|
|
|
|
Mənim qəribə, bəlkə də çoxuna xoş gəlməyən xasiyyətim var. Çox zaman insanların adalarının həm mənasına, həm də onu daşıyanın o ada layiq olub-olmadığına diqqət edərəm. Özümdən asılı deyil. Yanımda birindən ağız dolusu danışılanda tez həmin insanın adını soruşuram. Elə bilirəm, adına görə onun barəsində danışılanların nə qədər doğru olub-olmadığını təxmin edəcəm. Bəlkə də doğru deyil, yanılıram...
Sevda xanımla tanış olanda əmin idim onun gözəl insan olduğuna. Həm gülər üzü, səmimiyyəti, həm də yazdığı şeirləri bunu sübut edirdi. Bir də adı. Adı da çox sevdiyim adlardandı...Sevda...böyük mənası var bu adın...
Hələ peşəsi...Allahdan gələn vergi. İçində başqalarına verəcəyi sevginin bitib-tükənməməsi. Səbri, kiminsə üzərində hər gün titrəməsi, qayğısına qalması, bir insan kimi, bir şəxsiyyət kimi uşaqların yetişməsində çəkdiyi tükənməz zəhmətin sahibi...
Müəllim...Uşaqlıq sevdam...
Məsuliyyətini çəkə bilməyəcəyimdən qorxub vaz keçdiyim peşə... Hər zaman ən hörmət etdiyim, qiymətləndirdiyim, bizə verdiklərinə görə minnətdar olduğum insanlar...Müqəddəs peşənin sahibləri. Qiyməti olmayanlar...
Sevda Mikayılova Mərdəkanda doğulub. 1953-cü ildə. Ziyalı ailəsində. Dəniz havalı, küləkli, gilavarlı bir məkanda. Dalğaların səsini dinləyə-dinləyə, gilavarın pıçıldadıqlarını eşidə-eşidə böyüyüb. Şeirləri də ona ilk yazdıran dənizin nəğməsi olub. Hələ orta məktəb illərində yazdığı şeirləri “Azərbaycan pioneri” qəzetində dərc olunurdu. Yazmaq həvəsi başqa bir tutqudur...Özünü ona təslim etdinsə, qələmi yerə qoya bilməyəcəksən. Harda olursan ol, hara gedirsən get, nə işlə məşğul olursan ol, o səni buraxmaz, tərk etməz. O sənin qəlbində yuva saldısa heç kim, heç kəs onu silib ata bilməz. Heç bir qüvvə onun qarşısını kəsə bilməz. Nə külək, nə tufan, nə qar, nə boran...Nə də özündən deyən qüvvət sahibləri...Çağlayacaq o bulaq, sıza-sıza axacaq. Daşların, dağların sinəsindən sızıb çıxdığı kimi... Səni içərdən yazmağa məcbur edəcək. Yazmasan dincəlməyəcəksən, rahat ola bilməyəcəksən, yata bilməyəcəksən...O elə bir sevdadı, elə bir istəkdi, elə bir tutqudu ki...Yaşamayanlar bilməz, o eşqə girifdar olmayanlar anlamaz zatən...
Elə orta məktəbdə fəal şagird olan, ictimai işlərdə də özünü lazımınca tanıdan Sevda Mikayılova institutda da bunu davam etdirdi. Orta məktəb kimi, ali məktəbi də əla qiymətlərlə başa vurdu.
1974-cü ildə Xarici Dillər İnstitutunu bitirdikdən sonra göndərişlə Mingəçevir şəhərinə getdi ingilis dili müəllimi kimi. Etiraz etmədi: "Vətənimin hər qarışı mənim üçün əzizdi, əvəzedilməzdi, doğmadı" dedi. Hələ sevindi də...
İlk gündən sevdi getdiyi şəhəri, insanları, işlədiyi məktəbi. Hələ həyat yoldaşını da elə ordan seçdi... Özünün dediklərindən: "Sanki orda doğulmuşdum, orda böyümüşdüm. Bilirsiniz, mənim üçün Azərbaycanın hər qarışı əzizdi, hər tərəfi füsunkardı. Mən bu torpağın bütövlüyünə aşiqəm. Təki bölünməsin, təki torpaqlarımıza yad gözlər baxmasın. Qarabağın işğalı məni o qədər sarsıltdı ki. Hərdən fikirləşirdim orda da doğulmamışam, hardandı bu qədər sevgi oralara. Suallarıma özüm də cavab veriridim. Bəyəm Azərbaycanı bölmək olar? Bu gözəllər gözəli, təbiətiylə insanı valeh edən bu torpağın ögeyi, doğması varmı? Bu vətən hamımızındı, bölünməzdi, əvəzedilməzdi. Onu sevməliyik, xain gözlərdən qorumalıyıq...”
Elə şagirdlərinə də ingilis diliylə yanaşı bu fikirləri öyrətdi, aşılamağa çalışdı. Həm işlədiyi kollektivin, həm də şagirdlərinin sevgisini qazandı. Yaxşı deyiblər ki, sevgini verməsən, sevgi qazanmasan. Verdiyi əməyi, istəyi əvəzsiz qalmadı. 20 il orta məktəbdə ingilis dili müəllimi işləyən Sevda Mikayılovanı Mingəçevir Dövlət universitetinin xarici dillər kafedrasna dəvət etdilər. 30 il də tələbələrlə işləyən gözəl müəllim Təhsil Nazirliyinin fəxri fərmanına layiq görüldü. Neçə-neçə elmi məqalələr yazdı. Özünün dediklərindən: "İstər orta məktəbdə, istər universitetdə dərs dediyim gənclərlə daim gözəl münasibətdə olmuşam. Bəzən qarşındakının da nə istədiyini bilməlisən. Ürəklərini oxumağı bacarmalısan. Ən əsası da onları sevməlisən. Bunsuz heç bir uğur qazana bilməzsən. Bilirsiniz, həmişə auditoriyaya girəndə, gənclərlə qarşı-qarşıya oturanda öz övladlarımı düşünürdüm. İndi gənclərin tələbləri tamam başqadı. Onlar informasiyalıdılar. Çox çalışmaq, çox oxumaq, onlara cavab verməyi bacarmaq lazımdı. Yoxsa çəkdiyin bütün əməklər boşa gedər”.
Pedoqoji fəaliyyətiylə bərabər Sevda xanım ədəbiyyata, şeirə, poezyaya olan eşqini də unutmadı heç zaman. Yaradıcılığını bu illərdə də davam etdirdi. Mingəçevirdəki “Kür” ədəbi məclisinin fəal üzvü olmuş, “Mingəçevir işıqları “ qəzetinin ictimai müxbiri kimi respublika mətbuatında da şeir və məqalələri ilə çıxış etmişdir. 5 kitab müəllifidi...
Ölülər torpağa tapşırılır,
xatirələr ürəyə...
Xatirələr heç sığırmı sinəyə?!
Bu urəkdir, dönüb indi muzeyə,
Yaşa görüm, indi necə yaşayırsan, ay insan?!
Bu möhnəti axı necə daşıyırsan, ay insan?!
Ölü var ki, dəyər bəzi diriyə,
Keçmiş var ki, dönməz heç vaxt geriyə.
Xatirələr elə olur, az qalırsan əriyə,
Yaşa görüm, indi necə yaşayırsan, ay insan?!
Bu möhnəti axı necə daşıyırsan, ay insan?!
Xatirələr üzür məni, burulğana düşmüşəm,
düşünə də bilmirəm.
Keçmiş yandan süzür məni,
axı ondan küsmüşəm, susuram, heç dinmirəm...
Yaşa görüm, indi necə yaşayırsan, ay insan!
Bu möhnəti axı necə daşıyırsan, ay insan?!
Sevda Xası qızı "Qızıl qələm" və "X. Rza Ulutürk" media mükafatları laureatıdır. Hazırda Sevda xanım ədəbi fəaliyyətini müvəffəqiyyətlə davam etdirir. "3-cü bahar" ictimai birliyinin Mingəçevir bölməsində poeziya bölməsinin baş təlimatçısıdır.
2021 -ci ildə "Məmməd Araz" media mükafatı laureatı və Azərbaycanın Fəxri Ziyalısı adını almışdır.
Sevda xanımın 3 övladı, 5 nəvəsi var
Nəvələrindən danışanda ən çox Nəzrinin üzərində dayandı.
"İngilis dilini öyrənir universitetdə. İnanıram ona. Çox gözəl davam etdirəcək yolumu..."