|
|
|
|
Bu yaxında Gəncədə məktəblinin öldürülməsi sosial şəbəkələrdə geniş müzakirə predmetinə çevrildi. Hadisəyə insanların münasibəti isə birmənalı deyil; tənqid edənlər, mühakimə edənlər, xalaxətrin rəhmət deyənlər də var.
Sözün açığı, ilin-günün bu vaxtında bir şagirdin həmyaşıdını qətlə yetirməsinə insanların soyuq münasibətini heç cür anlamaq olmur. İşin acınacaqlı tərəfi get-gedə belə şeylərin bizim üçün adiləşməyidir. Bəzi məktəblərdə elə hadisələr baş verir ki, adamın matı-qutu quruyur. Nə müəllimlər əvvəlki müəllimdir, nə də şagirdlər əvvəlki şagird.
Qədim zamanlarda sovet ideologiyası müəllimi bütləşdirmişdi, az qala, ona sitayiş edirdilər. İndi şagird müəllimi görəndə yumşaq desək, "salam" belə vermək istəmir. Müəlliminə hörmət qoymayan şagirdin öz yoldaşlarına qarşı münasibətini isə təsəvvür etmək çətin deyil.
Orta məktəbdə oxuduğum vaxtları xatırlayıram. Hikmət adlı qoluzorlu sinif yoldaşımın dərslə-filan, qətiyyən, arası olmasa da, şagirdləri "yaxşı" döyməyi vardı. Hansısa şagirdi şil-küt edəndə müəllimlər ona töhmət verir, ağır şəkildə cəzalandırırdılar. Tədricən o, səhv iş tutduğunu başa düşdü və bu hərəkətlərini tərgitdi, sözüm onda deyil.
Deməyim odur, hər məktəbdə avtoritet təfəkkürlü şagirdlər var, fəqət müəllimlər onu vaxtında ram etməyi bacarmalıdırlar.
Bəzi şagirdlər isə məktəbə, elə bil, mağaradan çıxıb gəlirlər. Belə vəziyyətdə bütün məsuliyyəti müəllimin üstünə yıxmaq da insafdan deyil.
Bəs məktəblilərin oğru cameəsinə can atmasının səbəbləri nədir?
Birincisi, bunu şagirdlərdə fərdi-psixoloji pozuntuların baş verməsi, mənlik şüurunun düzgün formalaşmaması kimi xarakterizə etmək lazımdır.
İnsanın "Real mən"indən imtina edib "İdeal mən"ini yanlış şəxs və yanlış məkanlarda axtarması qanqaraçılıqla nəticələnə, üstəlik, bu proseslərin sonunda qan tökmək ehtirası yarada bilər.
Sözsüz, məktəb psixoloqlarının bu cəhətdən maarifləndirmə işləri aparması şagirdləri şər əməllərdən çəkindirə bilər. Fəqət əksər məktəblərdə psixoloqların adı var, özü yox...
İkincisi, şagirdlərə mühitin mənfi təsiri və onların milli ruhda tərbiyə olunmaması gələcəkləri üçün təhlükə törədir. Yazıq uşaq gözünü açır çayxanada camaatın domino çırpmağını, efirlərdəki biabırçılıqları görür, bayağı seriallar izləyir, meyxana eşidir - bütün bunlar onun psixologiyasına mənfi təsir göstərir.
Tutalım, məktəblərdə sorğu aparsaq, görərik ki, şagirdlər Üzeyir Mehdizadəni Üzeyir Hacıbəyovdan daha yaxşı tanıyırlar. Müslüm Maqomoyev kimi böyük sənətkarı tanımayan "Zet nəsli" Aydın Xırdalanlını, Məşədibabanı, Baləlini daha çox sevir.
Bildiyimiz kimi, meyxanaçıların bəy tərifi vurduqları mövzular məhz "dustaqçılıq", "avaraçılıq", "zon sevdası"ndan başqa bir şey deyil. Bütün bunlar isə, şübhəsiz, yeniyetmələrə də təsirsiz ötüşmür.
Təəssüf ki, bir çox məktəblilər mədəniyyətimizdən bixəbərdilər; yazıçı-şairlərimizi tanımır, kitab oxumur, teatra, muzeyə getmirlər. Çoxunun işi-gücü ancaq küçələrdə təsbeh oynatmaq, çayxanalarda avaralanmaqdır.
Əlbəttə, adam özünü yaxşı mənada təsdiq edə bilməyəndə bu boşluğu mənfi işlərlə doldurmağa çalışır.
Üçüncüsü, məktəblilərin sosial şəbəkələrdən məhdudiyyətsiz, faydasız şəkildə istifadəsinin fəsadları da ağır olur.
Bizim vaxtımızda məktəbə kitab-dəftər aparırdıq, indikilər yekə telefonla gedirlər.
Nəzərə almaq lazımdır ki, cinayyətkarlıq, oğurluq, quldurluq, qumar, pornoqrafiya virtual mühitdə xərçəng kimi yayılır və şagirdləri də yoluxdurur...
Xülaseyi-kəlam, hansısa nüansları ortaya qoymaq, müzakirə etmək öləni geri qaytarmasa da, indən belə bu cür hadisələrin qarşısını almaq öz əlimizdədir...