Çində bir çox sahələrdə insan əməyini süni intellekt əvəz edir: robot ofisantlar, robot satıcılar, robot işçilər, robot fəhlələr... Heyif deyil, robot, dini yox, imanı yox. Tutalım, kafedə əyləşirsən ürəyin çay içmək istəyir, yaxınlaşırsan robota ödənişi soruşursan və nə qədər lazımdır, ödəyirsən. Ta bu insan deyil ki, əlli qəpiklik çayı sənə bir manata satsın. Dünyadakı bu kimi yeniliklər, şübhəsiz, elmin-texnikanın inkişafı ilə bağlıdır. Deyirəm, gün o gün olsun bizdə elm o qədər inkişaf etsin ki, telefon ustaları və satıcılarının əvəzinə sünii intellekt və ya robot əməyi tətbiq edilsin...
Ədəbiyyat müəllimimin sözünü xatırladım: "Bizim insanlara mədəniyyət xadimləri - alimlər, şairlər, yazıçılar, rəssamlar lazım deyil. Onlara maşın ustaları lazımdır avtomobillərini təmir elətdirməyə, bənna lazımdır ev tikdirməyə, fəhlə lazımdır təmir-tikinti, söküntü işlərinə. Azərbaycanlılar ömürlərinin böyük hissəsini ev tikməyə, maşın almağa, pul qazanmağa sərf edirlər. Onların nəyinə gərəkdir axı hansısa ədəbi-mədəni xadim?"
Sözün düzü, uşaq yaşlarımdan ətrafımda baş verən hadisələri diqqətlə müşahidə edərək bir məsələnin konkret üzərində dayanıram: Kapitalizm insanları olduqca azğınlaşdırıb. Adam gərək belə vəziyyətdə kənardan sadəlövh görünməsin, göründüsə, bütün yollar onu Romaya yox, məhvə aparacaq...
Hə, indi isə çox uzatmadan keçək mətləbə. Demək, həyatda iki mövzuda bəxtim gətirməyib: Bir sevgi məsələlərində, bir də mobil telefon ustaları sarıdan.
Birinci məsələ haqqında danışmağa nə həvəsim, nə də səbrim var. Yaxşısı budur keçək ikinci məsələyə.
Bir az gülməli görünsə də, bu günə q
ədər nə zaman mobil telefon almışamsa, xoş xəbər eşitməmişəm. Telefonumu təmir elətdirməyə hansı ustaya üz tutmuşamsa da, qaş düzəldəndə vurub göz çıxarıb.
Kompüter əsrində yaşayırıq. Güman edirəm, indi heç kəs göyərçinlə-filan xəbərləşmir. Belə bir dövrdə, sözsüz, mobil telefona və ustalarına tələbat yaranır. Ehtiyacın bolluğunu görən telefon ustaları və xüsusilə ikinci əl telefon satıcıları qaz vurub qazan doldururlar. Bazar iqtisadiyatının tələblərinə uyğun gəldi-gəlmədi, etik qaydaları pozdu-pozmadı, öz istəklərinə uyğun hərəkət edirlər. Kimdənsə 150 manata aldıqları telefonu digər müştəriyə 250-300 manata, iki manatlıq hansısa aksessuarı və ya ehtiyat hissəsini 5-6 manata rahatlıqla sata bilirlər. Bu, axı hansı əndazəyə sığır? Kimsə bilirsə, desin, biz də bilək.
Bir il əvvəl dostumun təcili pula ehtiyacı olduğu üçün mağazada telefonunu 90 manata satdıq, iki saat sonra təsadüfən oraya geri qayıdanda gördük ki, həmin telefonu nə az-nə çox, düz 222 manata vitrinə qoyublar.
Əlbəttə, həyatdır, hər kəsin əlinin dara düşdüyü günlər olur, hərdən təcili pula ehtiyac yaranır, sözüm onda deyil. Tutaq ki, təcili pul lazımdır, nəsə satmaq qərarına gəlirsən və tək mülkün də mobil telefonundursa, keçi qalır çayın o tayında. Aparırsan mağazaya ki, qardaş, bu telefona nə verərsən? Başına döndüyüm qiyməti elə öldürür, adamın matı-qutu quruyur. Çarəsizlikdən dəyər-dəyməzinə satanda isə satıcı lap çapovulçuluq edir, telefonu aldığı qiymətin iki-üç mislinə başqasına sırıyır. Yəni belə demək mümkünsə, iki tərəfi də aldadır: satanı da, alanı da.
Adi bir misal çəkək: telefon təsadüfən yerə düşür, qoruyucu şüşəsi qırılır, usta yanına yenisini çəkdirməyə gedirsən. A kişi, balasının canına and içir ki, qardaş, bütün şəhəri gəz, bu şüşədən heç harda tapa bilməzsən. Adam qayıdıb deyə də bilmir sadə şüşədir, onun mahiyyəti nədir ki, ona görə balanın canına and içirsən? And içmək satıcıların dilindən niyə düşmür, hələ də anlamıram.
Hə, onu deyirdim axı, ötən yay 20 Yanvardan ikinci əl telefon aldım, evə təzəcə çatmışdım ki, telefon söndü, nə illah etdimsə, açılmadı. Bu yaxınlarda telefonum nasazladı, apardım ustaya, sizi inandırıram, düz iki gün vaxtım, 30 manat pulum getdi. Nəticədə isə, telefonum düzəlmədi. Belə qalsa, dərd yarı idi, üstəlik, ustanın səhlənkarlığı üzündən əlavə problemlər ortaya çıxdı.
Açığı, məsələ təkcə telefon ustaları ilə bitmir. Görünür, hansı sahəyə tələbat çoxdursa, sui-istifadə edirlər, insanların üzünə gülə-gülə pulunu mənimsəyirlər.
Düşünürəm, telefon ustalarına və satıcılarına qarşı profilaktik tədbirlər görülməli, ölkənin hər yerində mobil telefon təmiri və satışında standart qiymətlər tətbiq olunmalı, telefon təmiri və satışı üçün sertifikat və ya diplom tələb olunmalıdır. Qərəz, deməyim odur ki, hansı sahədə işləməyindən asılı olmayaraq bütün mütəxəssislər xalqa keyfiyyətli xidmət göstərməlidirlər.