Elə insanlar var ki, sağlığında ölməzlik qazanır, işıqlı əməlləri ilə xalqının əzizinə çevrilirlər. Azərbaycan musiqisinin inkişafına verdiyi əvəzsiz töhfələrə görə adı xalqının dilinin əzbərinə çevrilən Üzeyir Hacıbəyli məhz belə xoşbəxt sənətkardır. Yüksək insani və yaradıcı keyfiyyətlərini sərgiləyən vətəndaşlığı və vətənpərvərliyi, əliaçıqlığı və xeyirxahlığı, eləcə də ziyalılığı və sənətkarlığı hələ sağlığında onun "Azərbaycan musiqisinin Peyğəmbəri" kimi qəbulunu şərtləndirmişdi. Öz övladı olmasa da, neçə-neçə azərbaycanlı istedada zamanında əsl atalıq qayğısı göstərməklə incəsənətimizin inkişafının gələcək davamçılarının yetişməsinə təmənnasız töhfələr verməsi onun çox böyük ürək sahibi olmasını təsdiqləyir.
Bunlardan xəbərdar olan insanlar cəmiyyətdə tutduğu vəzifədən və mövqedən asılı olmayaraq, bütün zamanlarda ona ehtiramlarını göstərmişlər. Onların arasında Azərbaycanın təsviri sənət ustaları xüsusi yer tutur, desək, yanılmarıq.
Öncədən deyək ki, Üzeyir Hacıbəyli yaradıcılığının rəssam, heykəltaraş və dekorativ-tətbiqi sənət ustaları üçün bu qədər cəlbedici olmasının kökündə heç şübhəsiz, əsərlərinin duyulası dərəcədə ilhamverici və koloritli olması durur. Bu mənada, əgər onun milli himnlərinin qürurverici notlarında, "Şəbi-hicran"dakı yanğıya bələnmiş aşiq harayında, "Sənsiz" və "Sevgili canan"dakı nisgildə rəssam təxəyyülünü qanadlandıran rəng və cizgi təzadlarında bədii düşüncə və hissiyyatın təntənəsi mövcuddursa, "Koroğlu"sunda isə vətənpərvərlik və yurd təəssübkeşliyi, ən nəhayət, "Məşədi İbad" və "Arşın mal alan"ın ironiyaya bələnən və bu gün aforizmə dönmüş deyimlərində yaradıcı təxəyyülü qanadlandıran mənəvi-etik və bədii-estetik dəyərlər kifayət qədərdir.
Əgər rəssamların Üzeyir bəyin həyat və yaradıcılığına müraciətini xronoloji ardıcıllıqla izləməli olsaq, onda bu marağın öncə onun portretlərinin çəkilməsində ifadə olunduğunu deməliyik. Belə ki, zamanında, daha dəqiq desək, 1943-cü ildə o vaxt Moskvadakı V.İ.Surikov adına Rəssamlıq İnstitutunun tələbəsi olan Mikayıl Abdullayev dahi bəstəkarın ilk portretini yaratmaq sifarişini alır. Məlumat üçün deyək ki, portret o vaxt yeni yaradılan C.Cabbarlı adına Azərbaycan Teatr Muzeyinin ekspozisiyasını bəzəmək üçün nəzərdə tutulmuşdu. Onu rəssama görkəmli dramaturq C.Cabbarlının həyat yoldaşı Sona xanım sifariş etmişdi. Sifarişin məsuliyyətini dərindən hiss edən gənc rəssam onu hazır fotolar əsasında yaratmaq əvəzinə, bilavasitə naturadan işləmək qərarına gəlir. Mikayıl Abdullayev istəyini Üzeyir bəyə bildirəndə o bu işə razılıq vermir. Sonralar məlum olur ki, buna onu vadar edən səbəb varmış. Belə ki, əvvəllər Moskvada rəssamlardan biri onun portretini çəkmək istəyib və bunun üçün bəstəkarın xeyli vaxtını alıb. Amma vaxt itkisinin qarşılığında nəticə yaxşı olmayıb və bu hadisə bəstəkarda rəssamlara qarşı bir inamsızlıq yaradıb. Bu baxımdan o, 22 yaşlı tələbənin yaxşı portret çəkəcəyinə də ümid bəsləməyib və etirazını bildirib. O vaxtlar Bakıda İncəsənət İşləri İdarəsinin rəisi işləyən Xalq artisti Adil İsgəndərovun təkidindən və xahişindən sonra Üzeyir bəy bu işə razılıq verir. Beləcə, bəstəkarın naturadan çəkilmiş ilk portreti yaradılır. Portret Üzeyir bəyin o qədər xoşuna gəlir ki, bu əsəri özündə saxlamağa qərar verir. Rəssam bundan sonra daha iki portret işləməyə məcbur olur. İndi onlardan biri hazırda Bakı, digəri isə Moskva muzeyində nümayiş olunur.
Bu yerdə deyək ki, sağlığında dahi musiqiçi ilə ünsiyyətdə olan rəssamlardan biri də Xalq rəssamı, Dövlət mükafatı laureatı Kazım Kazımzadə (1913-1992) olmuşdu.
Xalq rəssamı Kazım Kazımzadə
Rəssamın böyük bəstəkarla 1940-cı illərdə baş tutan bir neçə görüşü nəticələrinə görə bu gün bədii-tarixi əhəmiyyət daşıyır. Onların ilk görüşü 1943-cü ilin gərginliyi duyulan günlərdə baş tutmuşdu. Yazıçı Sabit Rəhmanın ona çatdırdığı xəbər o vaxtlar Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru vəzifəsində çalışan gənc rəssam üçün gözlənilməz olur: "Bilirsənmi ki, bu gün axşam saat 8-də Üzeyir bəylə onun evində görüşməlisən? Onunla not yazacaqsınız. Özünlə tuş, qələm və başqa ləvazimatlar apar". Kazım müəllim sonralar bu əhvalatı xatırlayarkən əvvəlcə Sabit Rəhmanın dediklərinə inanmadığını söyləyərdi. Belə ki, S.Rəhman dost-tanışları arasında baməzəliyi, zarafata meyilli olması ilə tanınırdı. "Mən də bu xəbəri onun növbəti zarafatlarından hesab etdim. Amma o, dediklərinin zarafat olmadığını təkrar-təkrar söyləyəndən sonra onunla razılaşdım. Beləcə, axşam bəstəkarla "Monolit"dəki mənzilində görüşdük. Məni çox mehribanlıqla qarşıladı. Həyat yoldaşı Məleykə xanımın gətirdiyi çayı içəndən sonra Üzeyir bəy nə iş görəcəyimi mənə anlatdı. Əlavə etdi ki, səni mənə çox istedadlı qrafika ustası kimi tanıdıblar. Görəcəyimiz iş dövlət əhəmiyyətli olduğundan notun üzərindəki yazı gözəl xətlə yazılmalıdır. Məlum oldu ki, mən Azərbaycan Respublikasının Dövlət Himninin notu üzərində onun mətnini yazmalıyam. Bundan sonra o, üzəri yazılı bir neçə hazır not göstərməklə, görəcəyim işin mahiyyətini əyani olaraq mənə anlatdı. Beləcə, axşamdan ta dan yeri ağarana kimi not üzərində iş apardıq. Bu prosesdə yadımda qalanlardan biri həmin gecə onun bir neçə dəfə Himnin müəllifi Səməd Vurğuna zəng etməsi oldu. O, əsərin nəqarətində musiqi ilə sözün üst-üstə düşmədiyini bildirməklə, şairdən sözü yenisi ilə əvəzləməyi xahiş etdi. Lakin Səməd Vurğun dediyindən dönmədi. Səhərisi gün mən notu çap üçün redaksiyaya aparanda qəzetin redaktoru Əli Vəliyev də məsələdən agah oldu. Şairin inadkarlığını eşidən qəzet redaktoru Səməd Vurğuna zəng etdi, amma o yenə də öz fikrində qaldı. Şairin "yox" cavabından sonra redaktor üzünü mənə tutub: "Üzeyir bəy necə deyibsə, eləcə də yaz!" - dedi. Səhərisi gün Himnin notu artıq qəzetdə çap olunmuşdu, özü də bəstəkarın istədiyi kimi... Bundan sonra Sabit Rəhmana zəng vurdum. O, mənə təşəkkürünü bildirdi və dedi: "Hamısını bilirəm, Əli Vəliyev mənə danışdı. - Bərkdən gülüb əlavə etdi. - Böyük adamlarla işləmək çətindir!"
Lakin bu, onların sonuncu görüşü olmadı. Həm muzey direktoru, həm də rəssam olaraq həmkarı Mikayıl Abdullayevin bəstəkara həsr etdiyi əsərlərdən xəbərdar olan Kazım Kazımzadə 1945-ci ildə Üzeyir bəyin portretini çəkməyi qərara alır. Bunun üçün ondan əvvəlcə razılıq, sonra isə işləmək üçün vaxt istəyir. Beləcə, bu yaradıcı təmasdan sonra Üzeyir Hacıbəyovun qrafik portreti yaranır.
Hazırda Ü.Hacıbəylinin Bakıdakı ev-muzeyində qorunan bu əsər kağız üzərində qara karandaşla işlənib. Onun ümumi kompozisiyasını görkəmli musiqiçinin iri planda təqdim olunmuş portreti təşkil edir. Bəstəkarın tamaşaçıya zillənmiş düşüncəli baxışlarında yaşayıb-yaratmaq eşqi duyulmaqdadır. Obraz üçün neytral fon-yerlik seçən müəllif, bununla da üz əzalarının cəlbediciliyinə nail olub. Portretdə ikonoqrafik dəqiqliyi əldə edən rəssam, cizgi zərifliyi ilə bəstəkarı səciyyələndirən mənəvi-psixoloji xüsusiyyətləri gözoxşayan bədii tutumda ifadə edə bilib. Qənaətimizcə, 79 il əvvəl ərsəyə gətirilmiş bu portretdə Üzeyir bəyin nurlu çöhrəsi yaddaqalan tərzdə bədiiləşdirilib.
Kazım Kazımzadə vaxtaşırı dahi bəstəkarla növbəti - üçüncü görüşünü xatırlamağı xoşlayardı. Belə ki, bu qəfil görüşdən çoxlarının xəbəri yox idi. Onların yeni təması isə bəstəkarın dünyasını dəyişdiyi gün baş verib. Azərbaycan xalqı üçün çox kədərli hesab olunan 1948-ci ilin həmin soyuq noyabr gününü rəssam də hamı kimi ürək ağrısı ilə qarşılayıb. Az sonra hökumətdən gələn təklif isə ondan görüləcək işə psixoloji cəhətdən hazır olmağı tələb edirdi. Təklif ağır olduğu qədər də, yaradıcılıq baxımından maraqlı idi. Belə ki, o, bəstəkarın ölüm yatağında portretini çəkməli idi.
Çünki Üzeyir Hacıbəylinin obrazının olduğu kimi gələcək nəsillərə çatdırılması önəmli vəzifə hesab olunurdu. Dövlət rəsmilərinin qərarı ilə heykəltaraş Fuad Əbdürrəhmanov bəstəkarın ölümdən sonra maskasını hazırlamalı, iki rəssam - Kazım Kazımzadə və Salam Salamzadə isə onun tabutda təsvir olunmuş portretini çəkməli idilər. Bu məqsədlə hər üç yaradıcını bəstəkarın nəşinin qoyulduğu Azərbaycan Respublikası Elmlər Akademiyası Rəyasət Heyətinin binasına aparırlar. Az sonra burada heykəltaraş və rəssamlar məsuliyyətli yaradıcı vəzifənin icrasına başlayırlar. Bu prosesdə heykəltaraş bir qədər gözləməli olur. Belə ki, maskanın çıxarılması ilk növbədə mərhumun sifətinin müəyyən məhlul qatı ilə örtülməsini özündə ehtiva edirdi. Ona görə də rəssamlar bir qədər cəld işləməli idilər. Qısa müddətdə hər iki rəssam bəstəkarın qrafik portretini yaratmağa nail olurlar.
Kazım müəllim danışırdı ki, iş prosesində tez-tez qəhər məni boğduğundan qısa fasilə verməli olurdum. Qənaətimizcə, psixoloji gərginliyin duyulduğu bir vəziyyətdə bu, belə də olmalı idi. Doğrudan da, rəssam üçün yaxından tanıdığı, ünsiyyətdə olduğu böyük şəxsiyyəti ölüm yatağında görmək çox ağır idi. Bununla belə, o, bütün Azərbaycan xalqının qürur duyduğu Üzeyir bəyin duyğulandırıcı-yaddaqalan obrazını yaratmağa nail oldu. Qara karandaşla işlənmiş qrafik əsərdə bəstəkarın güllərlə əhatənmiş portreti çox inandırıcı tutumda görüntüyə gətirilib. Bu mənada zamansızlığa qovuşmuş həmin portretin həm bədii, həm də tarixi əhəmiyyət daşıdığını deməliyik. Kazım müəllimin özü də bu portreti yaradıcılığınım mühüm mərhələsi kimi dəyərləndirirdi.