|
|
|
|
Fikir verirəm, son vaxtlar yeniyetmə və gənclər arasında, təəssüf ki, zərərli vərdişlərə aludə halları, xüsusən məktəblilər arasında siqaretə, spirtli içkilərə, hətta narkotik vasitələrə meyillik günü-gündən artır. Hər dəfə çalışıram yeniyetmə və gənclərin faktiki nöqsanları və problemlərini diqqət mərkəzinə gətirim. Bunun səbəbi çox sadədir. Ölkəmizin gələcəyi bugünkü yeniyetmə və gənclərdən aslıdır. Özünə faydası olmayan gənc axı sabah necə vətəninə layiqli vətandaş kimi yetişə bilər?
Yeniyetməlik insan həyatının ən mürəkkəb dövrüdür. Yaş artımı ilə əlaqədar orqanizmdə baş verən anotomik-fizioloji dəyişikliklər nəticəsində adama elə gəlir ki, artıq nəyin doğru, nəyin yanlış olduğunu yaxşı dərk edir. Bəzən öz həyatı ilə bağlı elə qərarlar verir ki, bu, ağır fəsadlarla nəticələnir. Xüsuilə insan psixologiyası adətən qadağan olunmuş məfhumlara daha çox meyilli olduğu üçün belə hallara tez-tez təsadüf edilir.
Zənnimcə, yeniyetmələrin siqaretə marağı daha çox ailədə formalaşır, məktəbdə inkişaf edir. Görürsən evdə mütəmadi siqaret çəkən adam övladına quru məsləhətlər verməklə kifayətlənir: "Bala, mən bu zəhrimarı çəkirəm, sən çəkmə, ziyandır".
Uşaq da, fikirləşir ki, necə ziyan ola bilər axı? Ata çəkirsə, mən də onun kimi olmalıyam. Belə adamlara qayıdıb deyəsən ki, övladını pis vərdişlərdən kənarlaşdıra bilmirsənsə, yanında siqaret çəkib, ona pis nümunə olma, heç olmasa.
Bəzi valdeynlər isə avtoritar metodla, yəni övladına hədə-qorxu gəlmək yolu ilə onu belə şeylərdən çəkindirməyə çalışırlar: "Əgər siqaret çəksən, məndən incimə!" tipli bayağı, klişe "nəsihət"lər də optimal çıxış yolu deyil. Uşağa psixoloji təsir etmək, zorakılıqla tərbiyə etməyə çalışmaq müsbət effekt vermir. Qonşumuz oğlunu siqaret çəkdiyi üçün armaturla döyürdü, amma heç bir faydası olmadı, o, yenə də çəkdi.
Valdeynlər övladlarını zərərli vərdişlərdən qorumaq istəyirlərsə, onları düzgün maarifləndirməyi bacarmalıdırlar. Siqaret çəkən, spirtli içki içən, narkotik maddə qəbul edən adamın gələcəkdə müxtəlif xəstəliklərə, o cümlədən, ürək-damar, xərçəng, insult kimi xəstəliklərlə üzləşmə ehtimalının çox olduğunu, sağlam yaşamağın, idman etməyin daha faydalı olduğunu yeniyetmələrə sadə dillə təlqin etmək lazımdır. Bundan əlavə, valideynin ikinci əsas vəzifəsi övladını daim nəzarətdə saxlamaqdır: uşaq kimlərlə görüşür, kimlərlə ünsiyyətdədir, kiminlə dostluq edir. Əlbəttə, pis dost adamı pis yola aparar.
Orta məktəbdə bəzi müəllimlərin səhlənkarlığı da şagirdlərin zərərli vərdişlərə düçar olmasına səbəb olur. Düzgün örnək olmamaq, şagirdləri nəzarətdə saxlamamaq yeniyetmələri pis vərdişlərə sövq edə bilir. Nəzərə almaq lazımdır ki, bir nəfər parazit kimi bütün şagirdləri korlaya bilər. Yadıma gəlir, məktəb vaxtı bir müəllimimiz içəridə siqaret çəkirdi. Tədricən sinifdəki uşaqlar da başladılar. Artıq "on bir"də oxuyanda sinifimizin səksən faizi siqaret çəkirdi.
Fikrimcə, yeniyetmələrin spirtli içki, narkotik maddə asılılığı üç halda baş verə bilər:
Birincisi, ailəvi problemlər, depressiya, affekt, özünəqapanma halları baş verdikdə;
İkincisi, belə demək mümkünsə, sevgilisindən ayrılma, ətraf-mühitdən təcrid olunma;
Üçüncüsü, hansısa sahədə uğur qazana bilməyən yeniyetmənin məhz bu üsullarla özünü təsdiq etməyə çalışması zərərli vərdişlərə yol açır.
Xülaseyi-kəlam, bu cür xoşagəlməz situasiyaların yayılmasının qarşısını almaq məqsədilə Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi məktəblilərin asudə vaxtlarını daha səmərəli keçirmələri üçün şərait yaratmalıdr.
Gənclər gələcəyimizdir, gələcəyimizin məhv olmasına göz yummayaq...