Fransa prezidenti Emmanuel Makronun Avropa Parlamentinə keçirilən seçkilərdə rüsvayçı məğlubiyyətindən sonra Milli Assambleyanı buraxmaq barədə qəbul etdiyi qərar nə daxildə, nə də xaricdə dəstəklənir. Qərar Brüsseldə ciddi narahatlıq və çaşqınlıq yaradıb. Avropalı ekspertlər hesab edirlər ki, Avropa İttifaqı institutları üçün qeyri-müəyyənlik və yenidən qruplaşma dövrü başlayır.
Fransa prezidenti bir tərəfdən partiyasının Avropa seçkilərində məğlub olması ilə zəiflədi, digər tərəfdən, əgər qanunverici orqana keçiriləcək növbədənkənar seçkilərdə ifrat sağçılar qalib gələrsə, hakimiyyətin bölüşdürülməsi məsələsini müzakirə etməyə məcbur olacaq. Nəticədə Fransanın və onun liderinin səsi böyük ehtimalla, Avropa İttifaqında və dünyada daha az eşidiləcək.
Yada salaq ki, Makronun İntibah Partiyası Avropa Parlamentinə seçkilərdə 14,5 faiz səs toplayıb. Marin Le Penin qurucusu olduğu ifrat sağçı Milli Birlik Partiyası Emmanuel Makronun partiyasından iki dəfədən də çox 31,5 faiz səs yığıb. Qarşıdakı parlament seçkilərində intibahçıların üstün mövqedə olacağı ehtimalı böyük deyil. Avropa İttifaqında narahatlığın səbəbi də bundan qaynaqlanır. Avropanın və Qərbin aparıcı media orqanlarında da bu narahatlıq açıq şəkildə ifadə olunur.
Fransada parlament seçkilərinin birinci turu iyunun 30-da, ikinci turu isə iyulun 7-də baş keçiriləcək.
Avropa Siyasəti Mərkəzinin əməkdaşı Erik Moris Makronun çox iddialı olduğu apreldə Sorbonnada etdiyi çıxışını yada salaraq deyib ki, o, Avropa İttifaqını gələcəyə baxmağa və qətiyyətlə hərəkət etməyə çağırmışdı: "Makron bu gündəliyi avropalı tərəfdaşlarına tətbiq etməkdə və Aİ-nin izləməli olduğu istiqaməti göstərməkdə daha az müvəffəqiyyətli ola bilər. Fransa prezidentinin öz oyununu davam etməsi, xüsusən də Avropa İttifaqının icra orqanlarının rəhbər şəxslərinin, Şura prezidentinin təyinatına həlledici təsir göstərməsi daha çətin olacaq".
Ekspert yada salıb ki, 2019-cu ildə Emmanuel Makron Avropa İttifaqında ən mühüm vəzifələrin bölüşdürülməsində əhəmiyyətli rol oynayıb. O, alman Ursula fon der Leyenə Avropa Komissiyasının rəhbəri vəzifəsini verib, Avropa Mərkəzi Bankının sədrliyinə fransız qadının gətirib, fransız Avropa komissarına super portfel təklif edib. Amma Fransa prezidenti hazırkı müxalifətlə tərəfdaşlıq sazişi bağlasa, Avropa qanunvericiliyinin inkişafına təsirini itirmək riski ilə üzləşəcək.
Avropa Siyasət Araşdırmaları Mərkəzinin eksperti Sofiya Russak isə hesab edir ki, əgər Makron daxili siyasi işlərlə məşğul olarsa və Cordan Bardella Fransa adından baş nazir kimi çıxış edərsə, Avropa İttifaqında çətinliklər yarana bilər. Onun öz ölkəsində əlinin bağlı olması Avropa səviyyəsindəki fəaliyyətinə də təsir göstərə bilər.
Avropa Komissiyasının növbəti sədrinin və Aİ Şurasının rəhbərinin təyin edilməsi ilə bağlı rəsmi danışıqlar gələn həftə başlayacaq. İttifaqın ən böyük və ən güclü ölkələri olan Fransa və Almaniya bu vəzifələrə namizədlərin təsdiqində ən xüsusi çəkiyə sahib olmağa adət ediblər. İndi bu vəziyyət dəyişə bilər.
Ən önəmli sayılan iki lider Olaf Şolz və Emmanuel Makron Avropa seçkilərindən zəifləmiş şəkildə çıxırlar. Lakin bu, Polşa, İtaliya və İspaniya kimi digər böyük ölkələrin liderlərinə bir az daha çox manevr etmək imkanı verə bilər.
Xatırladaq ki, Makronun partiyası 2022-ci ildə keçirilən son seçkilərdə parlament çoxluğunu itirmişdi. Odur ki, xarici ekspertlər yeni növbədənkənar seçkilərin onun üçün daha böyük itkilərə səbəb ola biləcəyi qənaətindədirlər. Avropanın ehtiyat etdiyi həm də Aİ seçkilərində qalib gələn ifrat sağçı Milli Birliyin lideri Cordan Bardellanın Fransanın yeni baş naziri olması ehtimalıdır. Qeyd edək ki, o, son Avropa seçkilərində Makronun mərkəzçi ittifaqından iki dəfə çox səs toplayaraq əhəmiyyətli uğura imza atıb. Bəs Avropa üçün narahatlıq yaradan
Cordan Bardella kimdir?
O, 1995-ci ildə Parisin şəhərətrafı Dransi qəsəbəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra Paris - Sorbonna Universitetinə daxil olur və orada coğrafiya üzrə təhsil alır. Çox gənc - 17 yaşında siyasətə qoşulur və artıq üçüncü kursda universiteti tərk edib. O, ifrat sağçı Milli Cəbhəyə (NF) üzv olur. 2014-cü ildə Sen-Sen-Deni departamentində NF bölməsinin katibi, bir il sonra İl-de-Fransın regional şurasına seçilir. 2017-ci il prezident seçkiləri zamanı Bardella Marin Le Penin kampaniya komandasının bir hissəsi olub.
2018-ci ilin yazında Bardella partiyanın gənclər təşkilatına rəhbərlik edib, bir neçə il bu vəzifədə çalışıb.
2018-ci il iyunun 1-də partiyanın Milli Şurasının nümayəndələrinin əksəriyyəti onun Milli Birlik adlandırılmasına səs verib.
2019-cu ilin yazında Avropa Parlamentinə keçirilən seçkilərdə siyahısına Cordan Bardellanın başçılıq etdiyi Milli Birlik partiyası 23,34% səs toplayaraq Fransaya ayrılan 79 yerdən 22-ni əldə edib və birincilik qazanıb. Artıq 23 yaşında o, Avropa Parlamentinin üzvü olub. Elə həmin il partiyanın İcraiyyə Bürosuna daxil olaraq orada ikinci sədri vəzifəsini tutub. 2022-ci ilin noyabrında o, Marin Le Pendən sonra Milli Birliyin sədri seçilib.
Bardella Le Pen ailəsinin üzvü olmayan antimiqrant Milli Birlik partiyasına rəhbərlik edən ilk şəxsdir. Bir fakt da var ki, 2020-ci ildən o, Marin Le Penin qardaşı qızı Nolven Olivye ilə görüşüb. Cütlük Avropa seçkilərinə cəmi bir neçə gün qalmış ayrılıb.
Yada salaq ki, Marin Le Pen 2011-ci ildə atası Jan-Mari Le Pendən sonra partiya lideri oldu. Bir neçə il sonra atası partiyadan xaric edilib. Parlamentdə Marin Le Pen partiyanın lideri olaraq qalır və 2027-ci ildə yenidən prezidentliyə namizəd olacağı gözlənilir.
Le Penin varisi Cordan Bardellanın çoxlu gənc tərəfdarları var. Siyasətçinin TikTok-da 1 milyondan çox izləyicisi var.
Avropada seçki kampaniyası zamanı o, milli sərhəd nəzarətinin tətbiqi ilə miqrantların sərbəst hərəkətinin məhdudlaşdırılmasını müdafiə edib. Eyni zamanda, Bardella ifrat sağçı AfD (Almaniya üçün Alternativ) partiyasından uzaqlaşaraq, Avropa Parlamentində daha bu fraksiya ilə əməkdaşlıq etməyəcəyini bildirib.
Partiya artıq Aİ və avrozonadan çıxmaq istəmir, lakin onları daxildən zəiflətməyə çalışır. Televiziya debatları zamanı Bardella deyib ki, "Mən Avropanın əleyhinə deyiləm, Avropanın necə işləməsinin əleyhinəyəm".
Bununla belə, Avropa Parlamentinin üzvü kimi siyasətçi o qədər də fəal olmayıb, parlament komitəsinin əksər iclaslarında iştirak etməyib. Bardellanın əleyhdarları onu vacib siyasət məsələlərini həll etmək əvəzinə ictimai imicini qurmaq üçün çox vaxt sərf etməkdə ittiham edirlər.
Məsələn, avroparlamentari Manon Obri Bardellanın Avropa Parlamentində tez-tez olmamasına istinad edərək onu "kabus parlamentari" adlandırıb.
Görünən odur ki, daxili və xarici siyasətdə uğursuz olan, tam bir fiaskoya uğrayan Makron Avropa İttifaqını da çətin və çıxılmaz vəziyyətə salıb. Proseslərin hansı istiqamətdə cərəyan edəcəyini isə Fransadakı seçkilərdən sonra dəqiq müəyyən etmək mümkün olacaq.