Hindistanın cənubunda yerləşən Keral ştatında 14 yaşlı oğlan Nipah virusunun qurbanı olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ştatın səhiyyə naziri Vina Corc daha 60 insanın virusa yoluxma ehtimalının olduğunu bildirib. Virus daşıyıcılarının müəyyənləşdirilməsi və təcrid olunmaları üçün bir neçə komitə yaradılıb.
Keral ştatının bir çox yerlərində virusun yayılma təhlükəsi böyükdür. Ümumdünya Səhiyyə Təşkilatının Nipahı epidemiya yarada biləcək virus kimi qəbul etməsi təhlükənin böyüklüyündən xəbər verir.
Yeri gəlmişkən, Nipahın insanlara adətən meyvə ilə qidalanan uçan siçanlardan, donuz və digər heyvanlardan keçdiyi məlumdur. Virusa yoluxan insanda baş beyində şiş əmələ gəlir ki, bu da çox vaxt ölümlə nəticələnir.
Qeyd edək ki, Nipah virusu ilk dəfə 25 il əvvəl Malayziyada aşkar olunub. Daha sonra həkimlər müxtəlif vaxtlarda Banqladeş, Sinqapur və Hindistanda virusa yoluxma hallarını qeydə alıblar.
L.Tağıyeva