
Hər gün keçdiyim yollarda, ayağımın altında qalıb əzilən sarı yarpaqlar bu gün nədənsə məndən elə öz rənglərində kövrək, həssas, pıçıltılı yazı tələb edir. Uzun zamandan sonra yenidən yazmaq üçün ürəyim sinəmdə elə çırpınır ki... Düşünürəm, Tanrım, niyə bu qədər ağrını mənim çiyinlərimə yüklədin ki... Bakıdan, doğma şəhərimdən uzaqda, heç kəs üçün darıxmıram indi. Sakit, rahat həyatım var. Hərdən mənə elə gəlir ki, yazıçılar üçün roman olacaq qədər maraqlı həyat yaşamışam. Soyuq üz cizgilərim ətrafımdakı insanlarda bəzən mənə qarşı ikrah və laqeydlik hissi yaratsa da bu məni narahat etmir...
Qaldığım şəhərdə payız o qədər gözəl ki... Hər səhər yolların səkilərində xəzəli salamlamaq, təmiz dağ havasını ciyərlərinə çəkmək, yaşı yüzü ötmüş palıd, şabalıd ağaclarını qucaqlamaq... Payız, xoş gəlmisən! Bir az gecələr üşüyürəm, Bakı! Nə gizlədim, çılçıraqlı gecələrinçün də darıxıram. Neynim ki, ürəyim sınıb səndən, insanlarından... burada insanlar çox xoşbəxtdir. Xırda səbəblərlə xoşbəxt yaşamağı öyrənmiş, aza qane olmuş insanların şəhərindəyəm. Gecələri bu şəhərin qəribə bir sakitliyi, hüznü var... Doğrudur, Bakı, burada gecələr küçələr qadınları heç sevməz. Əyalət şəhəri...
Bakı, gözlərimdə səndən mənə nə qədər xatirə qaldı. Nə qədər kədərli izlərin var. Yorulmuşam, hər gün eyni rolu oynamaqdan. Gülümsəməkdən, hər kəsi razı salmaqdan, xoşbəxt görünməkdən. Utanıram, ürəyini qırdığım insanlarçün... Hər gecə ürəyimdəki uçurumlardan fəryadlar ucalır. Qulaqlarım ağrıyır, bu səssiz, sənsiz fəryadlardan!
Bu gənc ömrümə qocalığın libasını nə tez geyindirdin,Tanrım! Gözlərim ağrıyır, hər gün üzümə dikilən əlacsız baxışlardan! Götür apar kədərini gözlərimdən!.. Körpələrin qayğısız baxışlarından mənə bir az sevinc ver. Mənə bir az ümid ver, xoşbəxtliyi pıçıldasın... mənə dost ver, bir az da məni anlasın. Mənə sevgili ver, hər fürsətdə ürəyimə yaralar vurmayan, yaşamağa inandıran... Mənə sevgini ver!
Ən çox özüm üçün darıxıram burda... Şəki təbiətin ən gözəl fırçasıyla çəkilmiş bir şəhər tablosudur. Yaşıl, hüzur gətirən səssiz şəhər.
Bakı, bağışla məni, günahlar şəhərisən bir az!.. Hamı sənə can atır, amma xoşbəxt deyillər. İnsanlarının gözləri quyu kimi boşdur. Səndə yıxılmışam, Bakı. Ürəyim səndən sıyrılıb!



