Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə “Azərbaycan-Çin münasibətlərinin yenidən qiymətləndirilməsi: İrəliyə doğru yol” mövzusunda konfrans keçirilir.
525.az xəbər verir ki, konfransda Çin Xalq Respublikasının nüfuzlu beyin mərkəzləri və akademik institutlarının nümayəndələri də iştirak edirlər.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev bildirib ki, ilk dəfə olaraq ikitərəfli qaydada Azərbaycan-Çin münasibətlərini müzakirə edəcəyik.
O deyib ki, COVİD-ə görə son illər təmaslarımız sıx olmayıb. Ötən müddət ərzində regionda geosiyasi proseslər baş verib. Bu gün bütün bunlar müzakirə olunacaq.
Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov çıxışında iki ölkənin münasibətlərində üst-üstə düşən məqamlara toxunub. O deyib ki Azərbaycan və Çinin münasibətləri dərin tarixi əlaqələrə əsaslanır. Münasibətlərimizin tarixi 2500 il əvvələ, qədim İpək Yolu zamanına gedir. Mədəni və ticari təmaslar Nizami Gəncəvinin əsərlərində də əksini tapıb: "Bizim ümumi cəhətlərimiz var. Hər iki ölkənin siyasətində ümumi tarixi prioritetlərin inkişafı əsas götürülür. İki ölkə ərazi bütövlüyü məsələsinə xüsusi önəm verir. Tayvan məsələsində Azərbaycan mövqeyi ifadə edib. Çin də Azərbaycanın ərazi bütövlüyü və suverenliyini daim dəstəkləyib, BMT Təhlükəsizlik Şurasında da suverenliyin əsas götürülməsində mövqeyini ifadə edib. Azərbaycan "Kəmər və yol" layihəsini dəstəkləyir. Ölkəmizin inkişaf edən nəqliyyat habı bu layihəyə öz töhfəsini verəcək. Energetika sahəsində əməkdaşlıq mili maraqlara əsaslanır. Bərpaolunan enerji ilə bağlı əməkdaşlığımız var. Azərbaycan, eyni zamanda Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi kimi öz ərizəsini təqdim edib. Bütün bunlar gələcək üçün daha böyük inkişaf vəd edir".
Səfir əlavə edib ki, bizim mövqeyimiz ondan ibarətdir ki, beynəlxalq hüquqa əsasən hegemonluq qəbuledilməzdir. Azərbaycan eyni zamanda "İpək yolu" layihəsinin tərkib hissəsi olmaqla, bu layihənin təşviqini dəstəkləyir. "Bakı-Tbilisi-Qars layihəsi Azərbaycandan keçməklə, dünyaya müxtəlif təyinatlı yüklərin göndərilməsi baxımından çox böyük əhəmiyyətə malikdir: "Hesab edirəm ki, hər iki ölkə mövcud əməkdaşlığı daha da inkişaf etdirmək əzmindədir".
Çinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Dinq Tao iki dövlətin arasındakı münasibətlərdən söz açıb. Qeyd edib ki, dövlət başçıları mütamadi olaraq sıx əlaqə saxlayırlar. O xatırladıb ki, Tayvanda keçirilən seçkilərdən sonra Azərbaycan XİN vahid Çin mövqeyindən çıxış edərək, öz dəstəyini ifadə etdi: "Praktiki əməkdaşlıq davamlı olaraq inkişaf edir. "Bir kəmər, bir yol"un "Transxəzər"lə birləşdirilməsi davam edir. İki ölkə arasında alternativ enerji ilə bağlı əməkdaşlıq davam edir. Azərbaycan Çində 5 ticarət evi açıb. Ötən il ticarət dövriyyəsində rekord, 43 faiz artım qeydə alınaraq, 3,1 milyard ABŞ dolları təşkil edib. Turizm sahəsində də əlaqələr artır".
Daha sonra konfrans işini panellərdə davam etdirib.
Pərvanə