|
|
|
|
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bir neçə gün əvvəl bildirib ki, həm Ermənistan, həm də Azərbaycan bir-birinin konstitusiyasında uzunmüddətli sülhün bərqərar olması üçün mühüm problemlər və maneələr görür. Lakin bu o demək deyil ki, Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi məsələsi Azərbaycanla danışıqların predmetidir. Əlavə edib ki, Ermənistan Konstitusiyasında dəyişikliklər 2018-ci ildən müzakirə edilir və bu müzakirələrin Azərbaycanın tələbləri ilə diktə edildiyini iddia etmək kökündən yanlışdır. Bu, Ermənistanın daxili işidir.
Ermənistan Konstitusiyasında Azərbaycana qarşı birbaşa ərazi iddialarının yer aldığı məlumdur. Belə ki, bu ölkənin Müstəqillik Bəyannaməsinin preambulasında qeyd olunub ki, “Ermənistan SSR-in və Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsi haqqında” 1989-cu il 1 dekabr tarixli qərarı yerinə yetirilməlidir. Bu iddialar 1995-ci ildə qəbul olunan Konstitusiyada da yer alıb. Yəni Bəyannamə və Konstitusiyada, eləcə də bir sıra digər hüquqi aktlarda Azərbaycanın əzəli torpağı olan Qarabağın Ermənistan ərazisinin ayrılmaz hissəsi kimi tanıyan maddə bu gün də qalmaqdadır. Ermənistanda ayrı-ayrı illərdə Konstitusiya dəyişikliyi olsa da, bu maddələr dəyişdirilməyib.
Belə olan halda Mirzoyanın açıqlaması əlbəttə ki, absurddur və heç bir əsası yoxdur. Çünki Azərbaycan Konstitusiyasında və digər qanunvericilik aktlarında qonşu dövlətlərə , o cümlədən, Ermənistana qarşı ərazi iddiaları mövcud deyil. Bu mənada İrəvanın nəyin dəyişməsini istəməsi də sual doğurur.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Mirzoyanın bu açıqlamasına cavab olaraq bildirib ki, Ermənistan Konstitusiyasında, Ermənistan parlamenti tərəfindən qəbul edilən qanunvericilik aktlarında və digər qanunvericilik sənədlərində qonşu dövlətlərə, o cümlədən, Azərbaycana qarşı ərazi iddiaları mövcuddur: “Bu, məlum bir faktdır və bu məsələ, təbii ki, zaman-zaman qaldırılıb. Ermənistan cəmiyyətində bu xüsusda diskussiyaların olması o anlama gəlir ki, Ermənistan dövləti və cəmiyyəti özü bu faktların mövcudluğunu özləri üçün zərərləri olduğunu qəbul edirlər”.
Ceyhun Bayramov qeyd edib ki, Mirzoyanın Azərbaycan və Ermənistan konstitusiyalarında paralellik, bərabərlik yaratmaq cəhdi, yumşaq desək, həqiqətdən uzaq və qəbuledilməzdir: “Azərbaycan Konstitusiyasında və digər qanunvericilik aktlarında qonşu dövlətlərə və Ermənistana qarşı ərazi iddiaları mövcud deyil. Ona görə də bu mövzuda paralellik yaratmaq cəhdləri qəbuledilməzdir. Əfsuslar olsun ki, bu kimi tendensiyaları biz ilk dəfə deyil görürük. Bəzi hallarda danışıqlar prosesində Ermənistan üçün belə demək olarsa, uyğun olmayan məqamlar qabardılarkən Azərbaycanda bunun analoqu olmasa belə, süni şəkildə güzgü effekti yaratmaq cəhdləri edilir”.
Nazir onu da bildirib ki, Azərbaycan qanunvericiliyində bu kimi məqamların olmaması açıq-aydındır: “Bunu bütün beynəlxalq tərəfdaşlar bilir və bu arqumentləri heç kəs qəbul etmir. Düşünürəm ki, Ermənistan hakimiyyəti özü də bunun əsassız olduğunu bilir. Azərbaycan cəmiyyəti tam əmin ola bilər ki, bundan sonra da bu kimi arqumentlər ayaq tutub yeriyə bilməz, burada paralelliyə yer yoxdur”.
Bu gün Bakı və İrəvan arasında delimitasiya və demarkasiya ilə bağlı əldə edilmiş nəticələr sülh prosesinin irəliyə aparılmasına, eyni zamanda sülh sazişinin imzalanmasına ümidlər yaradır. Ermənistan tərəfi sülh üçün yaranmış fürsətləri müxtəlif bəhanələrlə yubatmamalı, sülh sazişinin imzalanmasına mane olan iddialardan əl çəkməli və Konstitusiya dəyişikliyinə getməlidir.
Azərbaycan dövləti ən yüksək səviyyədə bu tələbi irəli sürüb. Prezident İlham Əliyev bu ilin fevral aylnda Parlamentlərarası İttifaqın Baş katibini qəbul edərkən deyib ki, Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb. Həmçinin, Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur.
Dövlət başçısı vurğulayıb ki, Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir. Prezident qeyd edib ki, bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ-hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Ermənistanda bunun tez bir vaxtda həyata keçirilməsinin vacibliyini bildirən dövlət başçısı vurğulayıb ki, Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanması müsbət addım kimi qiymətləndirilir və bu, sülh prosesinin tezliklə yekunlaşdırılması üçün yaxşı imkan yarada bilər.
Xatırladaq ki, bu ilin yanvarında Baş nazir Nikol Paşinyan ölkənin yeni Konstitusiyaya ehtiyac olduğunu bildirmişdi: “Ölkənin “demokratik legitimliyinin və yaşarılığının təmin edilməsi üçün” konstitusiya islahatına yox, tamamilə yeni konstitusiyaya ehtiyacı var. Yeni konstitusiya yeni geosiyasi və regional şəraitdə Ermənistanı “daha rəqabətli və həyatqabiliyyətli” etməlidir. Ermənistan Respublikasının xalq tərəfindən səs verilmiş konstitusiyası olmalı və o, heç bir şübhəyə yer qoymamalıdır. Bu, onun legitimliyini təsdiqləyən mühüm addım olardı. Yeni konstitusiya xalq səsverməsinə çıxarılmalıdır ki, onun nüfuzuna heç bir şübhə yeri qalmasın”.
O, daha sonra yerli mediaya açıqlamasında faktiki olaraq yeni Konstitusiyada Müstəqillik haqqında Bəyannaməyə heç bir istinadın olmamasını lazım hesab etdiyini deyib. Bildirib ki, əgər Ermənistanın siyasəti Müstəqillik Bəyannaməsinə, “Dağlıq Qarabağ”ın Ermənistan Respublikasının birləşdirilməsinə əsaslanırsa, o zaman müharibə başlayacaq və heç vaxt sülh olmayacaq.
Rəsmi İrəvan Konstitusiya dəyişikliyinin mütləq olduğunu anlasa da, bu istiqamətdə işləri sürətləndirməkdə maraqlı görünmür. Paşinyan davam edən aksiyalar, revanşist qüvvələrin təsirindən çəkinərək öz hakimiyyətini qorumaq üçün bunu yubada bilər. Amma Ermənistanın bu tələbi gecikdirməsi sülhə mənfi təsir göstərir. Sülhün tam bərqərar olması üçün İrəvan öz öhdəliklərinə əməl etməli, bu tələbi yerinə yetirməlidir.