Təbiətə tərif vermək çox çətindir. Çünki hər kəsin bir baxış tərzi var. Təbiət bizi əhatə edən ətraf mühitdir. Elə bir ətraf mühit ki, orada insanların yaşaması üçün hər şərait var. Təbiət Tanrının bizə bəxş etdiyi canlı rəsm əsəridir: dağlar, çaylar, göllər, şəlalələr, meşələr və s.
Bütün bunları hidrosfer, atmosfer, litosfer qatı və flora, fauna olaraq qruplarda ümumiləşdirmək olar. Biz Leonardo Da Vinçinin (XV əsr), Pablo Pikassonun (XIX əsr) əsərlərini muzeylərdə qoruduğumuz kimi, təbiətimizi də qorumalıyıq. Çünki təbiət Tanrının bizə ərmağanıdır. Lakin biz bəzən təbiətdən düzgün istifadə etmirik. Məsələn, bunun nümunələrindən biri İkinci Dünya müharibəsindən sonra yaranan nüvə silahıdır. Hələ XX əsrin əvvəllərinə nəzər salsaq, Mariya Küri, Pyer Küri, Anri Antuan Bekkerel radioaktivlik kəşf etdilər. Bu, sadəcə elmdə inkişaf, yenilik olaraq da qala bilərdi. Bəlkə də bu alimlər özləri də kəşflərinin mənfi istiqamətdə istifadə olunmağını istəməzdilər. Bununla bərabər, hələ keçmişdə baş verən müharibələr də təbiətimizə bir zərbədir. Buna misal 1945-ci ildə "Xirosima şəhidləri"ni və ya 1986-cı il 26 apreldə baş verən Çernobıl faciəsini göstərmək olar. Hansı ki, burda xeyli insan həyatını itirib. Nüvə silahının partlayışı çox böyük sosial, iqtisadi, ekoloji problemlərlə nəticələnir. Ona görə də həm strateji, həm də taktiki nüvə silahı təhlükəlidir.
Bir gün səhər Xəzər dənizinin sahilində kilkə, qumluq, aspius, balıqlarının məhvini gördüm. Bu, birbaşa ekoloji çirklənmə ilə əlaqədardır. İnsan faktoru isə danılmazdır. Xəzər dənizinin ekoloji vəziyyətinin dəyişməsində dənizin səviyyəsinin tərəddüdü və çirklənməsi əsas rol oynayır. Dünyada baş verən bütün müharibələr təbiətimizi, atmosferimizi çirkləndirərək flora və faunamıza da mənfi təsir göstərir. Çirklənən atmosfer qatından yağan yağışla bitkilər, meyvə-tərəvəzlər, otlar qidalanır. Həmçinin heyvanlar da bu bitkilərdən qidalanarkən, insanların istifadə etdiyi süd məhsulları, meyvə-tərəvəz də ziyanlı olur.
Azərbaycanımızın zəngin təbii sərvəti olan Qarabağ təbiətimizə aid yasaqlıqlar, qoruqlar, oradakı dərman bitkiləri, meşə sahələri, yeraltı və yerüstü sərvətlərimiz mənfur qonşular tərəfindən 30 il talandı. Bu dünyamızı, təbiətimizi çirkləndirənlər dünyanı qapqara görən adamlardır. Onların gözləri görsə də, qəlbən kordurlar. Onlar bu dünyanın işığını görməzlər. Bəlkə də təbiət bu insanlara görə 30 il bizdən incidi. Azad torpağına yağan yağışın göyqurşağı artıq rəngli görünür! Respublikamızın ekologiya ixtisasında təhsil alan tələbələri, həmçinin təhsil aldığım Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri Qarabağ təbiətimizin inkişafına öz töhfələrini verəcəklər. “Yaşıl dünya naminə həmrəylik ili”, “Yaşıl UNEC” ilində Qarabağımıza yaşıl rəngli ümid çələngi hədiyyə edək!
Aytac Mübarizqızı (Babayeva)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ekologiya ixtisasının tələbəsi