Yekaterinburq məhkəməsi amerikalı jurnalist Evan Qerşkoviçə casusluq ittihamı ilə ciddi rejimli koloniyada 16 il həbs cəzası verib. İttiham tərəfi 18 il istəmişdi.
525.az “Euronews”a istinadən xəbər verir ki, o, Rusiyanın ən böyük müdafiə müəssisələrindən biri olan “Uralvaqonzavod”da (ilk növbədə, zavod T-72/T-90 tankları ilə tanınır) Mərkəzi Kəşfiyyat İdarəsinin göstərişi ilə məxfi məlumat toplamaqda təqsirli bilinib.
Jurnalist Rusiyada “The Wall Street Journal”ın təmsilçsi idi. O, 2023-cü ilin martında həbs edilib, postsovet dövründə Rusiyada casusluq ittihamı ilə saxlanılan ilk xarici müxbir olub. Günahını qəti şəkildə inkar edir. Vaşinqton onun azadlığa buraxılması üçün danışıqlar aparıb və bunu Moskva da təsdiqləyib.
“The Wall Street Journal” hökmdən əvvəl bəyanat yayıb və məhkəmə prosesini rüsvayçı, saxta adlandırıb. ABŞ-ın Moskvadakı səfirliyi də jurnalistin qanunu pozmadığını bəyan edib.
ABŞ prezidenti Co Bayden həbsə reaksiya verib. O bildirib ki, Amerika vətəndaşı Evan Qerşkoviçin azadlığa buraxılması cəhdlərini dayandırmaq niyyətində deyil.
Pərvanə Sultanova