|
|
|
|
Elə insanlar var ki, onların adı çəkiləndə adamın üzünə olanların xoş təbəssümü qonur, etdikləri bir-bir xatırlanır. "Nə yaxşı ki olub, var", - deyə sevinirsən.
Yazıçı Mustafa Çəmənlinin adı gələndə yada öncə Azərbaycanın tanınmış simaları, incəsənət xadimləri haqqında kitablar düşür. Beyində köhnə vallar fırlanır, söz, səs səni öz aləminə aparır.
Bir də "Xallı gürzə" tarixi romanı. O illərdə hamının əl-əl gəzdiyi "Xallı gürzə". Pənahəli xandan bəhs edən gözəl əsər. Eləcə də I Şah Təhmasibdən və onun oğlu II Şah İsmayıldan bəhs edən "Ölüm mələyi" tarixi romanı, "Ruhların üsyanı", "Üçyaşlı əsir" povestləri, Azərbaycanın milli qəhrəmanları Asif Məhərrəmov haqqında "Fred Asif" sənədli-romanı, Mübariz İbrahimovdan bəhs edən "Mübariz" povesti, 35 illik zəhmətin bəhrəsi olan "Sənəd hekayələri" kitabı!
Ömrünü həm Azərbaycan mədəniyyət xadimlərinə - X.B.Natəvan, Ə.Haqverdiyev, Ə.Ağdamski, X.Şuşinski, S.Şuşinski, Ş.Ələkbərova, Ə.Əliyev, Y.Məmmədov, S.Məmmədov və daha neçə-neçə sənət adamları haqqında kitablara, "Leyli və Məcnun" - 100 il səhnədə" adlı sənədli bədii ensiklopediyanın ərsəyə gəlməsinə həsr edən Mustafa Çəmənli bütün bu işləri sevə-sevə və təmannasız, ürəyinin istəyi ilə, "sonra gec olar, nə qədər ki, şahidlər yaşayır, onların fikir və xatirələrini yazım, tariximizi zənginləşdirim", deyərək arxivləri araşdırıb onlar haqqında əsərlər yazmaqla bərabər, radio və televiziyada silsilə verilişlər də hazırlayıb.
Ömrünü yazdığı kitablara və nəşriyyat işinə həsr edən, "Yazıçı" nəşriyyatında redaktor, şöbə müdiri, "Gənclik" nəşriyyatında baş redaktor vəzifələrində çalışan Mustafa Çəmənli yaşının bu çağında da öz bədii, publisistik yazıları, kitabları ilə tariximizi yaşatmaqla yanaşı, dünyasını dəyişmiş şair və ədiblərimiz haqqında albom-kitablar tərtib edib, çap etdirərək oxucuların ixtiyarına vermişdir. Yüksək peşəkarlıqla, zövqlə çap edilmiş bu albom-kitabların hər biri öz tərtibçilik prinsipinə, mövzu əhatəsinə, təqdimetmə üslubuna görə kitabçılıq tariximizi zənginləşdirən örnəklərdir. Mustafa müəllim unudulmaz sənətkarlarımızı ölkə və dünya oxucusuna tanıdır. Yaddaşımızı zənginləşdirir.
O kitabları oxuduqca, elə bil həmin səsdə muğam dinləyirsən. Sözün, səsin sehrinə düşürsən. Ruhun dincəlir. Azərbaycan xalqının nələr yaratdığını bir daha yaxından tanıyırsan.
Mustafa müəllim müdrikliyinə cavanlıq eşqi qataraq eyni eşqlə yenə də yorulmadan yazıb-yaradır.
İşğal olunmuş Ağdama, cümlə Qarabağa doğulduğu Çəmənli kəndindən baxanda Mustafa Çəmənli doğma yurdlarından didərgin düşənlər qədər ağrıdı, həsrət sinəsini göynətdi. O, göynərtinin, Birinci Qarabağ müharibəsində döyüş bölgələrindəki gördüklərinin, yaşadıqlarının, itkilərin, ağrıların üstünə Qələbə bayrağı sərmək istəyirdi. Bilirdi ki, o göynərtini ancaq o, soyuda bilərdi.
Mustafa Çəmənli üçün Vətən torpağı, insanı, onun səsi, sözü və zirvələrdə qürurla dalğalanan bayrağı ilə gözəldi.
Bayraq möhrü ilə torpağı vətən edir!
Bayraq həm də qürurdu!
Bayraqla birlikdə vətəndaşın sevinən ruhu da dalğalanır!
Mən, Mustafa müəllimin 2022-ci ildə Xurşidbanu Natəvanın Şuşada keçirilən 190 illik yubileyində Şuşada dalğalanan bayrağımıza necə baxdığını, üzündəki sevincin necə parladığını gördüm. Bu sevinclə qürurun çulğalaşma anı idi. Mustafa müəllim həmin anda xeyli cavanlaşmışdı. Ruhu 30 illik ağrını canından qovub çıxarmışdı. Bu fəxarətin başdan-başa söz yazısıydı.
Bu idi Vətən, Torpaq, Qələbə və Bayraq sevgisi. Mənə elə gəlir ki, onun içində olan bayraq sevgisi həmin an qığılcımdan alova dönmüşdü. Bunun sonda kitaba çevriləcəyinin qəti qərar anı idi.
Bayraq dalğalandıqca, özünü orda hiss edirdi. Ruhu dincəlirdi. Bu, onun içdən gələn sevgi təntənəsindən, həmişəki kimi vətəndaşlıq borcundan irəli gəlirdi. Yəqin ki, Mustafa Çəmənli bayraq haqqında hər cümləni yazanda özünü bayrağın yanında hiss edir, təmizlənən ruhu bayraqla birlikdə dalğalanır.
Mustafa Çəmənli tərtib etdiyi "Bir daha yüksələn Bayraq" kitabını Qarabağın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizə, qazilərimizə, döyüşçülərimizə ithaf edib. Bu bizə qələbə sevinci yaşadan, bizi məğlub vətəndaş adından xilas edən, köksündə gəzdirdiyi bayrağı döyüşüb aldığı torpaqların ən uca zirvəsinə qaldıranlara verilən dəyərdi. Dəyərlilərimizə verilən qiymətdir.
Bu kitab-albom tarixi Azərbaycanın, onun xanlıqlarının, Cümhuriyyət dövrünün və bu gününün dövlət və onun bayraqları haqqında ensiklopedik məlumatlarla zəngindir. Kitabın hazırlanmasında əsas məqsəd, həm də bayrağın hər zaman bir dəyər olduğunu oxucuların diqqətinə çatdırmaqdır.
Nəfis şəkildə hazırlanmış bu kitab 44 günlük Vətən müharibəsində bayrağımıza, Ali Baş Komandana, ordumuza, qəhrəman şəhidlərimizə, xalqın sonsuz sevgi və hörmətini çatdırmaqla bərabər, həm də gənclərdə vətənpərləlik ruhunu yüksəltməkdir. İdeyalara söykənən kitab adamda xoş əhval və qürur yaradır.
Kitabda müəllifin klassik şairlərdən müasirlərədək əldə edə bildiyi Qarabağa və bayrağımıza həsr olunmuş şeirləri və onlara uyğun şəkillər, şəhid və qazi şairlərin şeirləri yer alıb.
Bu çox vacib və dəyərli kitaba görə kitabı tərtib edən, redaktoru və ön sözün müəllifi, məqamı, zamanı tarixləşdirən Əməkdar mədəniyyət işçisi, araşdırmaçı, yazıçı Mustafa Çəmənliyə böyük minnətdarlıq düşür. Müəllif bu kitabla ruhumuzu bayrağa bükdü, bizi qürurlandırdı.