Beynəlxalq Ədalət Məhkəməsinin məsləhət rəyindən sonra Fələstinin xarici işlər naziri Riyad əl-Maliki bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, əl-Maliki məhkəmənin İsrail tərəfindən Fələstin ərazisinin qeyri-qanuni işğalına son qoymağa qərar verdiyini bildirib. Bu baxımdan, onun fikrincə, bütün dövlətlər və BMT İsraillə ikitərəfli münasibətlərinə dərhal yenidən baxmalıdırlar.
“Bu, onların siyasətlərinin İsrailin Fələstin xalqına qarşı davam edən təcavüzünə kömək etməyəcəyinə təminat vermək üçündür”, - XİN rəhbəri əlavə edib.
İyulun 19-da Beynəlxalq Ədalət Məhkəməsi İsrailin Fələstin ərazilərini işğala görə təzminat ödəməli olduğuna dair qərar çıxarıb. Bundan əlavə, məhkəmə İsrailin Fələstində qəsəbələr salmaq siyasətinin beynəlxalq hüququ pozduğu qənaətinə gəlib.
BMT nümayəndələri bəyan ediblər ki, İsrail ordusunu silahla təmin edən dövlətlər və şirkətlər soyqırımda şərik ola bilərlər və bu səbəbdən Təl-Əvivə silah satışını dayandırmalıdırlar.
Pərvanə Sultanova