
Həbsdə olan Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublunun Hüquqlarını Müdafiə Komitəsinin üzvləri mətbuat konfransı keçiriblər.
APA-nın məlumatına görə, komitənin sədri Mehriban Vəzir deyib ki, noyabrın 13-də N. Yaqublunun apellyasiya şikayətinə baxılacaq. O, N. Yaqublunun səhhətində problemlər olduğunu söyləyib.
Vəkil Elton Quliyev müdafiə etdiyi şəxsə qarşı qərəzin olduğunu bildirib. E. Quliyev qeyd edib ki, N. Yaqubluya qarşı həbs-qətimkan tədbiri əsassız tətbiq olunub. O, istintaqın ciddi qüsurlarla aparıldığını və müdafiənin hüquqi müstəvidə davam etdiriləcəyini vurğulayıb.
N. Yaqublunun digər müdafiəçisi Adil İsmayılov bildirib ki, hadisənin törənmə səbəbləri tam aydınlaşdırılmayıb: “Hadisənin törənməsinə səbəb olan həmin maşının müəyyən edilməsi istiqaməti üzrə istintaq hərəkətləri aparılmayıb. Biz bunun araşdırılmasını tələb edəcəyik”.
A. İsmayılov məsələnin beynəlxalq məhkəmə müstəvisində həll edilməsi istiqamətində işlər görüldüyünü də açıqlayıb: “Həbsdə saxlanılma müddəti noyabrın 10-da bitir. Yəni artıq Avropa Məhkəməsinin qərarlarına əsasən bu üç günlük müddət qanunsuz saxlama müddəti hesab olunur”.
A. İsmayılov N. Yaqublunun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün Milli Məclisin 10 üzvünün məhkəməyə müraciət etdiklərini açıqlayıb: “Artıq Sabir Rüstəmxanlı, İqbal Ağazadə, İlyas İsmayılov, Fəzail Ağamalı, Fazil Mustafa, Fərəc Quliyev, Qüdrət Həsənquliyev, Çingiz Qənizadə, Əli Məsimli və Vahid Əhmədovun imzaladığı müraciət Abşeron Rayon Məhkəməsinə göndərilib”.
AXCP sədrinin müavini Nurəddin Məmmədli isə məsələnin arxasında siyasi məqamların olduğunu bəyan edib: “Hüquqşünasların məsələnin siyasiləşdirilməməsi istəyini qəbul edirik. Amma burada siyasi məqamın olduğu inkarolunmazdır. Bu, ölkədə qadın hərəkatının qarşısını almaq məqsədi daşıyır”.
N. Məmmədli hesab edir ki, məsələ ilə əlaqədar gənclər təşkilatlarının etiraz aksiyaları keçirilməlidir. Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı bildirib ki, təmsil etdiyi qurum aksiyalara başlamağa qadir olsa da, N. Yaqublunun qadın olmasını nəzərə alaraq məsələni siyasiləşdirmək niyyətində deyillər: “Biz qanunun düzgün tətbiqinin tərəfdarıyıq. Yəni digərlərinə bu vəziyyətdə qanun necə tətbiq edilirsə, Nigar Yaqubluya da o şəkildə tətbiq olunmalıdır”.



