|
|
|
|

Bu gün, az qala, hər kəs mətbuatdakı çatışmazlıqlardan bəhs edir. Təbii ki, gətirilən arqumentlərin, qeyd edilən fikirlərin bir çoxu reallığı əks etdirmir. Çünki kifayət qədər qeyri-pəşəkar və “sosial küy”ə əsaslanan fikirlər də səsləndirilir. Lakin diqqətli oxucuların və peşəkar jurnalistlərin diqqətə çatdırdığı bəzi vacib məqamlar yenidən düşünməyi və yaranmış vəziyyətin aradan qaldırılmasının vacibliyini bir daha mətbuat işçilərinə xatırladır.
Son vaxtlar yazılı və onlayn mətbuatda, televiziya və radio verilişlərində Azərbaycan dilinin qanunauyğunluqlarının kobud şəkildə pozulması, dil-üslub problemləri tez-tez müzakirə obyektinə çevrilir. Həyəcan təbili çalınsa da, görünür, təbilin səsini hələ də eşitmək istəməyən və buna bacarığı çatmayan şəxslər günü-gündən çoxalır.
Tanınmış telejurnalist və publisist, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin “Multimedia və elektron kommunikasiya” kafedrasının müdiri, professor Qulu Məhərrəmli mövzu ilə bağlı “525”ə açıqlamasında dil problemlərinin məbuatda vüsət aldığını bildirib: “Bu gün mətbuatımızın bəlli problemləri var. Peşəkarlıqla əlaqəli olan bu problemləri müxtəlif formalarda təsnif etmək mümkündür. Söhbət aktual mövzulara çox nadir hallarda toxunmaqdan, tənqidi yazıların azlığından, araşdırma materiallarının, auditoriyanı təmin edəcək yazıların yetərsizliyindən və başqa məsələlərdən gedir. Həm yazılı mətbuatın, həm bir çox radio və televiziya verilişlərinin dilində belə problemlər kifayət qədərdir. Niyə görə dil məsələsi bizi bu qədər narahat edir? Çünki mətbuatın dili kütləvidir və hansısa bir material dinləyici, tamaşaçı, ümumən, cəmiyyətə kifayət qədər anlaşıqlı formada ifadə olunmalıdır. Məsələn, bir cümlədə dolaşıqlıq varsa, oxucu bunun üçün zehnini yorur, əvvələ qayıdır, məna çıxartmağa, uzlaşmanı tapmağa, verilmiş mətləbi tez qavramağa çalışır. Əgər dəxli olmayan, yerinə düşməyən söz işlənirsə ifadə tərzində böyük problem yaranır. Təəssüf ki, bu tip hallar bizim mətbuatımızda çoxalıb və bunu müşahidə etmək çox ağırdır.
Saytların dilində ciddi nöqsanlar var. Ədəbi normalara riayət edilmir, şəkilçilər yerində işlənilmir, mübtəda və xəbər arasında uzlaşma gözlənilmir, cümlə üzvlərinin funksiyası pozulur, yersiz invensiyalar edilir. Bunların hamısı müşahidə olunan dil nöqsanlarının bir hissəsidir. Düzdür, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində davamlı olaraq müşahidələr, ümumiləşdirmələr aparılır. Bu müşahidələrin nəticəsi jurnalistlərin, eləcə də, geniş ictimaiyyətin nəzərinə çatdırılır. Amma görünür ki, bu addım problemin aradan qalxması üçün kifayət deyil.
Təəssüf ki, bəzən hansısa aktual mövzu çox pis üslubda qələmə alınır, hansısa saytda yayımlanır, digər onlayn media orqanları da həmin materialı kopyalayaraq tirajlayır. Ona görə də, yaxşı müəllifə, xəbər mətni yazana və redaktora ehtiyac var. Məsələnin həlli üçün bu üç şərt əsasdır”.
Q.Məhərrəmli bildirib ki, mətndəki dil-üslub problemi həmin media orqanının nüfuzdan düşməsinə səbəb olur: “Əvvəlki illərə nisbətən, ədəbi dil normalarının mətbuatda tez-tez pozulması adi hala çevrilib. Məsələn, xəbərdə az sözlə gerçəyi ifadə eləmək çox önəmlidir. Əgər jurnalist bunu bacarmırsa, oxucu ciddi çətinliklə qarşılaşır. Əlbəttə ki, bu mövzuda media qurumlarından çox şey aslıdır. Bizdə elə təcrübəli qəzetlər var ki, onların korrektorları var, mətn dəfələrlə oxunur, material pillə-pillə nəzərdən keçirilir. Ona görə də onlarda dil nöqsanlarına nadir hallarda rast gəlinir. Amma elə media orqanları var ki, iki-üç işçi çalışır. Materiallarda heç adi redaktə prosesi aparılmır, səhvlər müəyyənləşdirilmir və nəticədə, çox acınacaqlı mənəzərə yaranır. Bu da həmid media orqanının nüfuzdan düşməsinə səbəb olur. Özünə hörmət edən media qurumu bu cür səhvlərə yol vermir. Vicdanlı və peşəkar redaktor, yaxud materiala məsul şəxs mətndəki problemləri aradan qaldırmalıdır.
Mətnin dilinin aydın, anlaşıqlı olması jurnalistikanın əlifbasıdır. Xüsusən, xəbər materiallarının dilində ciddi problemlər var. Yaxud, elə analtik yazılar olur ki, səbəb-nəticə əlaqəsinin gözlənilmədiyinin şahidi olursan. Adi sözlərin düzgün yazılış qaydalarına riayət olunmur. Bunlar hamısı ümumilikdə çox ciddi nöqsanlardır”.
Q.Məhərrəmli problemin həllini jurnalistin peşəkarlığı ilə dil bilgisinin vəhdətində görür: “Savadlı, peşəkar, xəbər yazmağı bacaran, yaxşı qələmi olan jurnalistlər yetişdirilməlidi. Təəssüf ki, orta və yaşlı nəslə mənsub bəzi istedadlı jurnalistlər maaşın azlığına görə qurumlardakı mətbuat xidmətlərinə, yaxud başqa daha çox məvacibi olan işlərə üz tuturlar. Onların yerini isə doldurmaq mümkün olmur. Səviyyə və peşəkarlıq fərqi dərhal gözə çarpır.
Yaxşı redaktorlara tələbat artmalıdır. Materiallar redaktorlar tərəfindən ciddi şəkildə oxunmalıdır. Redaktənin bütün tələblərinə əməl olunmalıdır. Material rəvan və aydın dildə, gözəl üslubda yazılmalıdır ki, oxucunu cəlb etsin. Yoxsa, həmin yazıya heç kim maraq göstərməyəcək. Nəticədə, həmin redaksiyanın, jurnalistin əməyi heç olacaq. Bütün məsələlərin başında dil bilgisi və jurnalist peşəkarlığı dayanır. Bu ikisinin birləşməsi mətbuatda Azərbaycan dilinin vəziyyətini yaxşılaşdıra bilər”.
Nadir YALÇIN



