ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Nigerdəki 300-ə yaxın ABŞ əsgərinin sentyabrın 15-dək ölkədən çıxacağını açıqlayıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Nigerdəki ABŞ əsgərlərinin vəziyyətindən danışan Sinq, iyulun 7-dən etibarən paytaxt Niameydəki 101-ci hava bazasından tamamilə geri çəkildiklərini bildirib.
ABŞ-nin Nigerdə 300-ə yaxın əsgərinin olduğunu bildirən Sinq, qalan əsgərlərin 15 sentyabra qədər təhlükəsiz və nizamlı şəkildə ölkədən çəkiləcəyini bildirib.
Martın 17-də Niger ABŞ ilə 12 il əvvəl imzaladığı hərbi əməkdaşlıq müqaviləsini ləğv etdiyini açıqlayıb və ABŞ əsgərlərinin tezliklə ölkəni tərk etməsini tələb edib.
Qeyd edək ki, Nigerdə 1000-ə yaxın əsgəri və Aqadez şəhərində pilotsuz uçuş aparatı (PUA) bazası olan ABŞ-ın sentyabrın ortalarına qədər ölkəni tamamilə tərk edəcəyi açıqlanıb.
Malik Atilay