Yaxınlarda dünyasını dəyişmiş Cənnət Əliyevlə həyatda şəxsən tanış idim. Rəhmətlik sadə, bənzərsiz bir insanıydı. Onunla 1997-ci il yayın ilk günlərində 2-3 saat çəkən söhbətimiz indiki kimi yadımdadı. Biz Nizami metro stansiyasının bir addımlığında, indiki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yerləşən binada görüşmüşdük - Cənnət bəyin ofisində. Qarşınızdakı bu yazı məhz həmin vaxt elədiyimiz söhbətin nəticəsidi - artırıb-azaltmadan, necə var eləcə...
Təqribən 25 il əvvəl Cənnət Əliyev Uralda "zühur etdi". Dünyanın ən böyük ölkəsinə səs sala-sala tanındı. İlk rəsmi Sovet milyonçusu kimi onun haqqında yerli və mərkəzi qəzetlərdə müsahibələr dərc olundu. Oçağacan yaşadığı 35 ildə sanki başqalarından heç nəyilə fərqlənməmiş Cənnət bəy sonra öz doğma ölkəsnin də məşhur vətəndaşlarından birinə çevrildi. Bir vaxtlar milli televiziyanın və mətbuatın ən işlək mövzularından biri onunla bağlıydı. Sonrasa...
AXI KİMDİ CƏNNƏT ƏLİYEV?
-43 ildi, yəni doğulandan bəri bu suala çavab axtarıram. Tapa bilməmişəm. Mən də sizdən soruşuram, kimdi Cənnət Əliyev?
-Belə başa duşurəm ki, müəmmalı, yarı ciddi, yarıfanatik, yarı da... birisi.
-Hə, nolar, qoy siz deyən olsun.
CƏNNƏT ƏLİYEVİN KİMLİYİ SƏNƏDLƏRDƏ BELƏCƏ ƏKSİNİ TAPIB:
1954-cü il aprelin 17-də Şahbuz rayonunun Keçili kəndində dünyaya göz açıb. Arazın yaxınlığındakı Ordubad internat məktəbini bitirib. Sonra Naxçıvan Pedaqoji İnstitutunun Fizika fakultəsində, Azərbaycan Xalq Təsərrufatı İnstitutunda tam, Sverdlovsk Dövlət Universitetində hüquqşünas ixtisası üzrə natamam ali təhsil alıb. Leytenant rütbəsində əməliyyatçı müfəttiş işləyən Cənnət Əliyev hüquq-mühafizə orqanlarındakı qanunsuzluqlarla barışmadığına görə sistemdən kənarlaşdırılıb. Yenidənqurma illərində "Təbriz" kooperativini yaradıb...
Deyilənə gerə, Siz təqribən 1982-83-cü illərdə cinayət məsuliyyətinə cəlb olunmusunuz. Polis geyimində avtobusun qabağını kəsmisiniz...
-Bu da deyəsən təzə söhbətdi. Mən avtobusun qabağını niyə kəsməliydim?
-Və həmin deyilənə inansaq, sizin biznesin bünövrəsi o pullarnan qoyulub.
-Boş söz-söhbətdi. Haqqımda milyon dənə şey uydurublar, "KQB", ayrı-ayrı qüvvələr, adamlar tərəfindən...
-Milyonçu. Əcəb səslənir. Necə yığmışdınız milyonları?
-İndiki halda mən bu barədə heç nə söyləyə bilmərəm. Çünki milyonum yoxdu.
-Yaxşı, onda belə deyək, milyonları halal yolla yığmaq mümkünmü?
-Mümkündü. Amma çox çətindi. Böyük pul futbol meydanında təpiklənən topa bənzər.Və bu top oyunçulardan bir-birinə ötürülərək qapıya vurular. Mənsə neçə ildi bu topu bilavasitə özüm qapıya vurmağa çalışan oyunçuyam.
- SSRİ kimi sərt rejimli ölkədə milyonçuluq asan məsələ deyildi.
-Elədi. Amma həm də çox asan iş idi.
-O vaxt yüksək vəzifələrdə işləyib milyon sahibi olanlar, rəsmi milyonçu olmaqdan qorxub, kimlərisə ələ alırdılar və həmin pulları onun adına çıxardılar. Bu ifadəyə görə üzr istəyirəm, Siz də belə vasitə olmamısınız?
-Yəni qeyri-leqal pulları leqallaşdırmaq? Heç vaxt! Mən öz gücümə, zəhmətimə qazanmışam pulları.
-Deyirlər biznesdə ilk qazancınız ərik çəyirdəyinin satışından olub. Doğrudu?
- Ərik yox, şaftalı çəyirdəyi satmışam, böyük miqdarda. Ondan dərman hazırlanır, çox qiymətlidi. İlk biznes söhbətisə düz deyil. Bir də ona qalsa, mənim ilk biznesim 9 yaşında internatda oxuyarkən peçenye üçün rezin çarıqlarımı "prokata" verməyimdən başlayıb.
O HANSI MƏQSƏD ÜÇÜN YAŞAYIR?
-İnsanın əvvəldən axıra kimi bir məqsədi ola bilməz. O mərhələ-mərhələ dəyişir. Mənim ən böyük məqsədim kainatın sirrini öyrənmək olub. Bununçün az çalışmamışam. Bugünkü gün də məqsədim Qarabağı xilas eləməkdi. Vəssalam, qurtardı-getdi.
-Belə çıxır ki, bugünkü məqsədiniz ali məqsədinizin tərkib hissəsidi.
-Bir ildən, beş ildən sonra nə olacaq, ona baxarıq.
-Hüquqi dildə qanuni fəaliyyətdə, loru dildə haqq, nahaq yolda olmaq anlayışları var. Düz yolda olduğunuza inanırsınız?
-Həyatda əvvəldən axıra kimi düz, yaxud eyni yolda olmaq fikri səhvdi. Necə ki, tam xoşbəxt, yaxud bədbəxt insan yoxdu. Xoşbəxt, bədbəxt anlar var. Mən bütün həyatım, fəaliyyətim boyu qanunu pozmamağa çalışmışam. Ancaq olub ki, cəmiyyətə daha faydalı bir iş üçün qanunda nəzərdə tutulmayan hərəkət eləmişəm. İntəhası, bu işdə axtarsanız da cinayət tərkibi tapa bilməzsiz. Mən keçmiş əməliyyatçıyam, hüququ pis bilmirəm... Haqq, nahaq yol məsələsinə gəlincə, bu insanın əməlləri ilə ölçülür. Yəqin ki, mənim üçün kədərlənəcək bir şey yoxdu.
BÜTÜN DİNLƏRİN HƏVƏSKAR TƏDQİQATÇISI
-Siz yazdığınız kitabda özünüzü belə adlandırırsınız. Dinlərin hamısına baş vurmaq Sizə nə verdi?
-Kitabdan oxuyub bildiyiniz kimi mən kainatda baş verənləri, ədalətsiz müharibənin səbəblərini öyrənməkçün səmavi biliklərə yiyələnməyə başladım. Və açığı, çox şeylər mənə agah oldu.
-Bütpərəstlik, krişnaizm, xristianlıq, islam. Bu gün yenidən sonuncu dinin üzərində dayanmısınız. Nə vaxtsa təzədən kilsə-kilsə gəzəcəyiniz gözlənilir?
-Ola bilər. İslam böyük aləmdi. İslamda olan bəşəri dəyərlər, gözəl fikirlər o qüdrətdə, o səviyyədə heç harda qələmə alınmayıb. Bununçün mən bütün dünyanı, dinləri əldən-ayaqdan salandan sonra bir daha islama qayıtdım... Ancaq mən sahibsiz dünyanın yiyəsiyəm. Ona görə bir də gördün yenə ayrıldım bu dünyadan.
CƏNNƏT - MUSİQİÇİ, ŞAİR, REJİSSOR...
- "Təbrizim" mahnısı əslində mənimdi. Amma o vaxt elə işlər baş verdi ki, bu mahnı başqasının adıynan səsləndi. Mən peşəkar musiqiçi, müğənni deyiləm. Onunçün oxuyub sübut eləyə bilmədim. "Zülfüqar" adlı albomu ona görə hazırlatdım ki, musiqidə kimliyimi, daha doğrusu, həmin mahnının bu musiqiləri yazana məxsusluğunu sübut eləyim. Bu yaxınlarda ikinci albomum da inşallah, hazır olacaq. Adını hələ dəqiq deyə bilmərəm, bəlkə də "Haça qılınc" qoydum. Bu albomda özüm də oxumağa çalışmışam. Mahnılarımın əksərinin sözlərini də özüm yazmışam.
-1992-ci ildə Xocalı faciəsindən bəhs edən "Ağ atlı oğlan" filmini çəkirdiniz. Nə isə sonradan filmdən səs çıxmadı.
-Hə, film yarımçıq qaldı. Onda üstümə bərk düşmüşdülər. Bu o vaxt idi ki, bütün milyonlarımı dövlət qanunsuz şəkildə, zornan əlimdən aldı. Başqa bir film də imkansızlıq ucundan yarımçıq qaldı.
"ZÜLFÜQAR" QILINCI
-Onun istehsalı hardan ağlınıza gəlib?
-İslamı öyrənərkən Həzrəti Əlinin "Zülfüqar" qılıncı barədə oxuduqlarım məni çox maraqlandırdı. Öyrəndim ki, Həzrəti Əli əleyhissəlamın haça qılıncı "Zülfüqar" hücum yox, müdafiə qılıncı kimi tanınıb, üzbəüz döyüşməyi bacaran kişilərin hünərini təsdiqləyən silah olub. Rəvayətə görə Həzrət Əlidən (ə) sonra "Zülfüqar" imamlardan bir-birinə miras qalıb və ən nəhayət, onikinci imam Sahibi-əz-Zaman əleyhissəlamla birlikdə qeyb olub. Yer üzündə haqsızlıq və zülm həddini aşanda İmam Sahibi-əz Zaman (ə) əlində "Zülfüqar" Həzrəti İsa əleyhissəlamla bir yerdə zühur edəcək. Tacirlərin içində ən halalı olum deyə, Əli (ə) kimi bir igidi təbliğ etməkçun "Zülfuqar"ın kəsməyən, suvenir istehsalının əsasını qoymağı özümə ən böyük şərəf bildim. Və iqtisadi, siyası, ruhi və digər yaradıcıq fəaliyyətimin rəmzi "Zülfüqar"ı istehsal edib, yaymağa yönəltdim.
-Gərək ki, mətbuatda Sizin "Zülfüqar"ın əslini, orijinalını tapmağınız barədə yazılmışdı.
-Bunu sizdən eşidirəm. Haça qılıncı çox axtarmışam, tapa bilməmişəm. Yalan niyə deyim, belə şey mənim təbiətimə ziddi. İndi düzəldilən "Zülfüqar" qılıncları təxəyyülümün məhsuludu və dür- alüminiumdan hazırlanır.
-Hazırkı biznesiniz "Zülfüqar"la bağlı deyil ki?
-Yox-yox. Bu sadəcə mümkun deyil. Əvvəla "Zülfüqar" çox müqəddəs qılıncdı. Onu konkret şəkildə qiymətləndirmək olmaz. Necə ki, Allah yolunda verilən nəzir-niyaz üçün heç bir norma müəyyənləşdirilməyib. İkinçisi, "Zülfüqar"ın istehsalı üçün 112 min dollar xərc çəkmişəm. Bu qədər pulu qılıncın hesabına çıxarmaq ağlasığmaz işdi.
-İndiyədək nə qədər qılınc istehsal eləmisiniz?
-Minnən bir az çox olar. Əməli-saleh insanlara, möminlərə bağışlamışam hamısını. Bu qılınc dünyada nə qədər çox yayılsa, bəşəriyyətə sülhün, haqq-ədalətin tam yetişəcəyi gün o qədər tezləşəcək. Yalanı yoxdu, özümdən razıyam, çünki 1300 ildən sonra neçə milyon müsəlmanın içərisində "Zülfüqar"ı düzəltmək kimi şərəfli bir iş Allahdan mənə buyrulub. Və fəxr eləyirəm ki, üzərində ərəbcə "La fəta illa Əli, La seyfə illa Zülfüqar", yəni, "Nə Əli kimi igid var, nə də Zülfüqar kimi qılınc" kəlamı həkk olunmuş ruzi-bərəkət, xeyir, haqq-ədalət rəmzi olan qılıncdan istehsal edərək insanları həqq yoluna çağırıram. Hə, inşallah, İsa peyğəmbərin zühurunun Şərq ornamentləriylə xalça üzərində təsvirinin suvenir istehsalına da başlayacağam.
ORDAN-BURDAN
-5 il əvvəl mətbuatda yazdılar ki, bütün varidatınızın Xocalıdan olan bir qıza çatacağını elan eləmisiniz. Sonra dedilər ki, o qıza qara qəpik də çatmayıb...
-Heç vaxt dəli adam milyonlar qazana bilməz. Ağıllı adamsa qazandığı milyonları hansısa uşağa bağışlamaz. Mən o qızı rəmzi olaraq Qafqazın şahzadəsi elan eləmişdim və bütün təminatını da öz üzərimə götürmüşdüm. Ümumiyətlə, tək ona yox, neçə-neçə qaçqın ailsinə kömək etmişəm. O vaxt bəzi qüvvələr məni gözdən salmaq üçün belə şeyi uydurmuşdular.
-Bəs krişnaidlərnən bağlı?
-Mülk barədə deyirsiz? O mənim mülkümdü, sadəcə onlara yer vermişdim. Hindistanda islamçıların məscidini dağıdanda burda mənim üstümə düşdülər ki, siz hind mədəniyyətini təbliğ eləyirsiz, filan, bəsməkan. Axır iş o yerə gəldi ki, dedi-qoduları kəsməkçün onları mülkümnən çıxartmaq barədə söz-söhbət yaydım.
-Bukünkü biznesinizdən nə danışardınız? Cənnət Əliyev yenədəmi milyonçudu?
-Təəssüf ki, mənim 7 milyon dollar dəyərində mülküm zəbt olundu. Onnan qabaq da belə bir zərbə almışam. Hazırda qanunsuz müsadirə olunmuş pullarımı geri almaqla məşğulam. Artıq az bir qism pulum geri qayıdıb. Biznes barədə konkret heç nə deyə bilmərəm. Hər şey Allaha məlumdu (gülərək).
-Yazırsız ki, göy cisimlərinin yerə gələn şüasını spektral muayina edib, kainatın kimyəvi və fiziki tərkibini müəyyənləşdirərək həmin nisbətdə də bütün kainatı Kimya İnstitutunda bir şuşə qrafinə doldurub ağzını bağlatdırmısınız. Və gələcəkdə "kainat"ı da bəlkə suvenir kimi istehsal etmək fikriniz var. O qrafini əyani olaraq görə bilərik?
-Mümkündü! İndi otaqda yoxdu. Ancaq istəsəniz göstərə bilərəm. Elə bir şey deyil, adi şəffaf qrafindi. İçindəkilərinsə həm görünəni, həm də görünməyəni var.
-"Kainat"ın ağzı açılsa nolar ?
-Əşşi, nəyə lazımdı, durub da elə ağzıbağlı (gülə-gülə).
-Siz paralel dünyayla (ruhlar dünyası) kontakta girdiyinizi söyləyirsiz. Sübut varmı?
-Əvvəlcə kim şubhələnirsə o sübut eləsin. Mən bunu sübut eləyə bilərəm. Amma bu iş maraqlanan üçün çox pis sonluqla nəticələnər. 1990-cı il yanvarın 20-si gecə saat 12-də ilk dəfə belə bir şeyi özumdə hiss eləmişəm. O vaxt faciəni də duymuşdum... Konkret olaraq haçan paralel dünyayla kontakta girdiyimi söyləmək çətindi. Bu qəfildən olur. Və enerji şəklində informasiya verir. O da şeir. musiqi, yaxud biznes fəaliyyətimdə təzə nəyləsə nəticələnir. Mənim kontaktda olduğumu yalnız ətrafımda bela qabiliyyəti olan insan duya bilər. Ümumiyyətlə, o enerjinin hecabına çox şeylər əvvəlcədən mənə agah olur.
-Bütün danışdıqlarınızın, "Zülfüqar" adlı kitabınızda yazdığınızın faktik əsası varmı?
-Bəli, sübutu da çətin deyil.
-Fanatik olduğunuzu qəbul eləyirsiz?
-Tamamilə! Azərbaycanı fəlakətdən qurtarmaq üçün bizə elə fanatiklar lazımdı.
-Ailəniz durur?
-(Gülür) Ailəm durmur, yaşayır. On yaşlı da bir oğlum var.
-Qohum-əqrəbanın sizdən üz döndərməyi də yalandı?
-Bəli! Onu da o vaxt düzüb-qoşmuşdular.
-Menyünüz necədi?
-Pəhriz saxlayıram.
-Hansı dilləri bilirsiz?
-Ana dilimi, bir də rusu.
-Niyə ağ atınızın adı "Zaman"dı? Zamanı da minmək olar?
-Mən özümü nağıllardan gələn qəhrəman bilirəm. Ağ at, "Zaman" da rəmzidi. Bir də qiyamət günü Sahibi-əz-Zamanın ağ at üstündə zühur edəcəyi rəvayət olunur. Mənim öz nağılım var...