|
|
|
|
Rəqəmsal dünyanın oyunlarıdı,
Gah ağladır, gah da güldürür bizi.
Bütün ruhumuzu ələ keçirib,
Rəqəmə çevirib öldürür bizi...
İlqar Fəhmi
Qloballaşan cəmiyyətdə tədricən hər şey elektronlaşır, hətta hisslər, emosiyalar, şəxsi münasibətlər, dostluqlar, sevgilər belə...
Yaşlıların sözü olmasın, vaxt var idi, telefon-filan olmasa da, insanlar bir-birilə səmimi, isti, mehriban münasibət qururdular. İndi adamların dostluğu, sevgisi, ünsiyyəti də adətən sosial şəbəkələrdən kənara çıxmır.
Bilgimizi vikipediya, emosiyalarımızı smayllar, mütaliəmizi isə PDF-lər əvəz edir. Xüsusilə, mobil telefonlar - həyatımızın ayrılmaz parçaları həyatımızı məhv etməklə məşğuldur. Fikir verirsən, bəziləri yutubda izlədikləri video-çarxlardan, vikipediyadan əldə etdikləri məlumatlardan ala-çiy sitatlar gətirməklə, bəziləri isə yalnız elektron kitab oxumaqla (PDF) missiyasını yerinə yetirdiyini düşünürlər və özünü intellektual hesab edirlər...
Sözün düzü, baş verən belə hadisələri qoloballaşmanın fəsadları kimi qiymətləndirirəm:
Teatra gedilmir; kitab oxunmur; tariximiz, folklorumuz, ədəbiyyatımız, mədəniyyətimiz diqqətdən kənarda qalır, onların yerini "virtual səyahət" tutur...
Doğrusu, bu prosesdən mümkün qədər təcrid olunmağa çalışır, həftədə bir dəfə yolumu kitabxana tərəfdən salıram. Nədənsə ən etibarlı yerin məhz ora olduğu qənaətindəyəm.
Hə, keçən dəfə kitabxanada başıma maraqlı bir əhvalat gəldi. Deməli, xarici ədəbiyyatı eşələyərkən qarşıma məşhur türk yazıçısı Orxan Pamukun "Qar" romanı çıxdı.
Sözün açığı, duruxdum, bir qədər fikirə getdim. Ona görə ki, bu kitabın mənim üçün maraqlı tarixçəsi var. Bir anlıq romanın süjeti film lenti kimi gözümün önündən gəlib-keçdi.
Əsərdə qarlı havanın romantikası, Kanın ağır taleyi, İpəyə qovuşmaq üçün dəridən-qabıqdan çıxması və nəticədə, vüsala çatmayan sevgisini xatırladım...
Onu deyirdim axı, "Qar" romanını ikinci kursun sonlarında oxumuş, düzü, uzun müddət təsirindən çıxa bilməmişdim.
Yadıma gəlir, həmin ərəfələrdə mənim də sevdiyim vardı. Aramızda uzun bir müddət idi ki, qırılmaz bağ yaranmışdı. Hər gün görüşür, teatra, dənizkənarına, parka-filan gedir, hərdən kitab oxuyur, təhlil edirdik, sözüm onda deyil.
Günlərin biri parkda söhbətləşərkən təsadüfən "Qar" romanındakı İpək və Kanın keşməkeşli taleyi haqqında söz saldım, kitabı babat təriflədim. Nəsə, mən danışdıqca qızın gözlərinin bərəldiyini, kitaba qarşı onda atəşin maraq yarandığını hiss etdim, ancaq üstünü kəsdirmədim... Birazdan eyni kitabdan birini də ona aldım və hədiyyə etmək üçün ad gününü gözlədim.
Nəhayət, ad günü yetişdi. Görüşdük. Elə istədim romanı uzadıb ad günün təbrik edim, o, kitabı görər-görməz sözümü ağzımda qoydu, üzünü turşudub dilləndi:
- Aa, sənin sözündən sonra həmin kitabın PDF-ini tapıb oxudum. Açığı, elektron versiya məni çox yordu, ona görə romandan soyudum, həvəsim öldü...
Ürəyimdə elektron kitab çıxarana lənət oxudum, çox sevdiyim roman da gözümdən düşdü. Sonra nə oldusa, yadıma gəlmir...
Qərəz, sözümün canı odur ki, virtual dünyaya inteqrasiya bir baxımdan yaxşıdır, fəqət yersiz istifadə təfəkkürümüzü korşalda və bizi real dünyadan differensiallaşdıra bilər.
Əlbəttə, elektron kitab oxumaqda, internetdə araşdırma aparmaqda, yönlü və faydalı video-çarxlar izləməkdə heç bir problem yoxdur, ancaq gərək bu, adamı virtual mühitə tamamilə aludə etməsin...