Kiyevdə Azərbaycan ab-havasının necə duyulduğunu hiss etmək, görmək hələ burda ikən mənə maraqlıydı. Və düşünürdüm ki, bu məqamla tanışlıq adidən-adi sayılacaq işdi. Amma orda hər şeyin əlçatan olduğu təəssüratı özünü qismən doğrultdu. Yaxşı deyirlər ki, əgər Allahı güldürmək istəyirsənsə, planlarından danış. Mən bu fikirlə razılaşsam da, adətimdən qalan deyiləm. Bir iş barədə irəlicədən, özü də xeyli düşünüb-daşınıram. Sonda yalnız Kiyevi ziyarətlə məhdudlaşan səfər əslində azı iki şəhəri də əhatə etməklə bir neçə gün artıq çəkəcəkdi. Və bu indi yalnız paytaxtdan deyil, Ukraynadan qeydlər kimi qarşınıza çıxacaqdı.
Dünyanın demək olar bütün guşələrinə səpələnmiş həmvətənlərimizin bir hissəsi də Ukraynada yaşayır. Bir neçə il əvvəlin rəsmi statistikasına görə, qədim slavyan torpağında azərbaycanlıların sayı qırx min nəfəri keçmir. Amma qeyri-rəsmi məlumatlarda bu rəqəmi yarım milyonu haqlayır. Ölkəmizin Ukraynadakı rəsmi təmsilçiliyinin - səfirlikdəkilərin və diaspor fəallarının fikrincəsə, bizimkilərin sayı 250-300 min nəfərdən artıq deyil. Bəlkə də təəccüblənəcəksiz, axı niyə bu boyda fərq var? Məsələ ondadı ki, ordakı soydaşlarımızın əksəriyyəti müstəqillikdən bu yana Ukraynaya gedənlərdi və onların çoxu daimi qeydiyyatdan keçməyiblər. Ona görə də azərbaycanlı obrazı orda daha çox ticarət və xidmət sahəsində çalışanların hesabına formalaşır. Təəssüf doğurur, amma gerçəklikdi. Hərçənd Ukraynanın ictimai, elmi-mədəni həyatında çalışan, yetərincə tanınan, sanbalıyla seçilən həmvətənlərimiz az deyil. Və onların hər birini səfirlik və diaspor nümayəndələri tanıyır. Diaspordan söz düşmüşkən, burada onların fəaliyyəti nəzərə çarpacaq dərəcədədi. Burada fəaliyyətə başlayan ilk diaspor təşkilatı Ukrayna Azərbaycanlıları Konqresidi. Konqres 1990-cı illərin əvvəlində Azərbaycan diasporunu dünya ölkələri üzrə müvafiq təşkilatların vahid koordinasiyasına birləşdirmək məqsədi ilə yaradılıb. Bu gün Ukraynanın bütün bölgələrində fəaliyyət göstərən bu qurum demokratik prinsipləri, Azərbaycan və Ukrayna xalqlarının humanistik ənənələrini rəhbər tutur və öz üzvlərinin milli-mədəni, mənəvi, ictimai-siyasi, yaradıcılıq tələblərinin ödənilməsi, həmçinin, vətəndaşların hüquqlarının və qanuni maraqlarının reallaşması yolunda ictimai-siyasi iş aparır. Bununla yanaşı, Konqres ictimai həyatda fəal iştirak edir, bir çox mədəni, eləcə də xeyriyyə aksiyaları keçirir, eyni zamanda bu istiqamətdə təşkil edilən tədbirlərə iştirakçı kimi qoşulur. Təsadüfi deyil ki, qurumun bazasında "Azərbaycan" ansamblı yaradılıb, Dnepropetrovsk, Sumı, Xarkov və Zaporojye regional təşkilatlarının da öz yaradıcı kollektivləri var. Təqribən on il qabaq konqresin nəzdində yaradılan gənclər komitəsinin üzvləri arasında T.Q.Şevcenko adına Kiyev Milli Universitetində, Beynəlxalq Münasibətlər İnstitutunda, Regionlararası Heyəti İdarəetmə Akademiyasında, onun nəzdində yaradılan Heydər Əliyev adına Sosial Elmlər və Beynəlxalq Münasibətlər İnstitutunda, Tibb və Mülki Aviasiya Universitetlərində və digər təhsil ocaqlarında oxuyan azərbaycanlı tələbələr üstünlük təşkil edir. Konqres Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi, Ukrayna və Azərbaycanın ictimai təşkilatları ilə sıx əməkdaşlıq edir. UAK-ın Krım, Dnepropetrovsk və Xarkov təşkilatlarının öz qəzetlərini buraxması, eyni zamanda qurumun əsas çap orqanı olan "Azərbaycanın səsi" qəzetinin Kiyevdə Ukrayna dilində işıq üzü görməsi ürəkaçan haldı. Konqresin saytında da Azərbaycanla, eləcə də diasporun fəaliyyəti ilə bağlı məlumatlar üç dildə - Ukrayna, rus və Azərbaycan dilində yayımlanması da ölkəmizin, xalqımızın və bizlərin bir parçası olan Ukraynadakı azərbaycanlıların təbliği baxımından çox faydalıdı. Konqresin ərsəyə gəlməsində böyük əmək sərf edən Rövşən Tağıyev orta məktəbi bitirəndən taleyini bu qədim torpağa bağlayıb. Ali hüquqşünas təhsili aldıqdan sonra, uğurlu karyera qurmuş, təqribən otuz ildən bəri yaşadığı ölkənin həyatında tanınan və Azərbaycanın başını uca edən soydaşımızdı Rövşən bəy.
Ukraynada həmvətənlərimizin sıx yaşadığı bölgələrdən birində - Xarkovda "Dostluq" - Azərbaycan-Ukrayna Xarkov vilayət təşkilatı fəaliyyət göstərir. Qurum on beş il qabaq yaradılıb. Təşkilatın ətrafında müxtəlif millətləri təmsil edən yüzlərlə nümayəndə toplaşıb. Əsas məqsədi milli adət-ənənələrin qorunması və inkişaf etdirilməsində oradakı azərbaycanlıların səylərinin birləşdirilməsi, eyni zamanda Ukrayna və Azərbaycan arasındakı mədəni-iqtisadi əlaqələrin möhkəmləndirilməsi, soydaşlarımızın hüquq və maraqlarının qorunması, təminatı olan "Dostluq" bu istiqamətdə imkanı daxilində çalışır. Təşkilatın nəzdində "Dostluq" Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzi, "Azərbaycan inciləri" adlı rəqs qrupu, "Qarabağ" folklor ansamblı, "Natəvan" Qadınlar Klubu, "Novruz" Gənclər Klubu, hüquqi xidmət fəaliyyət göstərir. "Dostluq" təşkilatı ötən illər ərzində Ukraynada bir sıra sosial, mədəni, təhsil və xeyriyyə layihələri həyata keçirib. Təşkilata texnika elmləri doktoru, professor Murad Ömərov rəhbərlik edir. Murad bəyin böyük qardaşı Azad Ömərov da Ukraynada tanınan həmvətənlərimizdəndi. Azad müəllim məmurdu, ərazi baxımdan Azərbaycanın yarısı boyda yeri əhatə edən regional bir qurumun rəhbəridi. İxtisasca mühəndis olan soydaşımız poeziya vurğunudu və öz təbirincə desək, həm də həvəskar şairdi. Onun uzun illər ərzində qələmə aldığı şeirlər iki il qabaq bir kitaba cəmlənərək, çap edilib. Və təsadüf elə gətirib ki, mən də həmin kitabın Azərbaycan Yazıçılar Birliyində baş tutan təqdimat mərasimində iştirak etmişəm.
Ukrayna Azərbaycanlı Gənclər Birliyi
Bu qurum 2010-cu ildə təsis edilib. Ukraynanın əksər - on doqquz vilayətində regional təşkilatlarını yaradan birliyin nəzdində şən və hazırcavablar klubu, milli musiqi ansamblı, "Bakı" futbol komandası fəaliyyət göstərir. Ukrayna Azərbaycanlı Gənclər Birliyi (UAGB) xalqımızın qədim adət-ənənələrini, zəngin mədəni irsini qoruyub yaşatmaq, Azərbaycan həqiqətlərini təbliğ etmək, əsasən də, Ukraynada böyüməkdə olan azərbaycanlı gənclərin bu ölkənin ictimai- siyasi həyatına inteqrasiyasını təmin etməyi başlıca məqsəd kimi qarşısına qoyub. UAGB-in sədri vaxtilə dövlət xəttiylə Ukraynaya təhsil almağa göndərilmiş on nəfərdən biri, Azərbaycan Televiziyasının oradakı əməkdaşı kimi çalışmış, gəncliyinə baxmayaraq, uğurlar qazanmış, siyasi elmlər üzrə fəlsə doktoru dərəcəsinə yiyələnmiş Anar Tahirovdu. Anar bəylə rəhbərlik etdiyi birliyin Tolstoy metrostansiyası yaxınlığındakı ofisində görüşdük. Buradakı işgüzar mühiti çox bəyəndim. UAGB fəalları sanki qarışqa kimi qaynaşırdılar. Gənc qurum rəhbəri fəaliyyətlərindən, ötən ilin yazından çap etməyə başladıqları "SAMU" adlı jurnaldan, "Azərbaycanca-ukraynaca və ukraynaca-azərbaycanca danışıq kitabçası"ndan, indiyədək üç dəfə keçirdikləri Ümumukrayna gənclərinin forumundan və sairdən ətraflı söhbət açdı. Birliyin on iki min üzvünün ölkənin ictimai, elmi-mədəni həyatında rolu, çəkisi barədə ürəkaçan faktların olması həqiqətən də xoş idi. Yeri gəlmişkən, Ukraynada çox məşhur olan telemüsabiqələrdən birində vokalçı istedadıyla fərqlənmiş soydaşımız Vaqif Nağıyev UAGB-in diqqət mərkəzindədi. Məhz birliyin köməyilə gənc istedadlı müğənniyə xüsusi qayğı göstərilməkdədi...
Ukraynada yaşca ən cavan olan diaspor təşkilatı təqribən il yarım qabaq yaradılmış Ukraynadakı Azərbaycanlıların Birləşmiş Diasporudu (UABD). Təəssüf ki, bu qurumun fəaliyyətinə bilavasitə cavabdeh sayılan şəxslə görüşmək istəyimiz baş tutmadı.
Kiyevdə diaspor fəallarından hesab olunan, iş adamı kimi tanınan başqa bir həmvətənimizin də etinasızlığıyla qarşılaşdım. Amma nə yaxşı ki, Kiyevdə azərbaycanlı olduğu duyulan professorlar - Məmməd Bağırov, Aydın Salmanov, Arif Quliyev kimi insanlar da yaşayır. Və onlarla görüş çox maraqlı oldu. Bu barədəsə ayrıca danışacam...