Ukraynada başlamış qanlı münaqişə və dağıdıcı müharibə ilə əlaqədar təhsillərini doğma vətəndə davam etdirmək istəyən bu qızların - Fatmaxanım və Hilalə Dadaşovaların yad ölkədə taleyin ümidində qalmaları dövlətimiz tərəfindən yüksək həssaslıqla qarşılandı.Və hazırda bu qızlar dünyaca şöhrətli Bakı Dövlət Universitetinin tələbələridir.
Deyirlər həyatda bir məqam var. Həlledici bir məqam. Varlığın mənasını dərk etdiyimiz məqam. O məqamı əbədi eləyən isə İnsandır, kamil İnsan, adı böyük hərflərlə yazılmağa layiq İnsan və onun xeyirxah əməli.
Kamilliyin ölçüsü nə? Vahidi nə?
O vahid ki, pulla, para ilə, varla , dövlətlə deyil, daha ali ölçü ilə, xeyirxahlıqla, imanla qoyub getdiyiniz nurla, sevinclə ölçülə bilər. Bir yetimi sevindirən kəsin, bu əməldən qazandığı təqva, ləl cəvahirat sahibinin varından qat-qat artıqdır.
Kimdir görən Kamil İnsan?
Kamil İnsan kamilliyi arayandır, anlayandır, pillə-pillə yüksələndir, dərdə -sərə yarayandır.
O gün danışa bilmədim, ilk dəfə idi ki, nitqim tutuldu. Söz ehtiyatım çox idi, ürəyim dolu idi, amma söz tapmadım.
Körpə uşaqdan soruşurlar ki, kimi çox istəyirsən?- kiminsə adını çəkir və nə boyda istəyirsən? - deyir Dünya boyda. Bizə bəxş olunan Dünya boyda bu sevincin qarşısında, nitqim tutulmuşdu.
Mən Sizin qəbulunuza mətbuat işçisi kimi yox, bir valideyn kimi gəlmişdim. 2 saatlıq müşahidələrimdən əmin oldum ki, düz ünvana gəlmişəm.Yadımızdan çıxmayan bir hadisə oldu.Şamaxıdan qəbulunuza gələn vətəndaşın bu axşam rayona gedib, səhər Bakıya qayıdacağını biləndə narahat olduz və bu məsələnin tez həll olunmasına qərar verdiniz. Həmin gün incə məqamlar çox oldu...
Sağlığında qiymət verin insanlara, sağlığında yaxşı deyin yaxşılara.
Ailəmizin adından Dövlətimizin rəhbəri İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Ramiz Mehdiyevə, Fatma Abdullazadəyə, Mikayıl Cabbarova və Abel müəllim, Sizə dərin minnətdarlığımızı bildiririk.
Gün o gün olsun ki, torpaqlarımız azad olsun və biz bir-birimizi təbrik edək, niyyətin saflığı ilə, əməllərin nuru ilə.
Bu da əsas deyil, əsas Tanrıdır. O da hər şeyi görür.
Rəfiqə Əsgərova