
“İçərişəhərdə yerləşən xarici səfirliklərin buradan çıxarılması kimi proseslərə dövlət tərəfdaş deyil. Səfirliklər burada dövlətin əmlakında, İçərişəhərə məxsus olan binalarda yerləşmir. Səfirliklərin burada yerləşməsi vaxtilə verilmiş özəl qərarlardır. Hazırda İçərişəhərdə səfirlik binaları açılmır”.
APA-nın xəbərinə görə, bunu jurnalistlərə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, artıq 10-15 ildən çoxdur ki, həmin səfirliklər özəl mülkiyyətçilərlə müqavilələr əsasında Azərbaycan qanunvericiliyinə uyğun olaraq İçərişəhərədə yerləşirlər: “Əgər onlar İçərişəhərədə tətbiq olunan qayda-qanuna riayət edirlərsə, bizim onları köçürməyə hansısa hüquqi əsasımız yoxdur və olmamalıdır. Əgər biz hüquqi dövlətdən danışırıqsa, hüquq çərçivəsində də danışmalıyıq. İçərişəhərdə tətbiq olunan qaydalar, avtomobillərin hərəkətlərinə, memarlıq abidələrinin qorunmasına dair məhdudiyyətlər var. Bu qaydalar hər bir səfirliyə də tətbiq olunur. Əgər səfirlik və ya hansısa bir qurum bu hüquqi əsasları pozmursa, onlara qarşı belə addım atmağa bizim hüquqi əsasımız ola bilməz”.



