Rəqs sənəti xalqımızın adət-ənənələrini özündə əks etdirən və tarixi kökü olan incəsənət sahəsidir. Milli rəqslər digər sənət növləri kimi məxsus olduğu cəmiyyətin orijinal xarakterinin mücəssiməsidir. Lakin son zamanlar "Milli rəqs" adı altında sosial şəbəklərdə paylaşılan görüntülər birmənalı qarşılanmır, insanlarda gülüş doğurur. Bugünkü müsahibəmizdə milli rəqslərimiz və onlara kölgə salan qeyri-peşəkarlar barədə Xalq artisti, Azərbaycan və dünya xalqları rəqslərinin mahir ifaçısı, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Təranə Muradova ilə həmsöhbət olmuşuq.
- Təranə xanım, peşəkar rəqqas, ilk növbədə, özündə hansı məsuliyyəti hiss etməlidir?
- Peşəkar rəqqas olmaq üçün böyük məktəb görmək lazımdır. Bu sahədə olmaq istəyənin yolu Xoreoqrafiya Akademiyasından keçməlidir. Uşaq birinci sinifə necə addım atırsa, hər şeyi sıfırdan necə öyrənirsə, akademiyada da rəqs sənəti bu formada mənimsənilir.
- Bəzən rəqqasələrin geyimləri tənqid olunur. Bir rəqqasənin geyim tərzi onun fəaliyyətinə maneə ola bilərmi?
- Bəli, millli rəqsdə tarixi geyimlərimizin simvolları var. Geyimlər nə qədər müasir olsa da, onun quruluşuna fikir vermək lazımdır. Məsələn "Tərəkəmə" rəqsində xanımlar öz milli geyimləri ilə seçilirlər. Əvvəllər həmin geyimlərin üzərinə mirvarilər, butalar, qızıllar tikilirdi. Lakin hazırkı dövrdə əvvəlki aksesuarların əvəzinə müasir rəng və quruluşlardan, rəqsə uyğun formalardan daha çox istifadə olunur. Bəzən görürük ki, uşaqları çox pis geyindirirlər. Böyüklərə aid geyimlərin uşaqlara geyindirməsi yolverilməzdir. Uşaqların öz geyim tərzləri olmalıdır. Bəzən restoranlarda, hər hansı məclislərdə milli geyimlərimizi bərbad günə qoyurlar.
Əvvələr Dövlət Rəqs Ansamblı ilə fərqli-fərqli rəssamlar işləyirdilər. İndi insanlar elə düşünürlər ki, nə qədər açıq geyinsələr, o qədər müasir görünəcəklər. Milli rəqs qururamsa, orda mütləq milli geyim olmalıdır.
- Son vaxtlar gənclərin qəribə hərəkətlərdən ibarət rəqsləri sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib, buna münasibətiniz necədir?
- Son 5 ildir bu barədə gileylənirəm, vaxtaşırı münasibət bildirirəm. Bəzi xanımlarımız var ki, kişilərə xas hərəkətlərlə rəqs edirlər. Onlar elə düşünürlər ki, bu, müasirləşmiş milli rəqsdir, lakin səhv düşünürlər. Bəzi müəllimlər azyaşlı uşaqlara sırf bu rəqsi öyrədirlər. Palatka toylarında oğlanların oynadığı rəqslər bizim xanımlarımıza yaraşmır. Cürbəcür yallılar oynayırdıq, lakin bizdə texnika var idi, kişilərə xas hərəkətlər olmurdu. Gənclərimiz gedib bu rəqs ilə Azərbaycanı ayrı-ayrı ölkələrdə təmsil edirlər. Müxtəlif ölkələrdə xanımlarımız tərəfindən kişi hərəkətləri ilə "Azərbaycan rəqsi" nümayiş olunur. Hər ölkənin öz mədəniyyəti var. Niyə görə xaricilər bizim rəqsimizi bərbad formada tanımalıdırlar? Azərbaycanda gözəl bəstəkarlar, qiymətli əsərlər var. Bu əsərlər üzərində də gözəl rəqslər qurulub. Biz rəqslərimizi qoruyuruq, lakin gənclərimiz gedib özlərindən hansısa rəqsləri uydurub onu nümayiş edirlər. Digər xalqlar da düşünürlər ki, xanımlarımıza xas rəqslər məhz kişi kimi hoppanıb-düşməkdir. Düşünürəm ki, komissiya yaradılmalıdır və Azərbaycanda Xoreoqrafiya sənətini kim təmsil edirsə, o komissiyadan keçməlidir.
- Bu barədə hansısa dövlət qurumuna müraciət etmisiniz?
- Xüsusi müraciətim olmayıb, amma dəfələrlə müxtəlif yerlərdə demişəm və ümid edirəm ki, nazirlik bunu nəzərə alar və sözügedən məsələ iclaslarda müzakirə olunar. Milli rəqslər qorunub saxlanılır, Akademiyada rəqslərlə bağlı müxtəlif kitablar yer alır. Sadəcə, məqsədimiz budur ki, xarici ölkələrdə milli rəqslərimizi bərbad gündə nümayiş etdirməsinlər. Ümid edirəm ki, bu barədə tədbir görüləcək.
- Sizə elə gəlmirmi ki, bəzi gənclər səhv təbliğatla yanaşı, eyni zamanda, get-gedə milli rəqslərdən uzaq düşürlər?
- Çünki sosial şəbəkələrdə belə rəqslər təbliğ olunanda hər kəs alqışlayır və insanlar elə bilirlər ki, bu, bizim milli rəqsimizdir. Onu da bilirəm ki, onlar gedib toylarda, hər hansı məclislərdə də bu rəqslərlə iştirak edirlər. İşlədiyimiz akademiyadan uşaqları milli tamaşalara, teatrlara, orkestr dinləmələrinə göndəririk. Bir sözlə, mübarizə aparırıq ki, övladlarımız mili mədəniyyətimizi mənimsəsinlər. Hətta televiziyadan göstərəndə oranın redaktorlarına, işçilərinə öz iradlarımı bildirirəm ki, bunları işıqlandırmaq doğru deyil. Bizim qızlarımıza məxsus çox incə rəqslərimiz var. Naxçıvan yallısında da hoppanmaq hərəkəti var, lakin bu hoppanmaq kişilərdəki hərəkətlərdən fərqli olur, bu rəqs texniki rəqsdir.
- Oktyabr ayında Bakıda Bal Rəqsləri üzrə Dünya Çempionatı keçirildi. Bunun ölkəmiz üçün hansısa müsbət təsiri oldumu?
- Xoreoqrafiya sənətinin inkişafı üçün çox çalışırıq. Mənə Moskvadan çempionatla bağlı bir təklif gəldi. Nə xoş ki, Azərbaycanda da bu forum həyata keçirildi. Demək olar ki, çempionatda 30-dan çox ölkədən insanlar iştirak elədi. Həqiqətən, tədbir çox yüksək səviyyədə təşkil olunmuşdu. Respublika maştabı üçün önəmli olan çempionat Heydər Əliyevin 100 illiyinə həsr olunmuşdu. Birinci yeri ABŞ, ikinci yeri Azərbaycan tutdu. Ümid edirəm ki, aprel və may aylarında ikinci tədbirimiz keçiriləcək və istəyərdim ki, Azərbaycanda bal üzrə rəqslər inkişaf eləsin. Bu, Xoreqorafiya sənəti üçün çox vacibdir. Bal rəqsləri qismən idmana aid olsa da, mənim üçün rəqs elə rəqsdir. Yəni bu rəqsin 50 faizi idmana aiddirsə, 50 faizi xoreoqrafiyaya aiddir. Çalışırıq ki, Xoreoqrafiya Akademiyasının müasir kafedrasını açaq, müasir rəqslərimiz də akademiyaya uyğun səviyyədə inkişaf eləsin.
- Necə düşünürsünüz, uşaqlarımıza milli mədəniyyəti, rəqsləri aşılamaq üçün daha çox məsuliyyət kimin üzərinə düşür?
- Valideynlərə demək istəyirəm ki, uşaqlara düzgün tərbiyə vermək lazımdır. İncəsənət təkcə mədəniyyətlə bağlı deyil, uşaqlara vətənənpərvərlik hissi aşılanmalıdır. İnsan öz adət-ənənələrini itirməməlidir. Ölkəmiz çox gözəl formada inkişaf edir və biz öz mədəniyyətimizi qorumalıyıq.
Havar ŞƏFİYEVA