ABŞ-da respublikaçıların prezidentliyə namizədi, sabiq dövlət başçısı Donald Trampa sui-qəsd zamanı mühafizəçilərin davranışının getdikcə daha qəribə detalları üzə çıxır. Məlum olub ki, uğursuz qatil daha əvvəl snayperlərin diqqətini çəkib. Onlar atıcının damın üstünə çıxdığı eyni binada olublar.
525.az xəbər verir ki, bu barədə “CBS News” kanalı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb. Vurğulanıb ki, snayperlər komandanı onun haqqında dəfələrlə xəbərdar edib, hətta şübhəli adamın şəklini çəkiblər. Lakin onlara hər hansı şəkildə reaksiya vermək əmri verilməyib, yeganə polis atıcını saxlamağa çalışıb, nəticədə damdan yıxılıb.
Mitinqdə təhlükəsizlik digər qüvvələrlə yanaşı, üç snayperdən ibarət taktiki komanda tərəfindən təmin edilib. Onlar səhnədən təxminən 110 metr aralıda, damından Trampın vurulduğu sənaye binasının içərisində olublar.
Snayperlər mitinqə pəncərədən baxmalı və izdihamı müşahidə etməli idilər. Onlardan biri 20 yaşlı Tomas Metyu Kruksu hələ küçədə ikən və binanı kənardan yoxlayarkən görüb. Sonra oğlan gözdən itib və daha sonra binanın içərisində tapılıb.
Snayper şübhəli şəxsi barədə komanda məntəqəsinə xəbər verib, həmçinin Kruksun şəklini oraya ötürməyə çalışıb. Mitinq zamanı komanda məntəqəsi Trampı birbaşa qoruyan ABŞ Məxfi Xidməti ilə yerli təhlükəsizlik qüvvələrini əlaqələndirib.
"Komandir postunun bu bildirişi alıb-almadığı bəlli deyil", - kanal qeyd edib.
O da vurğulanıb ki, köməyə gələn polis zabitinə qatil silah tuşlayıb, o, geri çəkilərək damdan yıxılıb. Bir neçə dəqiqə sonra kütləyə atəş açıb.
Pərvanə Sultanova