir. Hər kəs ilk sizi axtarır, dərdini, problemini ilk sizə deyir. Sizcə, niyə belədir? Axı burada rəsmi qurumlarımız da var, imkanları sizdən çox geniş olan azərbaycanlılarımız da...
- Bilirsiniz, qızım, mənim Türkiyədə ailəm və 3 övladımdan başqa bir qohum-əqrabam olmayıb. Lakin həyatım boyu çox insana dəstək olmağa, sahib çıxmağa çalışmışam. Bəzən heç tanımadığım insanlar gecə yarısı zəng edib, hər hansı problemlə bağlı dəstək istəyirlər. Düşünün, necə həyəcanlanıram ki, bəlkə Azərbaycanda doğmalarımın başına bir iş gəlib! Səlahiyyətim daxilində olmayan çox işlərə, problemlərə dair dəstək istəyənlər olur. Tələbə də probleminə görə mənə zəng edir, sıravi vətəndaş da! Zəng edənlərin çoxunu da tanımıram. Lakin əlimdən gələn qədər dəstək oluram. Hər kəsə cavab verməyə çalışıram. O gün tədbirdə bir qızımız yaxınlaşıb ki, Aygün xanım, mən tələbə olanda uzun müddət sizin evinizdə qalmışam. İnanın, xatırlamadım. Bir vaxtlar yataqxana problemi olan tələbələri öz evimdə yerləşdirirdim ki, təhsilləri yarımçıq qalmasın, oxusunlar. Lakin mənim təhsil aldığım vaxtlarda Türkiyədə kimim var idi?! Heç kimim! Əfsuslar olsun ki, bəzi xahişləri yerinə yetirə bilmədiyim üçün gedib orda-burda ədalətsiz şəkildə danışırlar ki, Aygün Attar bizə kömək etmədi və sair.
- Bəs Türkiyədəki rəsmi qurumlarımızın, təmsilçilərimizin fəaliyyəti?
- Onlar da edirlər. Bəzi məsələləri rəsmi qurumlarımıza yönləndirirəm. Amma onların da fəaliyyət çərçivəsi var. Səfirlik, konsulluq da müəyyən standartlarla çalışırlar. Dövlət içində dövlət olmur ki. Bəzən dostluq əlaqələrimizdən yararlanır, iş adamlarından nəsə xahiş edirik, nədəsə kömək istəyirik. Bunu edə bilmədiyimiz zamanlar da olur. O zaman düzgün anlaşılmırıq. Bəziləri elə məsələlər üçün müraciət edirlər ki, eşitsəniz, şoka düşərsiniz. Mənim ən narazı olduğum məsələ attestatla universitetlərə gələn tələbələrlə bağlıdır.
- Sizcə, problem nədədir?
- Əvvəla, bunlar ailələrinə böyük yükdürlər. Burada onlardan özəl universitet şərtlərinə bərabər ödəniş alırlar. Düz də edirlər. Daha sonra, imtahanlardan keçmək məsələsi var. Bunun üçün çalışmaq lazımdır. Yəqin ki, siz də qarşılaşmısınız, dəfələrlə zəng edirlər ki, uşağımın filan universitetdə kəsiri, ya da davamiyyət problemi var, onu həll etdirin.
- Hə, çox olur!..
- Burada universitetlərin öz daxili qanun-qaydası, qərarları var axı! Qıraqdan müdaxilə etmək olmur. Bizimkilərin çoxuna bunu anlatmaq mümkün deyil, inciyirlər. Mənim böyük qızım da burada tibb təhsili aldı. Bir dəfə universitetdə kəsiri oldu, kursda qaldı. O zaman mən prorektor idim. Nə onun bir gözləntisi oldu məndən, nə də mən müdaxilə etdim. Sonra yenidən hazırlaşdı və uğurla keçdi imtahandan. Bəzi məsələlər üçün adam xahiş etməyə, kimdənsə nəsə istəməyə utanır. Etik də deyil. Adın gedir, hörmətin düşür. Deməyim odur ki, insanın xeyirxahlığından, mərhəmət duyğusundan sui-istifadə edilməməlidir.
- Aygün xanım, fəaliyyətinizin böyük hissəsini həsr etdiyiniz Qarabağ problemi artıq həll olunub. Azərbaycanlılar tarixi torpaqlarına dönürlər. O bölgənin bundan sonrakı həyatı barədə nələr düşünürsünüz?
- İşğaldan azad olunmuş yerlərə Böyük Qayıdışı düzgün bir şəkildə planlamaq elə o torpaqları işğaldan azad etmək qədər çətindir. Hər istiqamətdə - təhsil, səhiyyə, dövlət qurumlarının təmsilçilikləri, işlə təminat və air - bunları gərəkli səviyyəyə gətirmək ciddi vəsait və əmək istəyir. Digər bir nüans: məsələn, işğaldan əvvəl oralarda yaşayanların çoxusu artıq rəhmətə gedib. İndi oraya köçənlərin çoxu yeni nəsil olacaq. Onlar böyük şəhərlərdə - Bakıda, Sumqayıtda yaşayıblar, fərqli psixologiyada böyüyüblər. Deməli, ehtiyacları da fərqli olacaq. Bütün bunlar, təbii ki, nəzərə alınır. Bir sözlə, bütün işlər sevgiylə, böyük həyəcanla həyata keçirilir.
Mən o torpaqlara getdikdə də, cənab Prezidentlə görüşlərimizdə də şahid oluram ki, Qarabağ bölgəsində işlər yüksək ciddiyyətlə, məsuliyyətlə həyata keçirilir. Siz də gedəndə görəcəksiniz. Yeri gəlmişkən, orada təhsil müəssisələrindən birində çalışmanızı tövsiyə edirəm.
- Sevinə-sevinə gedərəm. Təki təklif gəlsin!
- Gələr! Orada sizlərə ehtiyac var. Ciddi layihələrə başlanılıb. Bilirəm ki, cənab Prezident özü şəxsən nəzarət edir, mütəxəssislərlə müzakirələr aparır. İnşallah, gedəndə görəcəksiniz ki,ermənilərin qorxunc vəziyyətdə buraxdıqları bölgə yenidən canlandırılır, oralara həyat qayıdır.
- İstərdim, təhsil mövzusu üzərində geniş dayanaq. Türkiyə-Azərbaycan Universiteti ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı.
- Təhsil naziri açıqlama verdi bu universitetlə bağlı. Artıq anlaşmalar imzalanıb. Qurulmasına başlanılıb. Burada təhsilin səviyyəsiylə bağlı ciddi gözləntilərimiz var. Bütövlükdə ölkə üçün keyfiyyətli təhsil ocağı olacağına ümidimiz böyükdür. Hazırda bu istiqamətdə işlər davam edir.
- Necə bir modeldən istifadə ediləcək, məlumatınız varmı?
- Mən bunu təhsil nazirindən və YÖK başqanından soruşdum. Bilirsiniz ki, Azərbaycanın təhsil sistemi Türkiyənin təhsil sistemindən fərqlidir. Hər iki təhsilin ən yaxşı yönlərini örnək alıb ortaq bir model hazırlayacaqlar, bildiyim qədər.
- Bəs kadr məsələsi necə olacaq?
- Mən nazirlə söhbətimizdən anladım ki, ilk mərhələdə pedaqoji heyət Türkiyədən gələcək. Rektor Azərbaycandan olacaq, digər yardımcılar Türkiyədən. Burada Türkiyədəki vakıf-fond universitetlərindəki kimi Mütəvəlli Heyət olacaq, alınan qərarlar heyət tərəfindən müzakirə ediləcək.
- Qarabağ Universiteti də açılır. İxtisaslara baxdım, yeniləri yoxdur. Pedaqoji Universitetlə eynilik təşkil edir...
- İxtisaslar haqda məlumatım yoxdur, baxa bilməmişəm. Yeni ixtisaslar gözləməkdə haqlısınız. Lakin universitetlərin strukturunu yenidən hazırlamaq da asan deyil. Qarabağda Pedaqoji Universitetin bir filialı var idi. Bəlkə də, "hazır olan o modeli tətbiq etmək, getdikcə genişləndirmək daha düzgündür" deyə düşünüblər. Sonra bölgədə sıfırdan başqa bir universitet də qurmaq olar. O zaman, sizin də dediyiniz kimi, orada yeni, müasir ixtisaslar mütləq açılmalıdır. Məsələn, bir Aqrar Universiteti qurula bilər.
- Bütövlükdə Azərbaycan təhsil sistemi ilə bağlı nə düşünürsünüz? Necə bir dəyişiklik etmək olar?
- Mənim könlümdən keçən Finlandiya təhsil sisteminin olduğu kimi Azərbaycana tətbiqidir. Deyəcəksiniz ki, niyə Finlandiya? Birincisi, Finlandiyada dünyanın ən öndə gedən, ən uğurlu təhsil sistemlərindən biri tətbiq olunur. İkincisi, Finlandiya kimi Azərbaycanın da əhalisi çox sıx deyil. Dolayısıyla, bu modellə təhsilin yenidən şəkillənməsi Azərbaycanda mümkündür. Və bu, gecikmədən edilməlidir.
Azərbaycan 20 faiz torpaqlarını yenidən inşa edir. Peşə təhsilinə ciddi ehtiyac var. Məsələn, indi peşəkar təmirçiləri rahat tapa bilirik? Xeyr. Türkiyədə də bu problem var. Evdə bir cihazımız pozulur, yaxşı usta tapa bilmirik. Hazırda Azərbaycanın çox ehtiyac duyduğu işlərdən biri də ölkənin siyasi və iqtisadi durumunu nəzərə alaraq təhsil sistemini yenidən qurmaqdır. Bəzi peşələr var ki, dünyada çox prestijlidir, amma Azərbaycanda o peşəyə sahib olsan, çox üstün zəka ilə də o peşəni icra edəcəyin bir yer yoxdur. Lakin bəzi peşələr də var ki, Azərbaycanın yeraltı sərvətlərini, ekologiyasını nəzərə alaraq daha ön planda tutmaq lazımdır. Məsələn, Azərbaycanın kənd təsərrüfatıyla bağlı ixtisaslara çox ehtiyacı var. Təhsil naziri də bunu təsdiq etdi.
- Son olaraq: 2024-dən ilk növbədə nələr gözləyirsiniz? Sizcə, Azərbaycan və Türkiyə üçün necə bir il gəlir?
- Məncə, 2024 Azərbaycan və Türkiyə üçün böyük uğurlarla zəngin bir il olacaq. Bu, səbəbsiz deyil. Həm elm adamı, həm də siyasətçi kimi real mənzərədən çıxış edərək deyirəm bunu.
-Yəni?..
- Dünya gündəmindəki hadisələr, beynəlxalq siyasətdə güc tarazlığının dəyişməsi, Yaxın Şərqdə, ABŞ-də yaşananlar, ədalət anlayışının dünyada iflasa uğraması və sair - bütün bunlar yeni ildə dünyaya fərqli bir nizam gətirə bilər. Bu mənada Azərbaycan Türkiyə ilə birlikdə yeni dünya nizamı üçün öz hazırlığını görüb artıq. Azərbaycanın təbii qaz siyasəti, enerji strategiyası bu cəhətdən son dərəcə əhəmiyyətlidir. Bundan əlavə, Azərbaycan özünü bölgədə geopolitik baxımdan dominant ölkə kimi qəbul etdirib. Burada yalnız Qarabağ Zəfərimizi nəzərdə tutmuram. Azərbaycan bölgədə güclü bir dövlət olaraq siyasi gedişata ciddi təsir edə bilir. Asan məsələ deyil, amma hazırda bu siyasət uğurla həyata keçirilir.
- Bəs şəxsən necə, gələn ildən hansı gözləntiləriniz var?
- Qızım, yeni ildə yenə də bol-bol çalışmaq görürəm özüm üçün (gülürük). TADİV olaraq da fəaliyyətimizə ciddi şəkildə davam edəcəyik. Son dörd ildə işimizin səviyyəsini xeyli yüksəldə bildik. Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən keçirilən bir araşdırmada cəmiyyətdə ciddi rəy yarada bilən ictimai təşkilatlar arasında 10-cu olduq. Yenə də fəaliyyətimizə elm adamları, siyasətçilər, təhsil adamları, jurnalislər, ciddi düşüncəsi olan insanlarla - siz gənclərlə birlikdə əməkdaşlıq çərçivəsində davam edəcəyik. Azərbaycanın tarixini, mədəniyyətini, sənətini təbliğ etməkdən də qalmayacağıq. Əməkdaşlığımızı genişləndirib, daha böyük layihələrə imza atmağı hədəfləmişik.
- Uğurlar diləyir, söhbət üçün təşəkkürümü bildirirəm.
- Mən təşəkkür edirəm! Həmrəylik Günü öncəsində birlik, həmrəylik düşüncəsilə Azərbaycana, Türkiyəyə, Türk dünyasına - bütün insanlığa sevgi, sağlıq, gözəllik dolu il arzu edirəm! Qəzzada yaşanan fəlakətin də sona çatmasını, dünyanın dinclik, rifah içində yaşamasını diləyirəm!
Türkiyə, Ankara